Üzeyir Hacıbəyli

Təəssürat (IV)

Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi...

Əvvəla, ingilislərin qeydkeşliyi hürriyyətimizin bədxahları tərəfindən, parlamanımız açılması münasibətilə məbadə bir şuluqluq biruzə verməsin və versə də filfövr qabağı alınsın deyə, parlaman imarəti yanındakı Hacının qız məktəbidir - ingilislərin iki ədəd zirehli avtomobili dayanıb, içindən görünən topların ağzını açıb gəlib-gedənə guya:

“Dinc dur!”- diyordi.

Zatən o səmtdən gəlib-gedən heç yox idi, çünki Azərbaycan polisi imarətin “bir ağaclığından”, qoy mübaliğə olsun, adamları keçməgə qoymayıb, ancaq məbuslara və parlamana girmək həqqı vəsiqəsinə malik olanlara izn verirdi.

Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey qiymətli xalılar degil idi bəlkə fiatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üç rəngli milli bayrağlarımız idi.

Məhəmməd Əmin nitqi-iftitahisində bu üç rəngin: Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz!” dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayrağları salamlarkən təəssürati-lövqəladətdən başımın tükləri biz-biz durdu. Nədənsə bu fəqərə dəxi yadıma düşdü ki, görəsən küçədə zirehli avtomobillər olmayıb heç bir nəfər də polis və ya qoşun əhli görünməsə idi, bugünkü günün şərəfinə toxunmaq kimi ədəbsizliyə bir kəsdə cürət ola bilərdimi!

Bəncə yox, çünki bu müqəddəs məclisin imarətin dəlikdeşiklərindən boylə dışarıya tərəf nəban etdigi əzəməti-mənəviyyəsindən o dərəcə mütəəssir olardı ki, əli-qolu boşalıb dili də bağlanardı...

Məclisin açılmaq saətı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az deyildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministirlər müavinləriylə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmiyub, sağ və sol iki loju doldurdular.

Bunların hamısı başı açıqdılar. Bir nəfərdən səvayi, görünür ki, soyuğdan qorxurmuş, həqiqət, çox soyuğdur.

Hamı amadə olub intizarda ikən milli şura rəisi Məhəmməd Əmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirinin intizarı donub diqqətə münqəlib oldu.

Məhəmməd Əmin qəlbən nikbin və nikbinlikində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı.

Padşahlı məmləkətlərdə məclisi-məbusanı padşah açar, əmma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı.

Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “arator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi.

Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndigini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi. Qol atmaqdan bu yaxşıdır. Bunda ixlasi-qəlb və səmimiyyətlə bərabər, sərd edilən kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verirdi. O idi ki, hər bir cümlə axırında alqışlar yağırdı.

Natiqin nitqini bugünkü nömrəmizdə oxuyarsınız. Mənim məqsədim gördüklərimi, təəssüratımı söyləməkdir.

Növbət ministrlər rəisi Fətəli xan Xoyskiyə yetişdi.

Xudavəndi-aləm hər yerdə istibdad varsa evini yıxsın necə ki, rus istibdadının evini yıxdı. Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri düşəndə danışarkən fikrimizi söyləməgə, söz axtarmağa möhtaç qalmayaq!

Bavücud-in Fətəli xan çox da duruxa-duruxa danışmırdı, dilinə hətta rəvan demək də caizdir. Anasından ögrənmiş dilinə bir qədər də türk qəzetələri mütaliəsindən və bir də Osmanlı türk qardaşlarımız ilə bir müddət təmasda bulunub deyub-danışmağ məçburiyyətindən hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki, onunla ifadeyi-məram edirdi.

Fətəli xan, zatən nitq sögləmirdi. O, məbuslar əfəndilərlə dərdləşmək istyordı, dərdini söyləgib şikayət edirdi.

Xaricdə qarışıqlıq və daxildə pərişanlıq ola-ola, xəzinədə bir köpük pul və meydanda bir nəfər əsgər olmaya-olmaya, bizi hökumət seçib dedilər ki, gərək bu işləri düzəldəsiniz. Biz də necə ki, görürsünüz mümkün qədər düzəltdik. Pul da var, yol da var və sairə. Məclis rəisül-vüzəranın sözlərinə diqqət və sükut ilə qulaq verirdi, ancaq sağ tərəfdə kim idisə xısın-xısın pıçıldanıb rəisin hər sözünə bir kinayə buraxırdı.

Zənnimcə, Fətəli xanın şikayəti parlaman əksəriyyətinin qəbuluna məzhər olmayacaq degil.

“Deklarasiya”nın müzakirəsi sonraya qaldı. Doğrudur, “Fətəli xan kabinəsinin əvəzində özgə bir kabinə olsa idi işləri daha gözəl aparardı”, degənlər olacaqdır. Ancaq bəlkə “özgə kabinə heç bu işləri də görə bilməyəcək idi”, degənlər də az olmayacaqdır.

Fətəli xanı “tənqid etmək asandır, əmma işi görmək çətindir” sözlərinə çox adamlar şərikdir.

Sağda oturan “İttihad” fraksiyası özlərindən sol olan fraksiyaları bir məsələdə qabaqladı, hətta bir dərəcəyə qədər “məhcub” boylə etdi ki, “utandırdı” sözündən bir az yüngüldür. “İttihad” parlaman açılmaq bayramı münasibətilə siyasi dustaqların əfviümumisi təklifini etdi. Fraksya namından bu təklifi irad edən “İttihad” əzası “özgələrə” səbqət etmək arzusunun cuşindən karıxıb “siyasi” sözünü unutmaqla bir çoxlarını qorxutdu, kənardan tez “siyasi” sözünün əlavəsi mətləbi aşkar etməklə təskinə səbəb oldu.

Cavan parlamanımızın birinci iclasından hasil olan təəssürat gələcək əndişələrimizin zayil edilməyəcəginə ümidlər verib, indiki ovzamızın da bir dərəcəyə qədər hiss etdirməz ağırlığı müqabilində qəlbimizdə təsliyyətamiz bir hiss oyadar.

Allah kömək etsin.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 31-33.