Ordan-burdan
Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz.
Qaradavoy deyəndə - bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət - hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Dava- şava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir "pis" iş-filan əmələ gəlməsin.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 195.
