Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun! [14 yanvar 1920-ci il]

Sənə fövri birisindən məktub göndərdim və orada hər nə təfsilat varsa yazmışam. İndi Yusifin getdiyindən istifadə edib, bu məktubu dəfi yazıram. Ona nənəm deyibdir ki, Ceyhungil həmişə bu duanı oxusunlar "La hövla və la qövlə Allahu billah əliyül əzm" və saniyən, deyir ki, inşallah, qayıdan səfər mənə bir çəkmə və bir paltoluq alsın.

Əlavə burada bir məsələ var ki, Yevropada səfarətlər təyin edilsin. Bu xüsusda mən Nəsib bəy ilə görüşmək istiyorəm ki, görüm sənin barədə fikirləri nədir. Hərgah bir boylə plan olsa ki, sən Parisdə səfarət işlərinə məşğul olasan, o halda sən buraya qayıtmalı olmasan mən səy edəcəyəm ki, özüm də oraya gəlim, yox əgər sən gəlməli olsan, onda burada danışarıq.

Və bir də neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin fransızca "Renesans" qəzetəsi iddia edir ki, "Arşın mal alan"ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eyləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq bütün Yevropada, həmən Amerikaya boylə intişarına səy etsin. Hər gah mən Parisdə olsaydım notlarımı tezlik ilə və yəqin ki, ucüz olaraq çap elətdirərdim. Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından dəha betərdir.

Qərəz ya sizin buraya və bizim oraya getmək məsələmiz həll edilmiş olsa idi, onda mən məxsusi öz musiqi işlərimə məşğul olub bu xüsusda da Avropa əfkari-ümumiyyəsinin diqqətini cəlb edərdik. Keçən səfər "O olmasın, bu olsun" oynuna ingilis böyüklərindən biri gəlib Nəsib bəyin lojasında oturmuşdu, hər nə görürdü hamısını dəftərinə qeyd edirdi. Əsərin müəllifi kim olduğunu da bilib, dəftərinə yazıbdır. Qərəz mənim əsərlərim avropalıların marağına səbəb olur. Ona görə bu yolda müntəzəm işləmək lazım idi. İnşallah sənlə görüşəndən sonra bu işin xüsusunda çalışarıq. Bizim hamımız da Zuriyaya çox-çox salam-dua deyib, Ceyçikin üzündən öpərsən. 

Bir ay əvvəl Nəsib bəy məni tiyatırda görüb dedi ki, bizim Paris məruzələrimiz artır, dedim nə tövr artır, bəlkə balalayor, dedi, bəli, balalıyor. Onda bildim ki, Zuryanın həqqində söyləyir. Hamının arzusu budur ki, Zurya sağ və salamət xilas olub Ceyçikə bir yoldaş olsun, inşallah. Baqi. Səlamət olasınız. Özünüzü hər nihan diqqətdən gözlədin.

Bəradərin Üzeyir. 14 yanvar, 1920-ci il

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 323-324.