Üzeyir Hacıbəyli

"Tərcüman" qəzeti və barama qurdu

Bütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum dənələri şəklində olur, sonra bu dənələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olurlar kəpənək. Qurd kəpənəyə oxşamır, kəpənək də qurda.

İndi qəzetlər babası olan "Tərcüman" qəzeti dəxi nə təhər olubdursa, barama qurdu kimi oyun çıxartmaq istəyir. "Tərcüman" qəzetinin əvvəl bir yarısı rusca və bir yarısı da müsəlmanca çıxırdı. Amma sonra müsəlman qəzetləri artan zaman "Tərcüman" birdən-birə rus dərisini çıxarıb, müsəlman şəklində qaldı. Amma yenə bu axır vaxtlar bəzi vaxt rus kürkünü yadından çıxartmayıb, hərdənbir bir qolunu geyir. Bu "Tərcüman"ın zahiri üzü! Amma dərd burasıdır ki, "Tərcüman"ın batini üzü də zahirəsinə cavab verir. Mənim yadımdadır ki, lap əvvəl "Tərcüman" biz müsəlmanları ruslara bitişdirmək istəyirdi... Hə, uzun məsələdir. Sonra müsəlman qəzetləri çıxan zaman daha bitişdirmək istəmədi. Vallah indi də heç anlamaq olmur ki, "Tərcüman" babamız bizi kimə bitişdirmək istəyir. Doğrudur, çox deyir ki, ay türk belə gəldi, belə getdi, müsəlman belə oldu, amma... belə çox məzəlidir ey! Qanmaq olmur ki, axı görək bu səfər bizi kimə bitişdirmək istəyir! Hə... qərəz, biz burasını bilirik ki, barama qurdunun sifətdən-sifətə düşməyi Allah-təalanın böyük bir hikmətidir ki, onu anlamaq çox çətindir.

Bəs görəsən "Tərcüman"ın bu sifətdən-sifətə düşməyi kimin hikmətidir ki, onu da başa düşmək belə çətindir, hə?!

Hacıbəyli, Üzeyir. Azərbaycan mətbuat tarixi antologiyası.- Bakı, 2010.- I cild.- S. 354.