Ordan-burdan: ["İran xəzinəsində pul yoxdur" - qəzetələrdən]
Əmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə:
- Bəli, gedək pul dilənək!.. Qəribə işdir bu, vallah, İranın rəiyyəti də dilənsin, vəziri də!.. Amma... zərər yoxdur, mənə də "Süpəhsalari- külli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəng" deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində söylənir!
Özünə bu cürə təsəlli verib, Əmir Bahadır bir qapını döydü. Səs gəldi ki, kimsən? Cavab verdi ki, "Süpəhsalari-külli-qoşuni İran, vəziri hərb Əmiri Bahadırı Cəngəm!".
Qapı açılıb daxil oldu...
- Barı, heç olmasa, yarımca milyon versəniz, bizim işimizi düzəldərsiniz. Haman pul ilə biz İranı sakit edərik və siz də gəlib əvvəlki kimi İranda alış-veriş edib, onqat mənfəət qazanarsınız.
- Bəs girov nə qoymaq istəyirsiniz?
- Girov?.. Nə girov?..
- Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü.
- Çox gözəl!.. Papağımı girov qoyaram!
- Xan, sizin papağınızın qiyməti, ha özünü öldürə, 15 manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istəyirsiniz!
- Xeyr!.. Siz məni başa düşmədiniz. Papaqdan məqsud mənim bu başımdakı papaq deyil, bəlkə mən "Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri-Bahadırı Cəngin" namusudur. Yəni əgər sizin pulunuz geri verilməsə, onda mən gərək binamus olam və bu papaq ki, bu saat başımdadır, çıxardam və başı açıq gəzəm. Hərçəndi sizdə başı açıq gəzmək ayıb deyil, amma böyük binamusluqdur.
- Yox xan, biz o sövdaya girişə bilmərik!
- Yaxşı, "Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri bahadırı Cəng" sizdən pul istəyir, siz də vermirsiniz?
- Yox, verə bilmərik.
- Yaxşı İran padşahı ki, ona Zillillah və Şahənşah Məmaliki Məhruseyi İran deyirlər, o, "Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəngini" göndərib sizdən yarımca milyon pul istəyir, vermirsiniz?!
- Yox, vermirik.
- Di bunda bari bir qədər cib xərcliyi verin... Məsələn, 300 min!
Olmaz xan!
- İki yüz min!
- Olmaz!
- Yüz min!
- Olmaz!
- Əşi, zərafət eləmə!
- Yox, bizərafət, olmaz!
- Bir əlini cibinə sal, gör nəyin var?
- Cibim yanımda deyil...
- !!? ...
- Verdilərmi?
- Bəli verdilər... Bir qəpik də vermədilər.
- Bəs nə tövr olsun?
- Nə tövr olacaq? Sən də, mən də yığaq görək qızıldan-mızıldan nəyimiz var aparaq tökək bu kafirlərin qabağına, soxsunlar gözlərinə, pul versinlər! Ayrı əlac yoxdur.
Müxtəlif fikirlər
- Görəsən bu sərbazın əlində tüfəng qapının ağzında durub bizi gözləməkdən məqsədi nədir? Yoxsa bizi pişiklərdən qorumaq istəyir?
İran xəzinəsində sakin olan siçanlar
- Əşi, əvvəllər hardan olsa, yenə İran qərib-qürəbasının ciblərini iyləyib bir şey tapırdıq, amma indi... həpçixi! Yəni bir az səbr elə.
Əmir Bahadır Cəngin burnu.
- Gəldim İrana,
Qoydun virana.
Lyaxovun gordası
- Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək subaşına getməkdən yoruldum.
Mir Haşımın aftafası
- Bir zaman var idi ki, istəyirdim tac alam, amma qorxurdum ki, başımı əzib beynimi çıxarda.
Zillisultanın palazı
- O qədər həram yedik ki, axırda ishal azarına düşdük.
Osmanlı sabiq vəzirlərinin cibləri
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 18-19.
