Nabemövsim sevinclər
Bolşeviklərin məğlubiyyəti və denikinçilərin müvəffəqiyyətləri “Vahid Rusiya”çıları şadlığından şıllaq atacaq dərəcədə sevindirməkdədir. Bu qeyri-təbii və nabemövsim sevincləri sezmək üçün “Vahid Rusiya”çıları “Qolos Rossii”, “Russkiy den” və sair bu kimi qəzetələrini oxumaq lazımdır.
Zənnimizcə “Vahid Rusiya’çıların bu sevincləri hələ ki, nabemövsimdir. Çünki, əvvələn, bolşeviklər təmamilə məğlub olmamışdılar. Moskva, Petroqrad' kimi böyük mərkəzlər onların əlindədir. Əlavə bolşeviklərin qüvvəti taleyi-hərbin lütf və mərhəmətindən bilkülliyə məyus və naümüd olmaq qədər zəif deyildir. Yeni elan edilmiş fövqəladə səfərbərliyin bolşeviklər qüvvətini neçə qat artıracağı və binaən əleyh mübarizə uzun müddət imtidad edəcəyi şübhəsizdir. Bu uzun müddət əsnasında dəxi hərb vəziyyətini dəyişə biləcək fövqəladə və qeyri-müntəzir hadisələr vüquyi-mümkinat qəbilindəndir.
Bundan əlavə, bolşeviklər təmamilə məğlub və məhv edildikdən sonra dəxi “Vahid Rusiya”çıların da tərzi- idarəyə aid bir çox məsələlər üzərində öz aralarında dəxi münaqişə və münaziələri və hətta müsadimələri qəviyyən möhtəmildir. Çünki “Vahid Rusiyalılar içində bolşevikləri yıxmaq əməl və qayəsilə bir-birlərinə müzahirət göstərənlər bolşeviklərdən, bir az sağ olan sosialistlərdən dönmüş ən qatı və müənnid monarxistlərə varıncaya qədər məs- ləki-siyasicə rəngarəng və əlvandırlar. Bu müxtəlif məsləkli adamların ittihad əsaslan daimi degildir. O əsas bolşevikləri yıxmaq məqsədidir. Bu məqsəd hasil olduqdan sonra əsas yıxılacaq və üzərində qurulmuş olan müvəqqəti ittihad puç olub nifaq və ziddiyyətlərə mübəddəl olmaqla, başqa mübarizələrə meydan açılacaqdır.
Boylə mülahizələr sərdindən məqsədimiz təbii bolşeviklərə yanmaq, onlara tərəfdar görülmək degildir, bolşcvikliyə dair münasibətimizin nə yolda olduğu aşkardır. Mədəni Yevropaca qəbula keçməyin və mütəməddin millətlər arasında intişar tapa bilməyən bu üsuli-idarənin və bu təriqətin, bəşəriyyət tərəqqisi yolunda şayanı-etina və əhəmiyyətli bir şey olmadığını mütəməddin millətlərin boylə bir mənfi münasibatından anlamaq olar.
Əlavə rus xalqının, fəlakətlərdən qurtarmaq üzrə müvəffəqiyyətlər qazanmaq, sevinclərinə bir millətin xilas nöqteyi-nəzərindən biz də şərik ola bilərdik.
Fəqət, heyhat! Bizi bu şadlığa və sevinçlərə biganə edən və hətta acındıran bir şey var ki, o da “Vahid Rusiya”çıların doğrudan-doğruya düşmənləri olan bolşeviklərə qarşı zəhrxəndəligindən əlavə, elani-istiqlal etmiş millətlərə aid məsxərəçilikdir.
Deməli, “Vahid Rusiya”çılann bu mübarizəsi fəlakətlərinə səbəb olan bolşeviklərdən əlavə Rusiyadan ayrılmış millətlərə dəxi dolayısilə aiddir. Bu bizim kimi elan, istiqlal etmiş olan millətləri hədələməkdir. Siz də vaxtınıza “hazır olun!" deməkdir.
Lakin “Vahid Rusiya”çılar böyük bir zəlalət içindədirlər. Aləmşümül müharibənin nəticəsi olaraq meydana atılmış olan “azadlıq”, “millətlər azadlığı” məfkurələrinin təninəndaz şüarlarını həvaleyi-səmi etibar etmək istəməyirlər. Cahannümun müharibə Rusiya üçün müvəqqəti bir bolşeviklik törətdisə, bəşəriyyət və insaniyyət üçün azadlıq fikrini yaratdı. Bolşevikliyi qəbul etməyin mütəməddin aləm bu ali fikri qəbul edir. Xırda millətlərin istiqlalını qəbul və təsdiq etmək “Vahid Rusiya”çıların zəmincə, Rusiyanın toprağını parçalamaq degildir, bəlkə rus istibdadının, rus imperializminin pənceyi-qəddaranəsi altında əsrlərcə əsir olan millətlərin istixlasıdır. Bu fikrin böyük bir müəzahirət görəcəyinə və bilaxirə əbədi bir qələbə çalacağına biz əminik. “Vahid Rusiya”çıların məsxərəsi, zəhrxəndəligi axırda, özlərinə qayıdıb gülünc və həqarətə layiq yalnız özləri olacaqdırlar.
“Vahid Rusiya”çılar dürüst bilməlidirlər ki, camaəti ikrah etmiş və özləri də ruhdan düşmüş olan bolşeviklərlə müharibə etmək və müvəffəqiyyətlər qazanmaq mümkündür, lakin ruhlan yüksək, əzmləri qəvi, məfkurələri ali olduğunu dərk edən azad millətlərlə mübarizəyə girmək, yəni həqqı nahəqqa vermək imkan xaricində xam bir xəyaldır.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 236-237.
