Genə başlanır
Biz deyəndə ki, Azərbaycan türklərinin azadlıq və istiqlalı əleyhində bolşevik də, menşevik də, monarxist də, denikinçi də hamısı müttəfiqdirlər, safdərun cavanlarımız bizdən inciyor və bizi “qaralıq”la ittiham ediyorlar. Halbuki dedigimiz gün kimi aşkar və dəlil və sübutları hər gözü görənin görəcəyi və bəsirəti açıq olanın anlayacağı şəkildə meydanda mövcud olub əhəmiyyət verənləri gözəlcəsinə inandira bilir.
Neçə gün əvvəl Moskov bolşevikləri öz komisarları olan Nərimanovun dililə bizə təhdid məktubu göndərib dedilər ki, Bakı Azərbaycan türklərinə verilməz. Orası “Sovetski Rusiya’nın mahı olmalıdır. Həman eyni sözləri denikinçilər dəxi deyirlər. Fərq yalnız “Sovetski Rusiya” sözündədir ki, onu dəgişib özündə “Yedinaya Rusiya” diyorlar.
Genə neçə gün əvvəl bolşevik qəzetəsi olan “Naşi put” Lənkəranın süqutu haqqında yazarkən boylə demişdi ki: “Əlbəttə biz Lənkəranı denikinçi olan muğanlılara verdik, nəinki Azərbaycan hökumətinə!”
İstiqlalımız və istiqlalımızın təqviyyəsi lehində söylənən sözlər və icra edilən əməllər sosialistlərin də və denikinçilərin də acığını və narazılığını mucib oluyor.
Türk müəllimləri qurultayının bu qərarı, ki müəllimlər xalq arasında istiqlal və azadlıq fikrini tərvic və təqviyyə üçün çalışmalıdır, sosialist qəzetəsi məşhur “İznamiya truda”sının acığına gəlub müəllimlərə guya nəsihət yolladiyor ki, bu cürə siyasi işlər sizin işiniz degil, siz gedin cəmaətin içində maarif və tərəqqi yolunda çalışın.
Fəqət maarif yolunda ciddi surətdə çalışmaq istənildikdə, yəni məktəblərin milliləşməsi məsələsinə şüru etdikdə genə həman sosialist “İznamiya truda”, denikinçi “Qolos Rossii” ilə ağız-ağıza verib qışqırıq salırlar ki, ay aman bunu eləmiyək!
İştə söhbətimiz dəxi bu məsələnin üstündədir.
Bir vaxt vardı ki, bu “koalitsiya” yəni sosialist və denikinçilər ittifaqı bizim siyasi istiqlalımıza qarşı mübarizə etməkdə idilər. Azadlıq və “samoapredileniye” kimi ali məqsədlərdən söhbət edən sosialistlər, Azərbaycan türklərinin azadlıq və istiqlalı felən əmələ gəlirkən ali məqsədlərin hüsulini görüb də söyünmək və xoşnud olmaq əvəzinə, biləks, məyus və mükəddər olub, məqsədləri millətləri əzməkdən ibarət olan “Yedinaya Rosiya”çılar ilə əl-ələ verib istiqlalımıza qarşı müqabilə və mübarizəyə girişdilər. Azadlığımıza mane olmaq üçün hər bir qanuni və qeyr-qanuni vəsilələrə əl apardılar. Lakin haqqə qələbə çala bilmədilər. Məqhur və məğlub olub susdular və ola bilsin ki, “fürsət məqamına’’ müntəzir olaraq hələlik kiriməgə qərar verdilər.
Biz siyasi istiqlalımızı bir getdik. İndi milli və mədəni istiqlalımızın hüsulinə mübaşir olmaq zamanıdır ki, bu yolda birinci qədəm olaraq məktəblərin milliləşdirilməgi iştə şüru edilirkən genə həman “İznamıya truda,’’ denikinçi "Qolos Rossii” ilə müttəfiq olub təkrar bizimlə mübarizəyə girişiyor və məktəblərin milliləşməsinə mane olmaq istiyorlar.
Siyasi istiqlalə həqqımızı inkar edən “İznamiya truda” boylə qərara gəlibdur ki, biz hələ milli və mədəni istiqlala dəxi layiq degilmişik. Çünki bu iqdamətə hazırlığımız yox imiş. Əlavə boylə milliləşdirmək əməli, əqəliyyəti-milliyyə təşkil edənlər haqqında, yəni rus, erməni, yəhudi və şairələri barəsində cəbr etmiş.
Əvvəla, “hazırlıq yox imiş” bəhanəsilə bir millətin milli və mədəni istiqlalına mane olmaq hərəkəti sosialist “İznamiya truda” üçün çox əyib olsun! Halbuki boylə bir istiqlalı bu gün moarxistlər boylə qəbula razıdırlar.
Və saniyən əgər biz “milliləşmək işlərinə hazır degilik” bəhanəsilə bu gün bu işə şüru etməsək və bu işlər bu halında baqi qalarsa, o halda biz buna heç vəxt hazır olmarıq. Binaən əleyh boylə bir məntiq hökmüncə qiyamətə kibi milliləşmək üzünü görmərik.
Lakin vaqeən biz məktəbləri milliləşdirməgə hazır degilmiyik? Bu həqiqətmi? Xeyr, həqiqət degildir. Çünki o dairədə milliləşdirmək əməli ki maarif nəzarəti tərəfindən elan edilibdir ona kəmalınca hazırıq. Gələn sənə bu dairəni bir az vüsətləndirməgə o biri il daha bir az geniş surətdə milliləşdirməgə, daha iki il sonra təmam milli məktəblərə malik olmağa hazır olmaq üçün işləmək lazım isə - o yolda işləniləcəkdir. Hər halda hazır olub-olmadığımızı bizə biganə olan “İznamiya truda”çılar degil, özümüz yaxşı bilərik.
Əqəliyyəti-milliyyə təşkil edənlər haqqında “cəbr” məsələsinə gəldikdə, bu da boş və əsassız bəhanədir. Əvvəla burada cəbr yoxdur. Hər millət öz dilində hər nə oxuyacaqsa və hər nə məktəb açacaqsa açsun və oxusun buna hökumət tərəfindən heç bir məmaniət ola bilməz. Əgər bir taqımları türk dilincə oxumağı öz övladları üçün “ar” bilirlərsə oxutmasınlar. Onlara cəbr edən yoxdur və olmayacaqdır.
Qərəz bu “hazırlıqsızlıq” və “cəbr” sözləri hamısı boş bəhanədir. Bu səs-küy ki, bir taqım bilafərq məslək qəzetələr və valideynlər tərəfindən eşidilməkdədir. Bizim milli və mədəni istiqlalımıza qarşı mübarizədir ki, genə də başlanır.
Zənn edilməsin ki, Azərbaycan hökumətinin vəzifəsi yalnız bir qaradavoyluqdan ibarər olmalıdır. Bu hökumətin ən böyük vəzifələrindən biri də milli-maarif məsələsidir. Azərbaycan türklərinin maarif nəzarətindən gözlədiği bu degil ki, o direktoru qulluğa qoyub, bu direktoru əzl etsin. Ümdə gözlədigimiz əməl burasıdır ki, məktəblər milliləşsin. Dilimiz, hökumət dili hökmünə girsin, milli maarifimiz tərəqqisinə mane olan və istibdad zamanında irs qalan əngəllər bərtərəf edilsin. Bu isə ibtidailərdən başlanıb ta universitetə qədər ümumməktəblərimizin milliləşməgi ilə mümkün ola bilər. Nikolay məmurları bizi milli-maarifdən məhrum edib, dilimizi məlul bir hala saldılar. Bəsdir, o zamanın arzukeşləri və onlar ilə ittifaq bağlayan “sosialistlər” tərəqqimizə mane olmasınlar. Məsələni parlamana keçirmək istəyormişlər, bu ümid ilə ki, parlaman onların həqsiz iddiasını qəbul edib, məktəblərin milliləşmək məsələsini dayandıracaqdır. Heç zənn edilməsin ki, Azərbaycan parlamanı maarif təşnəsi olan Azərbaycan türklərinin milli maarifinə mane olan bilən hökmlər və qanunlar qoymaqla boylə bir həqsiz və əsassız əmələ razılıq verə! Parlamanımız gözəl bilir və hər kəs dəxi bilməlidir ki, bu səs-küy bizim milli və mədəni istiqlalımıza qarşı yeni bir mübarizədir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 205-207.
