Üzeyir Hacıbəyli

Ordan-burdan: [Xəbərdarlıq]

Sentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır.
Gürcülərdə və yəhudilərdə, hələ firəng, ingilis ilə işim yoxdur, ruslarda uşaq oxutmaq bir qanundur. Qanun nədir? Qanun odur ki, hər kəs onun hökmünə əməl eləməsə tənbeh olunar. Məsələn, adam öldürmək olmaz. Bu bir qanundur. Ona görə hər kəs bu qanuna əməl etməyib adam öldürsə, onu ya asarlar, ya Sibirə göndərərlər. (Hiss edirəm ki, oxucu mənə gülür və ürəyində belə deyir: Bəs Bakının Martınovundan qabaq Bakıda nə qədər adam öldürüldü, bəs nə üçün bunları öldürənlər nə asıldılar, nə də Sibirə getdilər?.. Sözün doğrusu, bu bir belə iraddır ki, bunun cavabı bizi mətləbdən uzaq salır. Onun üçün qoy oxucu gülsün, cavab verməyəcəyəm).
Yaxşı, yaxşı, oxutmaq qanununa əməl etməyib, uşağını oxutmayan erməni və ya gürçünun tənbehi nədir?
Onun tənbehi müsəlman olmaqdır!..
Yəni həmən uşaq oxumayıb böyüdükdən sonra, dilsiz-ağılsız, qulaqsız-başsız cahil müsəlman kimi gah bəyin, gah mollanın, gah qaradavoyun, gah yasavulun qapazı altında qalacaqdır...
Bunu yazırdım ki, rəfiqlərimdən biri əhvalatdan xəbərdar olub mənə dedi ki, səhvin var. Rus, Gürcü və sairlərinin uşaq oxutmaları qanunluqdan keçib lap adət olubdur! Mən buna razıyam. Onlar üçün uşaq oxutmaq bir adətdir. Sədi deyir ki:
Tərke-adət bemocebi-mərəz-əst!”
Odur ki, məsələn, biz gecələr yatmağa adət elədiyimizə görə, yatmadığımız surətdə əhvalımız pərişan olur.
Rəfiqlərimizdən biri həmişə mənə deyir ki: qəzetə oxumaq mənim üçün tiryaki adət olubdur, odur ki, qəzetə olmayan günü başım ağrıyır.
İndi qonşularımiz üçün uşaq oxutmağın tiryaki adət olmağı nədəndir? Elm və mərifətin mənfəətini dürüst anlamaqdan.
Bizim müsəlmanların yüzdə doxsanı elm və mərifətin mənfəətini qanmır. Odur ki, iki məktəb açılanda görürsən ki, biri boş qaldı. Elə bilirsən ki, daha uşaq yoxdur. Amma baxıb görürsən ki, küçələr uşaq ilə dolub aşıq-aşıq oynayırlar və valideynin təhti-tərbiyəsində öyrəndikləri lövün-lövün söyüşləri bir-birlərinə deyirlər.
Gedirsən atalarının yanına, əhval-pürsanlıqdan sonra soruşursan ki, nə üçün uşaqlarınızı məktəbə qoymursunuz? Onda da bu cürə cavablar gəlir:
- Qorxuram oğlum babı ola! Kafir ola! Mürtədd ola!
- Onu kim deyir?
- Hamı!
- Məsələn?
- Məsələn, Qubadakı lənkəranlı molla!
- Aya, onun əlində bu sözlər üçün bir dəlil varmı?
- Əlində dəlil yoxdur, amma, bir yekə çomaq var ki, hər kəs ondan dəlil-filan istəsə, çomağı endirir təpəsinə.
O biri böylə deyir:
- Əşi, oğlum oxuyub mənə qızıl yumurta gətirməyəcək, ha!
Bir özgəsi deyir:
- Vallah, Allah insaf versin mənim atama, hərgah o məni oxutsa idi, indi mən bilirəm mən nə idim!
- Çox əcəb, bəs nə üçün öz oğlunu oxutmursan?
- Öz oğlum heç, öz oğlum dəlidir. Onu oxutsam da mənim kimi olmaz.
Kənd camaatı deyir:
- Oğlum gedib məktəbdə oxusun, bəs danaları kim otarsın?
Bir fəqərəsi deyir:
- Kasıbam, pulum yoxdur!
Bir cürəsi deyir:
- Oxumaq yaxşı şeydir, hərgah şəriət də öyrədilə.
- Bax, ey camaat! Bunlar hamısı bəhanədir. Pulsuz məktəblərimiz var. Şəriətli - ruhani məktəblərimiz var. Hər bir şey amadədir. Aparın uşaqlarınızı oxudun! Məndən sizə əmanət, sonra peşımanlıq fayda verməz!
Sentyabr yaxınlaşır, məktəblərimiz açılacaqdır və hamısı ağzına qədər, şübhəsiz ki, dolmayacaqdır...

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 101-102.