Üzeyir Hacıbəyli

Üzeyir bəyin zəngin irsi tükənməz xəzinədir

Xalq qəzeti. - 2020.- 19 sentyabr. - № 190. - S. 6.

 

Üzeyir bəyin zəngin irsi tükənməz xəzinədir

 

Hafiz Quliyev,

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi

 

18 sentyabr Üzeyir bəyin doğum günüdür. Həmişə bu günü xalqımız böyük təntənə ilə qeyd edir. Bu il isə pandemiya ilə bağlı böyük tədbirlər keçirmək mümkün olmasa da Üzeyir bəy yenə ehtiramla anılacaq, əziz xatirəsi böyük hörmət və məhəbbətlə yad ediləcək.

Üzeyir Hacıbəylinin yaradıcılığı o qədər geniş və çoxsahəlidir ki, bu barədə uzun illərdən bəri tədqiqatlar aparılsa da, düşünürəm ki, bundan sonra da ciddi, müasir araşdımalara böyük ehtiyac var. Bu dahi sənətkar musiqi sənətində, istər ədəbi yaradıcılıqda, Azərbaycan incəsənətində və mədəniyyətində özünəməxsus bir irs yaratmışdır.

Üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını yazmaqla müsəlman Şərqində , Zaqafqaziyada, Azərbaycanda bu janrın əsasını qoydu. “Leyli və Məcnun” muğam operası olaraq dünyada analoqu olmayan bir əsərdir. O, “Leyli və Məcnun” operası ilə Azərbaycanda klassik musiqinin əsasını qoydu, opera bəstəkarlığı və ifaçılıq ənənəsi yaratdı. Təsəvvür edin ki, tək “Leyli və Məcnun” operasında 1908 - ci ildən bu günə qədər onlarla sənətkar Leyli obrazını, Məcnun obrazını və eləcə də başqa obrazları ifa etməklə böyük və ciddi səhnədə çıxış etmək hüququ qazandı, eyni zamanda, öz ya­radıcılıq potensiallarını nümayiş etdirə bildi.

“Leyli və Məcnun” operası tez bir zamanda populyarlıq qazandı. Tamaşa­çılar tərəfindən sevildi. Üzeyir bəy beş opera və üç operetta yazıb. Bu əsərlər həm Azərbaycan, həm də dünya tamaşaçılarının rəğbətini qazanmışdır.

Mənim rejissor kimi yaradıcılığımda Üzeyir bəyin əsərləri həmişə ön planda olub. Üzeyir bəyin, demək olar ki, bütün əsərlərinə Azərbaycanda, eyni zamanda, dünyanın ona qədər ölkəsində quruluş vermişəm. Tamaşaçıların Üzeyir bəyin musiqisini necə sevdiklərinin, ona necə doğma münasibət bəslədiklərinin canlı şahidi olmuşam. Tale elə gətirdi ki, teatrda ilk böyük işlərimdən biri “Leyli və Məcnun” operası oldu. Mən bu teatra gələndə bu opera görkəmli rejissor Mehdi Məmmədovun quruluşunda nümayiş etdirilirdi. Teatrın rəhbərliyi belə bir qərar verdi ki, tamaşaya gənclərdən ibarət yeni heyət hazırlansın və bu iş mənə tapşırıldı. Məcnun obrazına teatra dəvət olunmuş gənc müğənni Mənsum İbrahimov, Leyli obrazına Asəf Zeynallı adına Musiqi Kollecini yeni bitirmiş Gülyaz Məmmədova (indi hər ikisi respublikanın Xalq artistidir) digər parti­yalara da yeni ifaçılar təsdiq olundu. Biz səkkiz – doqquz ay mütəmadi məşqlər etdik və ugurlu bir tamaşa alındı. Həmin vaxtdan bu günə kimi mənim yaradıcılığımda “Leyli və Məcnun” operası bir leytmotivə çevrildi. Bu günə kimi on altı ifaçını Leyli obrazına, on dörd ifaçını Məcnun obrazına, İbn Səlam, Zeyd, Nofəl və başqa obrazlara yeni gənc ifaçılar hazırlamışam. Üzeyir Hacıbəylinin 120 illiyində isə operaya yeni quruluş vermişəm. Cox qiymətli əsərdir, sadə görün­düyü qədər də mürəkkəbdir.

Dünyada analoqu olmayan əsərlərdən biridir ki, yazıldığı gündən bu vaxta kimi repertuardan çıxmayıb. Hər zaman ən çox tamaşaçı cəlb edən opera olub. “Leyli və Məcnun” operası ilə bir neçə dəfə Türkiyədə qastrol səfərində olmuşuq. İlk dəfə ola­raq Ərəbistanda, Qətərin paytaxtı Doha şəhərində “Leyli və Məcnun”u göstərdik. Tamaşaçılar böyük maraqla qarşıladılar bu əsəri.

Təsadüfi deyil ki, Ü.Hacıbəyli məhz Fü­zulinin “Leyli və Məcnun”una müraciət edib. Əvvəla, Füzulinin qəzəlləri həmişə populyar olub, xanəndələr tərəfindən məclislərdə ifa olunub, ikincisi Füzulinin “Leyli və Məcnun”unda ilahi eşqin tərənnümü var. Üzeyir bəy “Leyli və Məcnun” operasını yazarkən məhz xalqın ruhundan süzülüb gələn musiqidən cox ustalıqla istifadə edib. Əsərdə yeddi əsas muğamdan, el havaların­dan, folklor musiqisindən istifadə olunub. Fü­zuli ədəbi materialında ilahi eşqin tərənnümü, Üzeyir bəyin musiqisində ulu kökə bağlı bir millətin ruhu və bu iki dahinin ortaq nöqtəsi “Leyli və Məcnun” operasını həmişə aktual edir.Yetər ki, əsərin qayəsini, ruhunu qoruyub saxlaya bilək, doğru ifadə vasitələri tapa bilək. Mən Üzeyir bəyin əsərlərini Çində, Belarusda,Türkiyədə,Tacikistanda, Bolqarıs­tanda və başqa ölkələrin sənətçiləri ilə birgə hazırlayanda həm sənətçilərin, həm də ta­maşaçıların ecazkar sevgi dolu münasibətini görürdüm, sanki onlar bu əsərlərdə bizim xalqın ruhunu hiss edirdilər.

Əlbəttə, Üzeyir Hacıbəylinin yaradıcılı­ğı bizim üçün, eləcə də gələcək nəsillər üçün bir örnəkdir və biz bunu qorumalı, düzgün təbliğ eləməli, ondan həmişə öyrənməliyik.