Üzeyir Hacıbəyli

Qurtuluş

                                                                                                                                                           Şu qarşıkı duman çıxan bacadan
                                                                                                                                                           Sən gəlmədən iniltilər çıxardı;
                                                                                                                                                           Geciksəydin məzlumların fəryadı
                                                                                                                                                            Yeri, göyü, kainatı yıxardı.

                                                                                                                                                                                                 Ə. Cavad

Rusiya - o yekə Rusiya cahanşümul müharibənin taqətfərsa zərbələrinə davam edə bilməyib yıxıldı. Yıxılarkən cəbhələr açıldı, cəbhələr açılcaq müqabil tərəfin qonşuları müxtəlif yerlərdən sel ayrımları kibi Rusiyanın toprağını basmağa başladılar.

O toprağın bir hissəsi də Qafqaz idi ki, müqabil tərəfin, yəni alman və türk qoşunları tərəfdən müharibə siyasətinə görə işğal edilməsi icab edirdi.

Lakin türkləri, türk əsgərlərini, türk zabitini və paşasını Qafqaza gətirdən yalnız bir siyasət hökmü degildi, bu hökm ikinci planda idi. Birinci planda olan hökm isə milliyət iqtizasını əmr ilə qadir olmuş vacübüləməl bir hökm idi ki, hər bir türk onu kağız üzərində degil, öz qəlbində, öz sinəsində yazıldığını hiss edib əmələ gətirmək və yerinə yetirmək üçün şövq və həvəslə irəliləyirdi. O hökm boylə əmr edirdi: get, dini dinindən, dili dilindən olan qardaş və bacılarını, ata və analarını xain zalimlərin, namərd qatillərin, həyasız qasiblərin zülm cəngəlindən xilas et!

Əvət! Bu zaman idi ki, Azərbaycanın mühim nisfi abad və məmur ikən xarabazara döndərilmək üzrə xain və xasirlərin murdar çəkmələri altında əzilməkdə idi.

Azərbaycan füqərayi-kasibəsinə cənnət vəd edib də cəhənnəm göstərənlər öz qüvvələri azmış ki, daşnak köməginə də təmə etməkdən iyrənməyib, türk övladının haqqını qəsb, canını qətl, malını qarət və evini viran etməklə “qrajdan” müharibəsi bəhanəsi ilə bir milləti yer üzündən məhv və nabüd etmək kibi divanəvar bir xəyanət icrasına məşğul idilər.

Topu, tüfəngi, makinası, təyyarəsi və bitməz-tükənməz cəbbəxanası olan cəlladlara qarşı əliboş müsəlman nə edə bilərdi?

Tələf olub gedirdi. Bir-bir, iki-bir, yüz bir, min bir tələf olub gedirdi...

Bir az qalmışdı ki, canilər cinayətlərini itmamə yetirib, bütün Bakı quberniyasını türk övladından təmizləyəcəklərdi.

Əcəba, bu nə müharibə idi? Bu nə qırğın idi? Deyirlər ki, bu “qrajdan” müharibəsi sinif müqatiləsi idi, yəni bolşeviklər füqərayi-kasibə xatirəsi üçün burjuylar ilə müharibə edirdilər.

Lakin bu yalandır və bunun yalan olduğunu isbat edən minlərcə füqərayi-kasibənin meyitləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduğuna görə” çox rəhimsiz bir surətdə öldürmüşdülər.

Bəs bu nə idi?

Bu siyasi və milli müharibə idi. Siyasi tərəfini yeridən bolşeviklər idilər ki, bizə “istiqlal əvəzinə xarabazarlar göstərmək” vəd etmişdilər, milli tərəfini də iltizam edən daşnaklar idi ki, bunlar da “əlimizə yaxşı fürsət düşüb”, deyə qanlarına yeridikləri müsəlmanları qırıb-qurtarmaq istəyirdilər.

Bu idi.

Lakin cəlladlar cinayətlərini axıradək itmamə yetirə bilmədilər.

Həqq ordusu məzlumların imdadına yetişdi və düşməndən neçə qat az olduğu halda müharibəyə girişib düşməni basdı və qaçırtdı...

Qanlı əllər Azərbaycan üzərindən dəf olacaq qaralı vəsitəmdidə vətənimiz hökumət və millətin səyi və itmami sayəsində yavaş-yavaş özü adi halına düşüb bu gün o dərəcə bir asudəliyə çatıbdır ki, bolşevik və Denikin “diyarlar”ından gələnlərin sözlərinə görə burası oralara nisbətən bir behişt və cənnət misalindədir.

Bu gün qurtuluş və xilasımız yolunda canlarını qurban verib, bizə bu dünyada cənnət göstərməklə özlərini o dünyanın behiştinə vasil edən şühədayi-möhtərəmiyyənin məzari-əzizləri üzərində fatihəxan olmaqla özlərini yad və ruhlarını şad etmək hər bir türkün ümumislam əhlinin müqəddəs vəzifəsidir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 208-209.