Qədirşünaslıq
Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.
O ad sahibi kimdir?
Ad sahibi - Vera Fyodorovna Komissarjevskayadır.
Əcəba, bu arvad nəçi idi ki, bunun vəfatını bütün qəzetlər ağlaya- ağlaya xəbər verirlər? Bəzi yerlərdə komitələr təşkil olunur ki, müttəvafan cənazəsi pişvazına çıxsınlar. Bəziləri onun naminə ittihaf olunmaq üzrə bir məcmuə nəşr etmək istəyirlər. Müttəfinin qövm və əqrəbası yüzlərcə təəssüf teleqramları alırlar.
O nəçi idi?
Bu arvad - artistka idi, teatrçı idi, özü də mahir və böyük bir artistka idi.
Belə bir sənətin sahibəsinə bu qədər hörmət və izzət bir çox müsəlmanlara qərib görünən əhvalatdır, zənn edirəm. Teatrçılıq haman müsəlmanların nəzərində rəzil bir sənətdir və hətta günahdır...
Əvət! İki-üç yüz il bundan irəli xristian keşişləri dəxi bu fikirdə olub, vəfat edən teatrçıları dəfn etməyi də həram bilirdilər. Amma indi elə deyil. Bu günə teatrçılıq ən hörmətli sənətlərin biri olub sənayei nəfisə cümləsinə giribdir. Əvvəllərdə murdar ədd olunan teatr səhnəsi indi bir ayinəyi-ibrətnüma olubdur.
Teatrçı isə, o aynayə baxan adamın haman aynada görünən əks və surəti olmaqdan başqa, teatr yazıb da camaata bir fikir təqdim etmək istəyən müəlliflərin haman fikrini danışıq və hərəkət ilə mahiranə bir surətdə ifadə edir.
“Zər qədrini zərgər bilər” timsalına müvafiq, içlərindən mahir teatrçılar çıxmağa yol verən mütəməddin millətlər o teatrçıların qədrini bəhəqq bilirlər. Məşhur teatrçıların hamısı hər yerdə izzət və hörmət gördükləri kimi, böyük dövlət və sərvətlər də qazanırlar. Onların içində teatrçılıqdan milyon qazananlar da vardır. Zatən biz kimin qədrini bilirik ki, teatrçılar qədrini də bilək! Avam camaatımız anlamazlıqdan, anlayanlarımız da büxl və həsəd ucundan öz adamlarının qədrini bilmək istəmirlər. Bir işdə, bir sənətdə baş qovzayanın başından vurulur, qabağına sədlər çəkilir...
Mütəməddin məmləkətlər - münbit torpaqlı və gəlirli yerli bir çəməndir ki, onun üzərində əlvan çiçəklər, cürbəcur güllər bitib, gözəl mənzərələri, ətir və ənbərləri ilə tamaşa edənlərin könlünü fərəhnak, ruhini ləzzətyab və çəmənin özünü də qiymətdar edirlər. Allahın yağışı, günün şəfəqi, torpağın yemi bu çəməndə bitmək istəyən hər bir gülü hər tərəfdən himayə edib, nəşvü nüma və təravətinə xidmət edirlər. Bizim yerlər isə - elə gülləri qəbul etmir kimi, bir şey bitirmir və özü-özbaşına bitmək istəyənin də üzərinə kəsif bir kölgə salmaqla nə qoyur ki, gün qızdırsın və nə qoyur ki, yağış görsün, yandırır, soldurur, məhv edir...
Lakin ümidsiz olmaq yaxşı deyildir. XX əsrdə bütün aləmə cari olmağa başlamış mədəniyyət selinin qabağını heç bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır. Bu selin muradı, dünya üzünün kəsafətini təmizləməkdir. Yavuqdur o zaman ki, haman seyli-xüruşan bizim yerlərə dəxi hücumavər olub üzərimizdə olan və bizi nəfəs almağa qoymayan kəsif daşları, qayaları yerindən oynadıb zail edər. O daşların altında yatmış olan qurdları yuyar, yerimizə, torpağımıza can verər, o halda bizim yerlərdə də güllər və çiçəklər bitib, buraları çəmənzarə döndərər. Heç naümid olmamalı.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 153-154.
