Üzeyir Hacıbəyli

Ordan-burdan: [İrana dair]

- Kəlbəlayı Səfi, Allah kisəni boş eləməsin, əlini cibinə sal, beş- on şahı da sən ver, Təbriz əhlinə göndərək.
- Yaxşı, Təbriz əhlinə nə olub məyər?
- Budur, iki aydır dava eləyirlər, adamları qırılır, arvad-uşaqları ac qalır...
- Kimnən dava eləyirlər?
- Şah qoşunu ilə!
- Çox qələt eləyib, başlarını daşa döyürlər. Bir köpük də vermərəm. Məgər padcah ilə dava eləmək olar?
                                                                                                  * * *
- Əşi, belə cəmi oxumuşların kökünə lənət! Bütün bu davanı salan onlar oldular. Yaxşıca əmin-amanlıqda dolanırdıq. Haram elədilər! Əgər mən uşağımı məktəbə və ya uçkullaya qoysam kafirəm.
                                                                                                    * * *
- Adə, səni Allah yaradıbdır ki, bax bu tayı daluva alıb şəhərin bu başından götürüb, şəhərin o biri başına qoyasan, nəinki durub hökumət ilə dava edəsən!
                                                                                                     * * *
Deyirlər ki, müsəlmanlar fanatikdirlər! Bəli, biz də indiyə qədər bunu təsdiq edirdik, çünki özümüz gözümüz ilə görürdük ki, məsələn, bir molladan əmr çıxır ki, bəli, qəzetə oxumaq haramdır, ya "Molla Nəsrəddin"i ələ alan kafirdir, haman dəm Şirvan ağsaqqalları, Qarabağ qarasaqqalları, Ordubad qırmızısaqqalları - qərəz, hamı bu əmrə müvafiq - qol qoyurdular ki, bəli filan şey haramdır və filan şey küfrdür, çünki ruhanidən belə əmr çıxıb.
Biz də bunları görüb deyirdik ki, fanatikdirlər.
Amma indi baxıb görürəm ki, əhvalat belə deyilmiş və arada dinpərəstlik-filan yoxumuş, çünki prixod mollası deyil, şəhər mollası deyil, qazı deyil, şeyxülislam deyil, yaxında olan müctəhidlər deyil, bəlkə Nəcəfүl-Əşrəf müctəhidləri ki, onlardan böyük ruhani yoxdur - fitva verdilər ki, istibdada qulluq edənlər və istibdad tərəfdarı olanlar kafirdilər! Məşrutiyyətə kömək etmək hər bir müsəlmana vacibdir! Amma di gəl ki, bu fitva nə qırmızısaqqala əsər elədi, nə yaşılsaqqala. Bəlkə bu qulaqdan girib, o biri qulaqdan çıxdı.
Bəs fanatiklik necə oldu?
                                                                                                             * * *
Hə... görünür ki, iş bu cürədir. Qəzetəni haram bilib oxumamaq asandır, amma məşrutiyyətə kömək eləmək çətindir, çünki burada bir qədər candan və maldan keçmək lazımdır. Bəs belə olan surətdə biz də belə deyərik ki, müsəlmanlar dinpərəstdirlər, amma arada qarın ilə cib əhvalatı da vardır.
Doğrudan da belədir.
Bu adamlar ki deyirlər, filan axundun fərmayişinə görə urusu baş qoymaq haramdır - onların çoxusu dəlləkdir. Və o adamlar ki deyirlər, filan mollanın əmrinə görə çəkmə geymək haramdır, onların bir çoxusu başmaqçıdır. Və o adamlar ki deyirlər, filan üləmanın hökmünə görə urusu papaq qoymaq xilafi şəridir, onların da çoxusu papaqçıdır.
Və o adamlar ki deyirlər, filan şəxsin rəvayətinə görə gödək paltar geymək küfrdür, onların da hamısı bəzzazdır! Qərəz din məsələsi indi olub cib məsələsi.
O şey ki cibə nəfidir - həlaldır, o şey ki zərərdir - haramdır. Vəssəlam!

                                                                                                                                             Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 29-30.