Knyaz Tumanov ilə müsahibə
Erməni intiriqalar əleyhinə yazmağda olduğu ciddi məqalələri ilə məşhur olan gürcü mütəfəkkirlərindən "Qruziya" qəzetəsinin mühərriri general Tumanov cənabları ilə bir para məsələlər həqqində müsahibədə bulunduq. Knyaz cənabları bir neçə gündür ki, Tiflisdən şəhərimizə varid olubdur.
Əvvəl-əvvəl bizi maraqlandıran erməni-gürcü müharibəsi oldu. Knyaz cənablarının bu xüsusdaki ifadatından boylə məlum oldu ki, davanın əvvəllərində ermənilər gürcülərə böyük güc gəlibdirlər. Və bir çox tələfat veribdirlər. Gürcülər müharibəyə hazır degilmişlər. Bu işdə əhali hökumət riçalını müqəssir görür, çünki hökumət ricali hər dəfə cəmiyyəti indidən inandırırmış ki, ermənilər tərəfindən qardaş-qardaşı qırmaq kimi təşəbbüs baş verə bilməz. Lakin görünür hökumət əhli erməni başçılarının intriqalarından qafil imiş. Bizim hökumətin qəfləti müqabilində erməni hökuməti, hökumət olaraq səfərbərlik elan edib qoşunlarını davaya hazırlayırmış. O idi ki, müharibə iddiasında qəflətən üzərimizə tökülüb bizi bərk sıxdılar. Hökumətimizin icalətən sövq etdigi əskəri isə cavan və təcrübəsiz olduğundan dəvam gətirə bilmiyordi. O idi ki, camaət özü tez imdada yetişib dava görmüş, müharibə etmiş könüllülərimizi yığıb dəstə-dəstə meydana müharibəyə göndərməklə bizi erməni hücumundan qurtardı. Könüllülərimiz əsgərlərimiz ilə bərabər erməniləri böyük bir qəhrəmanlıqla bizim yerlərimizdən çıxardıb öz sərhədlərinədək qovdular. Qovduqdan sonra erməni qoşununu çevirmə isuli ilə əhatə edib təmam və kəmal yoğurub və ya əsir edəcəklər idi ki, bu halda sülh teleqramı yetişib, qoşunumuzu dayanmağa məcbur etdi. Lakin qoşun sülhə razi degil idi.
Sülh işini araya salan müttəfiqlər nümayəndələri oldu. Əsnai müzakirədə sülh şəraiti danışılarkən erməni sözündən bu çıxdı ki, ermənilər qoşunlarını hələ tərxis etmək istəmiyorlər və əlavə genə də səfərbərlik xəyalındadırlar. Bunların bu cürə sözləri gürcü vəkillərini həyəcanlandırıb etirazına səbəb olmuşdur. Öylə olsa biz də səfərbərlik halında qalacağıq deyə müqabilə etmişdir. Lakin ermənilər bu növ tədbirlərinin səbəbi gürcülərdən ehtiyat etmək olmiyub da, başqa bir yerdən qorxu var deyə izahat vermişdirlər. Bunun üzərinə ingilis nümayəndəsi mütəğəyyir olaraq ermənilərin bu ifadatını "biməzmun" deyə adlandırmaqla erməniləri utandırmışdır.
Zaqatala həqqındaki bizimlə Gürcüstan arasında olan balaca mübahisə həqqində knyaz Tumanov cənabları bu rəydədir ki, bu cürə məsələlər heç vəxt Gürcüstan ilə Azərbaycan arasında təzad törədə bilməz. Gürcüstan hökumətinin Zaqatalanın hamısını mənimsəmək fikri yoxdur. Mübahisə Zaqatalanın cüzi bir hissəsi üstündə ola bilər ki, o da müzakirə və müsalihə ilə həll olunub gedər. Gürcülərin "tarixi" dəlillərindən və azərbaycanlıların "etnoqrafi" sübutlarından dəha gözlü əhalinin öz meyl və xahişidir ki, məsələ həllində bunu nəzərə almalıdır. Knyaz əmindir ki, Gürcüstan ilə Azərbaycan arasında hər nə mübahisəli məsələlər varsa, hər iki tərəfin rizalığı ilə həll olunub, heç bir vəxt xüsumətə məhəl qalmaz.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 79-80.
