Yersiz çıxış
Məmləkətin işləri yavaş-yavaş öz yoluna düşdügü bir halda, yəni o zamandakı Azərbaycan həm xarici işlərində, həm daxili dolanacağında öz qonşularına nisbətən səlamət və rifah hal ilə yaşamağa ayaq basıb bolşevik dövrünün mənhus günlərini unutmaq üzrədir, sosialistlərimiz birdən-birə “təşvişə” düşməyə başlayıb hökuməti “işsizlik”də və “bacansızlığ”da təqsirləndirirlər.
Dağ böyükligində iri olan Qarabağ məsələsini arzumuza müvafiq qolaylıqla həll edən, Lənkəranı qan tökmədən, qurban vermədən yabançılar çəngalından qurtaran və ümumqafqaz islamlarına lazım olan yerlərdə əl yetirib, kömək edən, qüvayi-hərbiyəmizi möhtərəm bir vəziyyətə salmış olan, məmləkəti zülmkar və rüşvətxor məmurlardan təmizləməkdə olan, paytəxtdə universtə açan, kasıb-kusublarına 3-4 manata çörək yedirdən, hər yerdə əmin və asayiş bərpa edən və Azərbaycanımızı bu gün hər bir insaf sahibinin iqrar və etiraf edəcəgi rahatlıq və asudəligə çağıran, qəlbində vətən və millət məhəbbəti olub da səmim qəlb ilə çalışan, vuruşan və istirahət nə olduğunu bilməyən hökuməti və onun rəisini işsizlikdə, bacarıqsızlıqda ittiham etmək ya əql və insafdan xali olmağdır, yaxud başqa bir mənzur, özgə bir məqsəd yeritməkdir.
Əcəba, bunun hansıdır?
Əgər sosialist fraksiyasının sualı sorğu halında keçməyib də yalnız bir Denikin təhlükəsi xüsusində baqi qalsa idi, buna heç bir sözümüz ola bilməzdi, yaxud ümumhökumət işlərinə qarışdırıb parlaman minbərini mitinq kürsüsünə döndərməklə bolşevikvari sözlər söyləyən yalnız bir qırmizi Qarayev olsa idi biz əql və insaf təmənnasında bulunmazdıq. Lakin əql və dərrakələrinə, habelə insaf və mürvətlərinə iman etdigimiz Əhməd bəy Pepinov, Səməd bəy Ağamalıoğlu, İbrahim bəy Əbilov əfəndilərin dəxi ümumhökumət politikası tənqidinə iştirak etməkləri arada başqa bir mənzur və özgə bir məqsəd olduğunu meydana çıxardır.
O məqsəd və o mənzur bugünki böyük müvəffəqiyyətlərdən dolayi mövqeyi bərkimiş və nüfuzu artmış olan hökuməti laxlatmaq xalq nəzərində etibar və etinadən salmaqdır! Hökumət müştərək hökumətdir. Bir rəngli sosialist hökuməti degildir. Madam ki deyildir, onu bərkiməgə, etibar və etinalı olmağa qoymaq, sosialistlərin məsləkinə və tutduğları yola müvəffəq deyildir. Odur ki, hökuməti daima danlamaq, töhmətləmək və məzəmmət etmək lazımdır. Boylə olarsa hökumət əgər zəif əlqab soyuyar, boşalar, əsəbi bir hala düşər, acıq elər və ya bilkülliyyə başmı itirər, cəmaət və Qarayevin “füqarayi— kasibəsi” də hökuməti saymaz, əmrlərinə qulaq verməz və bu təriq ilə hökuməti düşürmək və sosializm evini qurmaq üçün müsaid bir zəmin hazırlanar. Oylə olarsa qarayevlərin “füqarayi-kasibə”si Anaşkin, Mirzoyan, mikoyanların sayeyi-mərhəmət vayələrində “ağ günlərə çıxıb həqiqi Azərbaycan “fuqərayi-kasibə”sinin başında “tənbəki oyunu” açmaqla yanmış qəlblərini sakit edər və Azərbaycanı “cənnətə” döndərərlər.
Lakin zənn etmirəm ki, bu “cənnətin” müxtəsər bir misalini görmüş olan Azərbaycan füqərayi-kasibəsi qarayevlərdən razı qalar.
Azərbaycan füqərayi-kasibəsi ümumazərbaycan əhli öz hökumətinin səyi və təlaşı altında indi-indi ağ gün üzü görməyə qədəm qoymuşdur. İndi-indi öz varlığını, öz insanlığını dərk etməyə başlamışdır. İndi-indi öz vətənini vətən, öz millətini millət hesab edib, azad və asudə yaşamağa imkan bulmuşdır. Vətən və millət tanımayanların guya “dost” sifəti ilə meydana girib də bu fuqərayi-kasibəni əğfal və əğva etməsi xəlqi hökumətdən və hökuməti xəlqdən ayırıb aralarında bir dərə qazması Azərbaycan xəlqi üçün nə böyük düşmənçilik və nə böyük bədxahlıqdır ki, bunun axın böyükdən də böyük bədbəxtliklərə səbəb ola bilər. Odur ki, azad və asudə yaşamaq vətən və millətini hər şeydən əziz tutmaq istəyən salim əql və təmiz vicdan sahibi olan həqiqi Azərbaycan füqərayi-kasibəsinin qarayevlərin “müdafiə” və “mühafizə”sinə qarşı bir sözü bu ola bilər ki: Məra be xeyir to ümid nist, şərrmərasan!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 197-198.
