Üzeyir Hacıbəyli

Fəxr etməliyizmi, məyus olmalıyızmı?

Misirdə nəşr olunan "Türk" qəzetəsi, "Əhalimizi oyandıracaq biriki yol" sərlövhəsi və "Xorasani" imzasilə yazmış olduğu məqalə xüsusəsində Osmanlı millətinin istibdad təsirilə aludəyi xabi-ğəflət olduğundan bəhs edərək, oyandırılması üçün yollar göstərir və o yollardan biri olmaq zənnilə, biç Rusiya müsəlmanları ilə İran müsəlmanlarının bu barədə bözli himmət etmələrini ummayır.
"Türk" məqaləsinin başında deyir ki: "Əhalimizi (yəni Osmanlı əhalisini) oyandırmaqdan muradım, onları oxudub, öyrətməklə zehinlərini açmaq demək deyildir. Onun nə qədər lazım olduğunu əhalimiz çoxdan anladı.
"Oyandırmaqdan məqsədim:
1) Osmanlı istiqlalının həmən qaib olmaq təhlükəsinə yanaşdığı;
2) din və millətin qədrini, şanını pək alçaq bir dərəcəyə endirməyə kimlərin çalışdığı;
3) içimizdə bulunan və bizə hökm edən düşmənə həddini bildirmək üçün həmən işə başlamaq fərz olduğu;
İştə, bunu və bunun kimi şeyləri məmləkətimizin içlərindəki əhaliyə anladıb, gözlərini açacaq, əqillərini başlarına gətirəcək yollar bulmalıdır".
Bu yolların nədən ibarət olduğunu bəyandan sonra "Türk" bu sözlər ilə xətmi-kəlam edir:
"Bu şeyləri, (yəni hökuməti göydən düşmüş bir şey bilib də zülmlərinə tab etmək və onun əlində kor alət olub, xəfiyyəlik və casusluğa razı olmağın fənalığını) anlatmaq və bildirmək üçün qərb tərəfinən gələcək irşadlar pək zor ilə əhaliyə yetişir. Biz irşadnamələrimizi Vətənimizin içindəki xalqa yetişdirmək üçün şu son vaxtlarda hürriyyət qazanmış olan iranlı və rusiyalı müsəlman qardaşlarımızın yardımlarını diləməliyiz.
Əcəmistan və Qara dənizin Rusiya əlində olan yerlərindən məmləkətimizə bir neçə müsəlman gəlib getməkdədir. Xalqımıza şu zalim və inadçı hökumətə qarşı birləşib, səbatilə davranmaları yolunu göstərməkdə bizə yardım edəcəklərini umarız".
Mən əvvəl bu sətrləri oxuduqda, özümü qoltuğumun altına qarpız qoyulmuş kimi hiss etdim; amma bir qədər fikirdən sonra... hər kəs məni görsə idi, elə bilərdi ki, başım ağrıyır, ya dişim.
İranlılar ilə işim yoxdur; qoy "Türk" onlardan hər nə umacaqsa, umsun; haqqı var, çünki o kişilər doğrudan da öz əhli-zələmələri ilə mübarizəyə qalxıb, hürriyyət qazandılar və ona görə "Zalim və inadçı hökumətə qarşı birləşib, səbat ilə davranmaq yolunu" bilirlər.
Amma biz, biz Rusiya müsəlmanları, biz Qara dəniz sakinləri, biz qafqazlılar, yəni biz, biz Qafqaz müsəlmanları, sözün doğrusu, nə hürriyyət qazanmışıq, nə də hökumət ilə güləşməyin təhərini bilirik. Bizdən bu cürə şeylər ummaqdansa, bacarıb, özgə bir "doğru yol" aramaq min pay nəfli olar.
Doğrudur, dövləti mətbuatımız olan Rusiyada budur, neçə ildir ki, inqilab davam etməkdədir. Bu inqilabı törədən Rusiya hökumətilə Rusiya əhalisidir. Biz, biz müsəlmanlar dəxi Rusiya əhalisindən hesab olunuruq; lakin bu heç vaxt ona dəlil ola bilməz ki, biz də inqilabda iştirak edib hökumət ilə çəkişirik; çünki həqiqət meydandadır. Biz müsəlmanlar bu Rusiya inqilabında yalnız bir tamaşaçıyıq, özümüz də nə tövr tamaşaçı (buf, sirk, fars janrı), it boğuşması, qoç döyüşməsi kimi mənzərələrə tamaşaçı olduğumuz şövq ilə bu inqilaba da elə tamaşaçı olsa idik, barı dərd yarı idi. Amma dərd yarı deyil, bütündür; çünki həvəssiz, könülsüz, maraqsız, etinasız, ruhsuz tamaşaçıyıq; nə camaat qəhrəmanlarının fədakarlıqları qəlbimizdə bir təzərö, nə hökumət məmurlarının rəftari-zülmkaranəsi ürəyimizdə bir tənəffür hissi oyatmayır. Halbuki onların da, bunların da çalışmaları bizim də hürriyyət və ədəm hürriyyətimiz üçündür. Fədakarlara bir dəfə də olsun əl çalmadığımız kimi, zalimlərə qarşı heç bir etirazda bulunmamışıq; bəs bundan sonra bizdən nə ummalı? Heç nə! Çünki "qurdu" "çoban"; "çobanı" "alim"; "alimi" "nadan"; "nadanı" da "divanə" və "divanəni" "qəhrəman" hesab edən bir tayfadan, hələlik, heç bir şey ummamaq hamısından məsləhətdir.
İndi keçəlim bizim, biz Qafqaz müsəlmanlarının İran və Osmanlı hökumətlərinə dair münasibatımıza: Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sahəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də müsəlman qardaşlarımızın gətirdikləri cövr və zülmü və bundan naşi, hər iki məmləkətin getdikcə inqirazə yanaşdığını görməyirik.
Bundan maəda, artıq söz danışmağımız lazım deyil; hər halda görünür ki, "Türk"... "İrşad"ın bu keçən nömrələrini hələ oxumayıb; oxumayıbdır ki, Qara dəniz kənarlarından, yəni Qafqazda sakin müsəlman qardaşlarından həmiyyət diləyir.
Və o səbəbdəndir ki, biz də, bizim camaatımızdan umulan bu şərafətə özümüzü bilkülliyə layiq bilməyib fəxr etməyirik. Ancaq vardıqca məyus və mükəddər olub, "Türk"lərə deyirik: "Bizdən vaz keçiniz və öz millətinizi oyatmağa doğru bir yol araymız, çünki: "Xofte ra xofte key konəd bidar".

                                                                                                                                                     Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 304-306.