Qarabağ hadisatı
Naxçıvanm səssiz-küysüz, qeylu-qalsız, dəva və münaziəsiz olaraq erməni hökuməti tərəfindən işğalından sonrakı bu işğal Azərbaycan Cümhuriyyətinin mənafeyi-həyatiyyəsini xələldar etmək idi. Zənn olunurdu ki, ermənilər daha Qarabağ məsələsində inadlıq etməyib hərslərini soyumuş və iştahalarının şiddətini azalmış hesab edirlər. Lakin boylə degilmiş.
Nə adi və nə də siyasi nəzakəti başa düşməyən erməni başçıları Qarabağ adlı toprağımızda sükunət edən erməni əhalisini, bu əhalinin xahişinə rəğmən Azərbaycan hökumətinə tabe etməmək yolunda daha böyük inadlıq göstərib ingilislərə baş komandanlığının təklifini də rədd etməkdən çəkinmədilər.
Azərbaycan hökumətinin səbir kasası doldu. Köçəri mövsümünün hüluli isə əhalini dəxi böyük müşkilat qarşısında qoyub arada bir acıq və əsəbiyyət törətməginə səbəb oldu. Ermənilərin inadlığı və hökumətimizin hövsələsi bu acığı və əsəbiyyəti getdikcə artırıb, Qarabağda bu gün-sabah bir qeyz və qəzəb partlanğıcı zühur edəcəgini naçar qoymuşdu.
İşin bu yerə gəldigini və bunun nəticəsi nə ola biləcəgini həqqı ilə anlamış olan general-qubernator Xosrov bəy Sultanov həzrətləri bunun qabağını almaq və qırğına mane olmaq üçün Qarabağ erməni başçılarının inadını sındırmaq və məsələni camaəlin qatışmasına məhəl qoymamaq üçün hökumət əlilə, yəni qanunu bir yol ilə həll etmək əmrinə mübaşir oldu və olub da erməniləri itaətə məcbur etdi. Daha doğrusu, erməni camaətini xudsər və qeyri-məsul komitetlər qurğusundan xilas edib, camaətin öz meyil və arzularını hüsulə gətirdi.
İndi umumi qırğına mane olan erməni komitetlərinin şərini ümumqarabağ əhalisi üzərindan dəf edən hökumət əmrini layiqincə yerinə yetirən Xosrov bəyi alqışlamaq, ona mütəşəkkir olmaq, ondan razılıq etmək əvəzində onun əleyhinə danışılan sözlər və hərəkatını fəna bir surətdə göstərən qeybətlər eşidirik. Hətta onun geri çağrılması məsələsi dəxi meydanda söylənilməkdədir.
Biz bu növ fikrə mailik ki, Sultanov Xosrov bəyin əleyhinə danışanlar, onun layiqsiz bir hakim olduğundan degil, biləks, fəzləsilə ləyaqət sahibi, bacarıqlı və iş görən bir Azərbaycan məmuru olmasından qorxuya düşən və gözləri götürməyənlərdir.
Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni camaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın hökuməti başında olmasa idi, burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu. Bu həqiqəti Qarabağın müsəlmanları da, erməniləri də Qarabağ hadisəsini təhqiq üçün məhəlli-məzkurə getmiş olan xüsusi komissiya dəxi iqrar və təsdiq etdigi bir halda Xosrov bəyin əleyhinə danışmağın mənası nədir? Qarabağı ixtilal və ixtişaşa sövq etmək niyyəti degilmi?
Şimal təhlükəsinin vücudu meydanda olduğu bir halda bizim başımızı Qarabağ şuluqluğuna qatışdırmaq istəyənlər Qarabağın ixtişaşından mənfəət aparanlar, əlbəttə, səy edəcəkdirlər ki, Sultanov kimi layiqli bir hakim Qarabağdan kənar edilib bu yerdə hər bir macəraçulıq üçün meydan hazırlasın.
Lakin biz əminik ki, Sultanov Xosrov bəyin xidmətlərini layiqincə təqdir edən və bu məsələnin ətrafında dolandırılmaqda olan intiriqalardan kəmalınca xəbərdar olan hökumətimiz, əvvəla, öz daxili işlərinə qatışmaq istəyənlərə yol verməz və saniyən, Azərbaycanın mühüm bir cüzi olan Qarabağ şuriş və ixtişaş atəşinə ilqa etməz və Qafqazda nizam və asayiş mühafizəsi əmrinə mükəlləf olan müttəfiqlər komandanı dəxi bir taqım müzürr adamların ilhah və israrına məhəlgüzar olmayıb bu yolda hökumətimizin tərəfini iltizam etməgi səlah görər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 191-192.
