Üzeyir Hacıbəyli

Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur. O heyət öz əzalarını yığıb, şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.

Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər parlaman məclisidir. Parlamandan başqa hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

Bu heyət və məclislər əzalarını kim seçir və ya kim təyin edir? Belə heyət əzalarından təyin olunanları çox azdır. Bunların çoxu seçilmiş adamlardır. Onları seçənlər də əhali özüdür.

Bu seçki haqqını, harada olursa-olsun, camaata heç kəs bağışlamadı. Bu haqqı camaat mübarizə edib və qan töküb aldı. Bundan aşkardır ki, seçki haqqının camaatın öz əlində olması əhali üçün böyük bir nemət ədd olunur. Amma minlərcə təəssüflər olsun ki, bizim camaat bu neməti-üzmanın qədrini bilmir. Və ya bilirsə də özünə məxsus ətalət və kəsaləti üzündən buna heç bir əhəmiyyət vermir.

Yevropada və sair mütəməddin yerlərdə calibi-diqqət olan hadisələrin ən əhəmiyyətlisi seçki işidir. Odur ki, bir dövlətdə parlaman məclislərinə camaat tərəfindən vəkillər və məbuslar seçildiyi zaman da bu işə başqa dövlətlər dəxi böyük əhəmiyyətlə baxıb, seçki nəticəsinə müntəzir olurlar. Mütəməddin məmləkətlərdə əhali məslək və əqidəcə müxtəlif firqə və partiyalara münqəsimdirlər. Lakin belə təqsimdən məqsəd bizlərdə olan kimi boş-boşuna partiyabazlıq deyildir. Bəlkə əqli-səlim və qəlbi-səmim hökmüncə hər bir firqə bir məslək, bir yol ittixaz edir ki, məmləkət və ümuminsaniyyət üçün onu səlah bilir. Şübhəsizdir ki, bu firqələrin içində xoşagəlməyənlər də çoxdur. Məsələn, istibdadpərəstlər, ifrat dərəcədə millətpərəstlər və sairləri. hər halda seçki işi gəldikdə bu firqələrin arasında böyük bir mübarizə nədən ibarətdir? Bir-birinin başını yarmaqdan? Xeyr! Seçki işində bir-birlərinə faiq kəlməkdən! Odur ki, hər firqə əhalini təşviq etməklə, hər yerdə deyib-danışmaqda, öz vasiteyi-nəşri-əfkarları olan qəzetlər vasitəsi ilə yazıb qandırmaqla səy edirlər ki, təşkil olunacaq parlaman əzalarının çoxu öz firqələri vəkillərindən əmələ gəlsin. Bir firqəyə mənsub olan adam heç bir vaxt özgə firqənin adamından vəkil seçməz. Əgər bu yolda ona təzyiq edən, onu məcbur edən olsun, o, bu cəbr və zülmü bağıra-bağıra elan edib, öz firqəsi əzalarının kömək və yardımı ilə müqəssiri cəzaya uğradar. Bu keçən günlərdə ingilis parlamanına vəkil seçkisi işləri böyük bir gurultularla vaqe oldu. Hal-hazırda Almaniyada dövlətin parlamanına vəkil seçkisi qanunları əksər əhalinin məramınca olmayıb deyə Almaniyada əhali böyük nümayiş və demonstrasiya qurub qanunların təbdilini tələb edirlər. Bizim camaatın bir neçə məclislərə vəkil seçmək ixtiyarları vardır. O yerlərdən ən böyüyü dövlətimizin parlamanı olan Dövlət dumasıdır. Sair xırdaları isə şəhər dumalarıdır. Doğrudur, bu seçki barəsində camaatımızın payına düşən haqqda ixtiyar çox məhduddur. Lakin bu məhdudiyyət camaatımızın seçki işlərində ətalət və kəsalətlə davranmasına səbəbiyyət verməz. Biləks, camaatın seçki işində haqq və ixtiyarı az və məhdud olsa, camaat daha da dördgözlü olmalıdır. Yəni səy etməlidir ki, vəkil seçdiyi adamlar layiqli olsunlar. Camaat ehtiyacatın bilən və hər bir işdən xəbərdar olan olsunlar. Başlarında ağıl, ürəklərində insaf, ağızlarında danışan dil olsun. Mövcud olan və camaatın seçki haqqını məhdud edən qanunlara görə, təəssüflər olsun ki, camaatımızın hamısı seçki işində iştirak edə bilməz. Yəni vəkil seçməyə hamının ixtiyarı yoxdur. Bu seçki haqqı camaatın bir qisminə məxsusdur. Bundan əlavə, camaatın seçki haqqı olan qismi də hər istədiyi adamı vəkil seçə bilməz. Bəlkə qanunun təyin etdiyi nizam və qaydalara müvafiq kələ bilən adamlardan vəkil seçə bilər. Belə olan surətdə nə etməlidir? Əlbəttə, seçkidən məhrum qalan camaat içində seçki işlərindən yaxşıca müxbir olan, vəkil seçmək tərzini layiqincə bilən adamların borcudur ki, seçki ixtiyarı olanların qanmayanlarını qandırsın və başa salsınlar. Nə təhər adam seçmək və kimi seçmək lazım olduğunu bilməyənlərə bildirsinlər. Bunlar isə, qulaq assınlar və lazımi surətdə əməl etsinlər. Bundan başqa, əlbəttə, çox yaxşı olardı ki, ümum seçki işləri həqiqi surətdə icra olunaydı. Çünki ələni surətdə, yəni aşkara vəkil seçmək işində çox vaxt güclü gücsüzü təzyiq edir, yəni özü niyyət etdiyi adamı seçməyə qoymur. Amma heyif ki, ümum seçki işləri xəfi olmur. Hər halda bu təqdirdə də seçicilərin borcu odur ki, heç bir cəbr və təzyiqə məhəlgüzar olmayıb layiq bildiyi adamı seçsin və illai axırda peşimançılıq olar. Necə ki, bizlərdə olub. Seçilmiş vəkillərin vəzifələrini burada tedad etməyə hacət yoxdur. Çünki layiqli vəkil öz işini bizdən çox yaxşı bilir. Ancaq onlardan layiq olmayanlara tövsiyəmiz budur ki, bacarmadıqları işi boyunlarına götürməsinlər. Çünki sonrakı məsuliyyətin altından çıxa bilməzlər. Özlərini vəkilliyə layiq bilənlərimizin də birinci borcu səy edib özlərini seçdirməkdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 150-152.