Üzeyir Hacıbəyli

Ordan-burdan

Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur.
İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, "İrşadı"n bugünkü teleqraflarını oxuya bilərlər.
Dumanın 4 mayda olan məclisi.
Sədri-məclis. Oturun görək, işimizin axırı nə tövr olur. Vəzirlər bir-iki para kağız göndərib, ancaq o sonranın işidir. İndi qoy bir az Hersen danışsın, səs-küy eləməyin, qulaq asaq.
Hersen (durub danışır). Biz bura yığılmışıq ki, milləti irəli aparaq. Amma bu siz öləsiniz, öz canım üçün bizim bu millət bir az yazı- pozu qanmırsa, heç vaxt irəli getməz. Mənim sözüm budur.
Maarif vəziri. Allah atana rəhmət eləsin! Bax əsil söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, tallah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nə?
İşkol, işkol, işkol və yenə işkol. Amma o cürə siz deyən işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünə tapança çəkə və uçitel də qorxusundan sarılıq azarına düşə. Bəlkə bu cür işkol ola ki, uçitel uşağın üstünə tapança çəkə və uşaq da qələt eləyib, bir də böyük üzünə ağ olmaya! (sağ tərəf bərk əl çalır və "bravo" deyir.)
Arxangelski. Mən onu-bunu bilmirəm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nə deyərsiniz, mən ölüm?
Hominski. Əgər bildiniz firəng qoşununu kim basdı? Nemeslərin uçitelləri. Ona görə bizə lazımdır nə? İşkol!
Krılov. Zarafat oyanda dursun, işkolsuz işimiz fırıqdır.
Mahmudov. Kişilər doğru deyir. Amma allahın altında bizim kənd uçitellərinin əhvalına bir baxsaydınız, o saat canınız yanardı. Kişilər, inandırıram sizi ki, bir də görürsən bir abbası tapmırlar ki, dəlləyə verib üzlərini qırxdırsınlar, amma siz fikr eləməyin ki, deyirəm ki, gərək onların donluğu artsın. Xeyr, təki qoysunlar ki, kişilər barı bir doyunca papaq yerə qoyub fikir eləsinlər!
Tiqranyan. Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əşi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradavoy qoyur, ya da ki, bir rus mahrasası.
Voznesenski. Mən özüm uçiteləm, bunu da sizə deyim ki, bu cürə işkolda uşaqlar biclikdən başqa heç zad öyrənməzlər.
Pruşkeviç. Bu danışanın dili "ishal" azarına düşübdür.
Sədri-məclis. Axmaq-axmaq danışma!
Həsənov. Vaxtilə, Urusiyətdə "ağa deyir sür dərəyə, sür dərəyə idi"...
Qlepovski. Bağışlayın, elə indi də Urusiyətdə "ağa deyir sür dərəyə, sür dərəyədir". Çox füzulluq eləmə, sən küllən! Aşağı otur! (səs-küy düşüb, qalmaqal qopur və ağız deyəni qulaq eşitmir, Həsənov qorxusundan bilmir nə qayırsın və yazıq-yazıq deyir.) Neynək, Sizə görə "sür dərəyə"dir. Amma bizə görə "sür təpəyə"dir. Daha mənə acığınız niyə tutur? (Səs-küy lap bərkiyir, vur çatlasın düşür, Həsənov lap qorxub deyir ki) Yaxşı qoyun oturum aşağa. Neynək, dedim, deməmiş olum.
Sədri-məclis. Kimdən qorxursan adə, heç oturub eləmə, de qurtar sözünü.
Pruşkeviç, Qlepovski və bir də Sazanoviç. Di hünəri var, danışsın görək!
Sədri-məclis. Ay camaat, istəyirəm Pruşkeviçi, Qlepovskini və Sazanoviçi qovalıyam bayra, nə deyirsiniz?
Hamı bir yerdə. Ay, nə bir yaxşı iş elərsən! Sən öləsən böyük savab qazanarsan.
Sədri-məclis. Adə, Pruşkeviç və Qlepovski və Sazanoviç, Siz nəsiniz? Bu saat durun rədd olun burdan.
Pruşkeviç, Qlepovski və Sazanoviç. Yaxşı kamança çalırsan, amma heyif ki, səsi çıxmır.
Məclis əhlindən biri. Üzünüz tökülsün, ay balam. Sədri-məclis. Adə, durun rədd olun demirəm sizə?! Pruşkeviç. Axı çox da deyirsən, sənin sözünə qulaq asan kimdir? Məclis əhlindən biri. Adə, adam oğlusan, ayıbdır axı. Qlepovski. Belə əlimizin içindən gəlir, çıxmırıq!
Sədri-məclis. Lənət sənə şeytan, dayna! A balam, yəni istəyirsiniz ki, qolunuzdan tutub çıxardam?
Sazanoviç. Di hünərin varsa çıxart.
Pruşkeviç. Allahdan istəyirəm ki, belə bir iş eləyəsən də!
Əhli məclisdən biri. Balam, hərgah qoçuluq fikrindəsinizsə, onda, bura qoçu yeri deyil, gedin, məsələn, Bakıda qoçuluq edin!
Pruşkeviç. Təvəqqe edirəm, ağzuva yiyəlik eləyəsən, səni danışdıran yoxdur.
Sədri-məclis. Adə, Pruşkeviç, sən atanın goru, dur burdan, yoldaşlarını da götür çıx get, qoy biz burda iş görək.
Pruşkeviç. Atamın goru haqqı, min il qala, getmərəm. Yoldaşlarım özləri bilərlər, gedirlər getsinlər, amma mən getmərəm (yoldaşları durub gedir, Pruşkeviç qalır).
Sədri-məclis (dumaya). Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinə. İnsanda gərək bir az həya olsun. Həya ki olmadı heç nə. Durun, çıxaq gedək evimizə, sizin hamınızın babalı olsun bunun boynuna!
Pruşkeviç. Mənə deyənin boynuna olsun!
Sədri-məclis. Mən namərdəm, əgər səni 15 gün buralara qoysam.
Pruşkeviç. Bu sən öl, keyfim istəyəndə şax gəlib, yerimdə oturacağam, əlindən gələni beş qaba çək.
Məclis əhli (bir yerdə). Pah atanla, yeri, get, belə də bihəya olarmı, ay başınıza dönüm! Görəsən bu kimin belindən gəlib, kimin qarnından çıxıb.
Pruşkeviç (gedə-gedə papağını əyri qoyub, oxuyur, öz-özünə deyir). Yazıqlar, dayna, yığılıblar bura ki, milləti irəli aparacağıq! Ədə, mən namərdəm əgər bu dumu qoysam ki, sağ baş gora aparsın.

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 328-330.