"İrşadçı"nın cavabı
Bağlanmış "İrşad"ın ən yaxın əməkdaşı olduğum üçün, mən laqeyd baxa bilmərəm ki, bu qəzet haqqında ən gözəl xatirələr "Təzə həyat"ın redaktor c. Vəzirovun "Bakınskiden"in 40-cı nömrəsində onun ünvanına nalayiq şər atması ucbatından ləkələnmiş olsun. Odur ki, rus kütləsi qarşısında etiraf edən redaktora kiçicik cavab verməyə məcburam.
H. Vəzirov öz "Tövbənaməsində" rus kütləsinə özünü, əlbəttə, sərfəli hesab elədiyi tərzdə qələmə verir. Özünü nə tərzdə olur-olsun qələmə verməyə, əllbəttə, onun haqqı olardı və hər cür günahlarına baxmayaraq, büllur kimi saf görünmək istəyən bir adamın arzusuna bizim heç bir etirazımız olmazdı, bu şərtlə ki, haman kəs cürət edib özünün baş tutmaz qəribə arzusuna görə əslində necə bir adam olduğunu; yəni hoqqabaz olduğunu boynuna alaydı. Fəqət məsələ də elə ondadır ki, c. Haşımbəy cürətsiz hərəkət eləyir. O, rus kütləsinə təmiz görünmək istədiyinə görə, hoqqabaz olduğunu demir, əksinə, özünü "iyirmi ildən artıq publisistika ilə məşğul olan, bir çox qəzetdə işləyən, nə qaragüruhuçu, nə cahil (elə mən özüm də körpə olanda heç bir günahım yox idi), nə Kruşevan, nə Purişkeviç və hətta kəskin ruhlu (sola doğru) olduğu üçün "Kaspi" qəzetində yer tapmayan məqalələr yazmış" bir ictimai xadim kimi təqdim edir. İndi, bu "əməlisaleh"adam "günlərin bir günündə", "Təzə həyat" qəzetinin redaktoru olandan sonra "İrşadçılar" başda olmaqla bütöv bir dəstə əmələ gəlib onun üstünə düşməyə, "öz təxəyyul lıqqasının" çirkablarını bu "yazığın" başına tökməyə başlamışdır, "ancaq ona görə" ki, özünün izah elədiyi kimi, "Təzə həyat"ın "dükanı", "İrşad" dükanına rəqabətdə üstün gəlirdi, bu səbəbdən də dəstə öz pətəyini qorumalı olurdu".
"Təzə həyat"ın redaktoru özünü rus kütləsi qarşısında belə fağır və əməlisaleh adam kimi təqdim eləyir və deyir ki, "bütün bu həngamə" ona görə "qopub" ki, guya, "Təzə həyat", "İrşad"ın mövqeyini möhkəmcə sarsıdırmış.
Bəs o, müsəlman kütləsinin gözündə də özünü bu cür qələmə verirmi və "İrşadçılar dəstəsinin" onun üstünə düşməsini beləmi izah eləyir? Təbii və məntiqi bu olardı ki, əgər "hə", onda o, həqiqətə yaxındır, əgər "yox", onda zəmin-asiman kimi həqiqətdən uzaqdır... Əlbət ki, yox!
Onun rus kütləsi qarşısındakı surəti ilə müsəlman kütləsi qarşısındakı surəti əsla bir-birinin eyni deyil. "Ürəyini açan quzu" müsəlman kütləsi qarşısında islamı düşmənlərindən, "təzə müsəlmanlardan" qoruyan zəhmli bir mübarizə çevrilir; o şəxsə ki, düşmənlərdən birinin kim olduğunu bilmişdir, amma adını çəkməyəcək və ya xəlvəti çəkəcək, qalanlarına isə sətirarası işarə edir ki, bunlar da "İrşadçılar" dəstəsi imiş. Tək elə bunun özü eyni bir şəxsin surətinə uyğun gəlməməsi, onun ikiüzlüyünü sübut eləyir ki, bu da öz növbəsində oxuyan kütləni belə qüsuru olan bir adamın igidliyinə və "günahsız bir quzu" olduğuna şəkk gətirməyə vadar eləməlidir.
İndi cənab Vəzirovun özünə müraciət eləyək. Cənab Haşımbəy, siz rus kütləsinə deyirsiniz ki, qəzetiniz rəqabət sarıdan "İrşad" üçün öldürücüdür. Buna görə də irşadçılar ünvanınıza böhtanlar deyib, başınıza çirkablar töküblər və i. a. Fəqət, çənab Haşımbəy, özünüzu təmizə çıxarmaq naminə siz oxuyan müsəlman kütləsini nahaq yerə təhqir edirsiniz. "İrşad" öz oxucularına həddən ziyadə ehtiram bəslədiyindən onların o qədər avam olmasını xəyalına gətirməzdi ki, cəhaləti, dedi-qoduçuluğu, fitnəkarlığı saf və qurtuluşa çağıran təbliğatdan seçib ayıra bilməsinlər. "İrşad" bağlananda onun üç min nəfərdən artıq abunəçisi vardı, o vaxt sizin qəzetiniz isə ən uzağı min nüsxədə yayılırdı. Hərçənd siz hələ qabaqlar yazırdınız ki, sizin dörd min nəfər abunəçiniz var?! İndi isə sizə inanmalı olsaq, güman etmək olar ki, sizdə min nəfərədək abunəçi var, amma sizin bu bəyanatınıza və ümumiyyətlə sizə inanmaq həddən artıq sadəlövhlük olardı. Bir də ki, "İrşad"ın hər hansı rəqabətdən ehtiyat etməyə qətiyyən ehtiyacı yox idi, zira onun məramı alver deyildi; "İrşad", öz daxılının yox, öz xalqının rifahının qeydinə qalan məfkurəvi qəzet idi və əgər sizin "Təzə həyat" xalq üçün həqiqətən faydalı bir orqan olmuş olsaydı, "İrşad" ona yaxşılıqdan savayı heç bir pis şey arzulamazdı. Fəqət, hörmətli cənab, sizin qəzet, allah bilir, hansı niyyətləriniz naminə müdam müsəlman çəmiyyətinin arasına nifaq salıb onu iki düşmən cəbhəyə: bir "təzə müsəlmanlara" və ya "mürtədlərə", bir də ki, "köhnə müsəlmanlara" və ya "əsl müsəlmanlara" bölürdü və təbii ki, müsəlman cəmiyyətinin bütün ünsürlərinin vəhdəti və həmrəyliyi keşiyində dayanan bir qəzet kimi "İrşad" buna biganə baxa bilməzdi.
Rus orqanında özünüzü məsum quzu kimi qələmə verərkən siz naməlum, bir kompaniyadan, yaxud da nifrətiniz aşıb-daşdığından quldur dəstəsi adlandırdığınız naməlum dəstədən dəm vurursunuz. Siz irşadçıları bu dəstənin başına qoyur və əleyhinizə yazanların hamısını onun heyətinə daxil edirsiniz. Cəsarət edib sizi və rus kütləsini inandıra bilərəm ki, nə sizin əleyhinizə, nə də bir başqasının əleyhinə irşadçılar başda olmaqla heç bir dəstə yoxdur. Bu dəstə sizin xəyalınızda yaranmışdır. Rus və müsəlman orqanlarında bəzi şəxslərin peyda olub əleyhinizə ittihamlar irəli sürməsi isə açıq işarə etdiyiniz irşadçıların təhriklə yox, elə sizin qəzet ədalarınızla izah edilir, həm də xoşunuza gəlməsə də, bu şəxslərin peyda olması təbiidir. Doğrudanmı, elə zənn edirdiniz ki, müsəlman cəmiyyəti şüurlu ünsürlərdən tamam-kamal xalidir?! Nə isə, cavabımızı bitirək.
Etiraflarınızda siz guya təəssüf hissilə, əslində isə aşkar sevinc hissilə (bir sözlə, əda ilə) deyirsiniz: "Xoşbəxtliyimdən və eyni zamanda təəssüf ki, onlar (yəni dəstə qəzetimdən bir sətir də misal gətirmirlər. Ona görə xoşbəxtlikdən deyirəm ki, öz əxlaqi mövqelərinə görə bu hər şeyi qəsdən və qərəzlə təhrif eləməyə qadirdirlər, təki məramlarına çatsınlar". Xeyir, cənab Haşımbəy, xoşbəxtlikdən sözünü əsla buna görə işlətmirsiniz, zira siz, doğrudan da, belə bir nalayiq əmələ sevinərdiniz ki, bu yeganə ağılkəsən dəlili qərəzkarınızın əleyhinə öldürücü silaha çevirəsiniz. Xeyir, mən sizi istədiyinizdən daha yaxşı başa düşürəm. Ona görə xoşbəxtlikdən deyirsiniz ki, rus kütləsi üçün qəzetinizdən misallar gətirilsəydi, kütlə sizin müsəlman qələminizdən, düzü, dəhşətə gələrdi! Onu da deyim ki, əgər mənimlə razı deyilsinizsə və qəzetinizdən misallar gətirilmədiyinə, doğrudan da, təəssüflənirsinizsə, onda izn verin ancaq sizin açıq-aşkar razılığınızla qəzetinizdən misallar gətirək, bəzi səbəblərə görə mənə gərəkdir ki, siz razılığınızı mətbuatda bildirəsiniz və onda rus kütləsi eləyhinizə irəli sürülən bütün töhmətlərin və ittihamların ədalətli olduğunu yəqin edər.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild. - S. 257-260.
