Üzeyir Hacıbəyli

Mühüm məsələ

Keçən səfər parlamanın sosialist fraksiyası təklif etdi ki, parlamanın gələn növbəti iclasında (yəni bu gün) yer və topraq məsələsi ruznameyi-müzakiratda birinci sıraya qoyulsun.

Sosialistlərin intizarı xaricində olaraq Müsavat və sair fraksiyalar dəxi bu təklifə razı olmaqla təklif əksəriyyət ara ilə qəbul edildi.

Yer və topraq məsələsi mühüm bir məsələdir. Qədim romalıların “patriç” və “plebey”lərini andıran bugünə qədər əhalinin - biri mümtaz, diğəri qeyr-mümtaz olmaq üzrə iki sinfə ayıran “bəy” və “rəiyyət” kəlmələri, zatən yer və toprağın qeyr-mütəsavi bir surətdə bulunmasını və ədalətdən kənar tərzi-təməllükini ifham edən sözlərdir.

Yer və topraq məsələsi Yevropa sosioloji elmlərinin çoxdanbəri fikrini məşğul edən ictimai bir məsələdir ki, bilaxirə siyasi firqələrin proqramına dəxi daxil edilib, bunun həlli və çarəsi həqqında hər firqənin xüsusi bir nəzəri vardır.

Əvvəlcə ixtilaf əsası üzərində idi. Yəni yeri bərabər olmaq üçün bir çoxlarının xüsusi mülkiyyətlərinə əl vurmaq və mülk olduğu yeri əlindən almaq caizdirmi və ya deyilmi məsələsi üstündə ixtilaf vardı. Lakin bugünə qədər davam edən inqilablar nəticəsi olaraq bu ixtilaf həman aradan götürülüb bu gün bütün demokratik firqələrin cümləsi yer və toprağın bərabərcəsinə bölünməsi tərəfdandırlar. Və arada bir ixtilaf varsa o da “bədəl ilə” və “bədəlsiz” sözünün üzərindədir. Bəziləri deyirlər ki, yeri özgələr arasında təqsim edilmək üçün əlindən alman şəxsə bu maddi ziyan və zərər əvəzində bədəl vermək lazımdır. Digərləri isə, məsələn, sosialist firqələri bədəlsizligi iltizam edirlər.

Azərbaycan Cümhuriyyətində mövcud olan siyasi firqələrin istər sosialist, istərsə qeyri-sosialist yer və topraq proqramı əsl və əsas etibarilə həman bir-birinin eyni olub füruatında mövcud olan ixtilafları da bu firqələr arasında münaqişə sala biləcək mahiyyətdə qəliz degildir.

Bundan aşkardır ki, yer və topraq məsələsi Azərbaycan Cümhuriyyətində “bərabər təqsim” əsasilə həll edilib bu xüsusdəki siyasətimiz hökumət tərəfindən sadir olacaq qanun və qaydalar da bu əsasa müvafiqət edəcəkdir.

Bir çoxları var ki, yer və topraq məsələsinin bu yollu həlli məmləkətimizdə bir çoxlarının baxüsus bəy və xan sinfinin narazılığını mucib olub da anarşi törətməsinə səbəb ola bilər deyə əndişələrə düşürlər. Boylələri də yox degil ki, zatən məmləkətimizdə anarşi törətmək və bunun sayəsində xüsusi məqsədlərini yeritmək üçün yer və topraq məsələsinə bir vasiteyi-ixtişaş ümidilə baxırlar.

Fəqət Azərbaycan dövlətinin bugünkü yer və topraq işləri yəni “aqrarya” haləti sair məmləkətlərə nisbətən öylə bir kəskin vəziyyətdə degil ki, birincilərin əndişəsinə və ikincilərin ümüdünə məhəl vermiş olsun.

İş burasındadır ki, bu məsələ üzərində bizdə “sinif mübarizəsi” əmələ gələ bilməz. Çünki bizdə “bəy və xan” sinli bu topraq və mülkiyyəti cəhətcə “rəiyyət” qismindən bir o qədər mafövq degildir. Bu saat bizlərdə bəylər və xanlar var ki, yalnız bir quru addan başqa heç bir şeyə malik deyildir. Bunlar Haqverdili cənablarının məşhur “Dağılan tifaq”ında' ustadanə bir surətdə təsvir edilən səbəblər nəticəsi olaraq hər nə mal və mülkləri varmışsa hamısını satmaq və başqa bir yol ilə əldən buraxmaq məcburiyyətində bulunub var- yoxdan çıxıbdırlar. Digər tərəfdən “rəiyyət” denilən adamlar vardır ki, böyük yerlərə - mal və mülkə malik olub rus təbirilə “qulaq” adlanan boylə bir sinif təşkil edəcək dərəcədə mahiyyət ədədiyyələri vardır. Xırda kəndçilərin dəxi hər kəsin özünə məxsus az-çox yeri olub və ancaq bunlardan bir paraları alati-ziraəyə və işçi heyvanatdan məhrum olduğlarına görə özgələrə də istər bəy olsun, istər “qulaq” olsun rəncbərlik edib bu yol ilə imrari-həyat ediyorlar.

Əlavə bir bölünmək işinə gəldikdə vətənimizdə rusdan qalma bir çox münbit və qeyr-münbit yer dəxi o qədərdir ki, yer məsələsi həll edildikdən sonra hər kəsin, hər ziraətçinin böyük vüsətdə yeri olacaq. Narazı qalan olsa da yalnız artıq təməlik sauqəsilə baş verə biləcəkdir.

Bu üzdən ümid etməlidir ki, bizdə aqrarya islahatı felən həyatımıza tətbiq edilərkən azarsız bir surətdə keçib heç bir şuluqluğa və sair bu kimi vaqeələr ehdasına məhəl qalmayacaqdır.

“Aqrarya əhvalımızın kəskin deniləcəyi qədər bir cəhəti varsa o da yalnız bir su məsələsidir ki, indiyə qədər ziraətçılar arasında istər bəy, istərsə də qeyr bəy hər nə münaqişə olmuşsa yalnız bu məsələ üzərində vaqe ola gəlmişdir. Əgər su xüsusi mülkiyyət təhtindən azad edilib də ümumyən istifadəsinə verilmək üçün dövlət malı olarsa məsələ zənn edirik ki, bununla bitmiş hesab olunar.

Hər halda yer və topraq məsələsi mövcud olan xüsusi malikiyyət tərzi-idarəsini aradan götürməklə arada böyük bir ictimai təhəvvül və başqa bir idarə əmələ gətirəcəgindən mühüm bir məsələdir. Boylə olan surətdə bu mühüm məsələni parlamanımız heç bir hazırlıqlara girişmədən həll edə bilərmi? Yaxşı olmazmı ki, bu vacib məsələni camaət tərəfindən vəkalət və ixtiyarı bugünki parlamandan daha artıq və daha geniş olan məclisi-müəssəl həll etsin?

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 226-228.