Təəssürat (II)
Parlamanımızın keçən günkü iclasından hasil etdigim təəssürat keçənlərdəki kimi zövq aldığım xoş təəssüratımın yerini verə bilmədi.
Parlaman mənə:
Keşiş həmişə kötəyimiz!
Dedirtdi.
Qərəz, heysiyyəti-milliyə təzmin edilmədi. Qəlbimdə bir acılıq qaldı. Bir kəlmə:
Sindim!
Rusca danışmalı imiş!
Raboçi klubda rus fələləri müsəlman natiqlərindən rusca danışmağı tələb edirmişlər. Parlamanda dəxi hərdəm bunu tələb edənlər olmayır degil, fəqət tələb edənlər ruslar degildir.
"Rusca, rusca!" - deyə hərdəm yerlərindən əmr verən məbus əfəndilərimizi mən başa düşürəm. İstəyirlər ki, qeyri-müsəlman məbusanlarımız həqqində əvvəla adi "nəzakət" rəsmiyyəti icra edilsin və saniyən danışılan məsələlərdən, təklif olunan qərarlardan onlar da müxbir olub işdə iştirak etsinlər.
Buna heç bir sözümüz yox! Hələlik bu dilə möhtacıq və istimalına da məcburuq. Lakin rusca danışılmasın, rusca ancaq tərcümə edilsin. Baxüsus Lənkəran, Muğan, İrəvan, Qarabağ və sair erməni məzaliminə məruz qalan yerlərdən alınan kağızlar, sənədlər hər dəfə mütləq rus dilinə tərcümə edilib qeyri-müsəlman məbuslarımız üçün oxunsun. Lakin adi söhbətimizi baxüsus məbuslar ilə rus əfəndi arasında və ya məbuslarımızın öz aralarında təati edilən sözləri rusca sögləməgə heç bir ehtiyac yoxdur.
-Pozvolte mne dva slova!
-Vı o çem?
Ya na sçot zayavleniye çlena...
Bunun kimi mükaliməni parlamanda rusca keçirtməgə nə hacət? Bir halda ki, danışan da türkdür, danışdırılan da...
İrəvan hadisatı xüsusində hökumətə "zapros" verildi. Mən də rusca danışmağa başladım, lakin qərəzsiz degildir. Bu "zapros" sözü parlamanımızda ümumiyyət etibarilə "istiza" və "izahat" kimi başqa mənaları ifadə edən ərəbcə kəlmələrlə tərcümə edilir. Dünən məbusamız və bu gün vəzirimiz olan sosialist Səfikürdski cənablarından bu "zapros" sözünün "sorqu" sözü ilə ifadəsini dəfələrlə eşitmişəm və çox da xoşuma gəlibdir. Məbuslarımızın da xoşuna gəlsə idi bu sözü qəbul edərdik. Zatən bu sözü Səfikürdski cənabları özündən çıxartmiyubdır. Dilimizin mənbə sərvəti olan və rus dili tələbəsindən bir dərəcəyə qədər kənarda qalan kəndlərimiz də yazıçılarımızdan bir çoxunun zənn edirəm səhv və xəta olaraq "sorğu-sual" surətində yazdığı "sorğu-sual" sözü vardır. Bu söz kəndlilərimizin ağzında çox işlənir.
Məhəmmədhəsəni tutub sorğu-sualsız dama saldılar. Zənn edirəm bu "sorğu" sözünü "zapros" yerinə Səfikürdski ilə bərabər hamumız dəxi işlətsək, uduzmarıq ki, udarıq. Türkiyə məçlisi-məbusanında "zapros" sözünə "təqrir" dinləndigi qəzetələrdən anlaşılmaqdadır. Xülasə, İrəvan hadisatı xüsusində hökumətə sorğu verildi. Sorğu verən əfəndinin ifadatında həm də o tərəfin zavallı müsəlmanlarından gəlmiş istimdad fəryadı ilə dolu olan məktublarında İrəvan hadisat eləməsi təsvir olunurdu.
...Bu təzə xəbərləri dinləyən parlaman əzalarında nə bir təəssürat, nə bir ruh incikligi, nə bir yas, nə bir kədər, nə bir nifrət, nə bir etiraz əlaməti müşahidə edilmədi.
Danışılan ruhsuz sözlərdən də çıxan nəticə bu oldu ki:
- İngilislərə müraciət edək...
Genə ingilislərə!
Günü bir gün bu ingilislərin bizə qaya ağırlığında bir söz deyəcəgindən mən çox qorxuram!
Müntəziri və arzusunda olduğumuz qızğın bir nitqi əvəzində beş-on kəlmə "xala-xətrin qalmasın"la bizi qənaətləndirmək istəmiş olan Məhəmməd Əmin Rəsulzadə cənabları istisna olmaq üzrə firqə "lider"lərimizin bir qardaş fəlakəti xüsusunda ixtiyari-sükut etmələri bizcə anlaşılmaz bir sətir, açılmaz bir müəmma hökmündə qaldı...
İrəvan, Lənkəran, Qarabağ və bu kimi hadisələr həqqindəki məsələlər nə "firqəvi" məsələdir ki, deyək o firqə tərəfindən verilən sorğuya bu firqənin dəxli yoxdur. Nə bir "diplomatiki" məsələdir ki, bunun üçün "piş əz vəxt" evdə hazırlaşmaq lazım gəlsin. Bədbəxt qardaşlarımızın daşnaklar təhəkkümü və təzəllümü altıında tağətfərsa fəlakətlər çəkdigindən mütəəssir olub da acınmaq, yanmaq, qızmaq və əhvali-ruhiyyələrini münasib sözlə ifadə etmək və bu işə hökumətimizin də, camaətimizin də, müttəfiqlərimizin də, rusların da, yəhudilərin də hər insaf və insaniyyət sahibinin diqqətini cəlb etmək çətin bir əmrmi idi!?
Əfvi-ümumi məsələsi araya gəldi.
Parlamanımızın birinci iclasında "İttihad" fırqəsi tərəfindən irad edilmiş olan bu məsələ bu səfər həll olundu. Əfvi-ümumi, daha doğrusu, siyasi mücrimlərin əfv edilmələri xüsusunda hökumət tərəfindən tərtib edilmiş qanun layihəsi parlamanca qəbula keçdi.
Sonradan bu məsələni qurdalayub da vəziri bir taqım lüzumsuz bəyanata məcbur etmək yersiz idi. Zira vəzir Səfıkürdski cənabları siyasi mücrimlərin kimdən ibarət olduğunu öylə bir şəkildə bəyan etdi ki, siyasi mücrim ilə adi caninin təfavütünü seçmək çətin oldu.
Səfikürdski çənablan bunu unutmasın ki, hökumətə qarşu silah ilə qiyam etmənin bomba və dinamit gizlətmənin, meşə qırmağın nə dərəcədə siyasi cürm və nə dərəcədə adi bir çinayət olduğunu əhalimiz içində başa düşməyənlər hələ çoxdur.
Sosialistlərdən sağ və fələ məsələsində də onlardan bir az uzaq olan "Müsavat" fırqəsinin sosialist vəzirə fələlər məişətinin çətinligi həqqində sorğu verməsi məzəli bir keyfiyyət idi.
Bu xüsusda "Müsavaf’çılar ilə sosialistlərimiz arasında bir bala "atışma" vaqe oldusa da nəticəsi "səlamatlıq" ilə keçdi. Müsavatçı Kazımzadənin fələ həyatının üsrəti həqqindəki qızğın nitqinə cavab verən məsai-vəziri sosialist Səfıkürdski çənablan özünü sındırmadı, dedi: "sizə fələ məişəti həqqində elə həqiqətlər söylərəm ki, "başınızın tükü ayağa durar".
Filvaqe Səfıkürdski çənabları bu surət xüsusunda nitq irad edərkən öylə sözlər söylədi ki, özgələri bilmirəm, əmma mənim başımın tükü ayağa durdu. Məsələn, fələlər həyatının, ümumiyyətlə, hər bir yerdə, ağır bir surətdə keçməsini nəql ilə sözünü bolşevik fələləri məişətinə ətf edərək dedi ki, bolşevik fələlər hamıdan yaxşı dolanırlar. Və bu sözü mənidar bir surətdə təkrar etdi.
-Bolşevik fələlər yaxşı dolanırlar.
-Bizim fələlərə də yaxşı dolanmaq lazımdır. Ona görə yaxşı dolanmaq üçün bolşevik olmaq lazım gəlir!
Elmi məntiqdə boylə çıxır.
Təcrübədə də felən boylə çıxarsa, onda nəinki bir mənim bəlkə bir çoxlarının başının tükü ayağa durar!
Hər halda "Müsavat’çılann fələlərimiz həqqindəki ciddiyyətlə çarpışması fələ ehtiyacatının, fələ təşkilatlarının dalınca olmaları son dərəcə şayani-sərvər və təsəlli bir fəaliyyətdir.
Gəldi Lənkəran faciəsi məsələsi, Lənkəran məbusu Hacı Mirzə Səlim Axundzadə’ cənabları yürəginin dərdini, vətəninin ağlar halını, Lənkəran müsəlmanlarının biganələr əlindən çəkdigi zülm və sitəmi parlaman əzalarının hüzurunda açıb diməgə axır ki, fürsət tapdı.
Hacı Mirzə Səlim cənabları nitqinin "müqəddəməsinin müqəddəməsini" boylə başladı:
Nalera hərçənd mixahəm ke pünhan bekonəm
Sinə miquyəd ke, mən be təng amədəm, fəryad kon
Bundan əlavə məbus əfəndi nitqini ərəb şerlərilə dəxi təzyin edir, boylə ki:
Və kullu yədin əmvanə visalə Leyli
Va Leyli lə tuqarru ləhum bizəkə
İzə ətəmmət dumuun min uyunin
Təboyyənə mən bəkə ay mən təbəkə
Sonra Lənkəran müsəlmanlarının rus "demokrat’’ları əlindən çəkdigi əza və cəfaları yanıqlı bir dil ilə söyləməgə başladı: "Lənkəranlılara azadlıq və kömək lazımdır, deyə hər kəsi köməgə dəvət edərkən ruznamələri dəxi bu köməgə cəlb arzusuyla qəzetə yalnız bir firqənin naşiri olmayub da bitərəfanə surətdə hər kəsə danışmaq imkanı verməlidir", dedi. Məbus əfəndinin bu işarə və kinayəsi hansı raznaməyə aid olduğunu bir dürlü anlamadıq.
Əlbəttə, bizim qəzetəyə ola bilməz! Çünki qəzetəmizin firqə və partiya xaricində rəsmi bir orqan olduğu hər kəscə məlumdur. Hər günkü möhtəviyyatından məlum olduğu üzrə vətən abadlığı, millət salamatlığı cəmaət tərəqqisi, dövlət intizamı ilə bərabər istiqlal və genə də istiqlal şüarlarını virdi-zəban edib də bunun hüsulində əlindən gələn qədər çalışmaqda olan qəzetəmiz bu dairədə yazılmaqda olan məqalələrə sütunlarım bir ananın balasına qarşu açdığı qucağı kimi kəmali-meyl və məhəbbətlə açıbdır, vəssalam!
Əlqərəz, Ilacı Mirzə Səlim əfəndi Lənkəran faciəsindən bir şəmmə açıb nəql elədi.
Bu dilsuz həqiqətləri dəxi parlaman əzalarımız İrəvan hadisəsi kimi heysiyyəti-milliyyədən ari qeydsiz bir tərzlə qarşıladılar. Genə nə bir nitq, nə bir hərəkət...
Mən güman edirdim ki, bu gün həvanın soyuqluğu parlaman əzalarımıza o dərəcədə əsərbəxş olubdır ki, bu soyuqluq degil, yalnız bir bədənlərinə, bəlkə ruhlarına da keçibdir, ona görə bugünkü iclas axırına kimi "soyuq" keçəcəkdir. Lakin cəvan və fəal məbuslanmızdan Əhməd Cövdət əfəndinin bir saətlıq əsl "parlamanı" bir nitqi gümanımı səhvə mübəddəl etdi. Çünki natiq əfəndinin istər nitqində, istər bədənində, istər ruhunda "üşümək" əsəri yox idi. Biləks, qızqınlıq var idi.
Əhməd Cövdət əfəndinin bu hərarətli nitqi nəyə dair idi? Nəyi və kimi bu hərarət və səlasətlə müdafiə edirdi?
Stansiyalarda soyulmuş bir nəfər Sarkisyanı və dəmiryol mövqiflərinin birində guya öldürülmüş olan üç nəfər ermənini!
Qışın bu soyuq günlərində buzlu dağlara pənah aparmış, Araz çayının qar sellərinə qurban olmuş yer və yerlərindən, mülk və mallarından, can və başlarından top və pulemyot güllələri zoru ilə məhrum edilmiş, əsir və yesir günündə dağlara, daşlara, dərələrə, təpələrə səpilmiş olan məzlum və məzlumlardan da məzlum olan bədbəxt qardaşlarımızın, ana və bacılarımızın müdafiəsi həqqində bir söz boylə dilinə almağı özünə "layiq" görməmiş olan məbus əfəndimizin daşnaklar mənbəyindən xüsusi bir qərəz ilə nəşat edən yalan və acı bir yalan olduğu rəisül- vüzəra Fətəli xanın bəyanatından bəlli olan xəbərlər həqqində kəmali-səlasətlə hərraflıq etməgi bənə o qədər ölüm bir təsiri-yanıqlı bir acıq verdi ki, nitqi axırınadək dinləmək taqətim qalmadı...
Türk yürəkli və sosialist fikirli Əhməd Çövdət əfəndinin fəal və çalışqan bir zat olduğu məlumuzdur. Və hər kəsə bilafərq millət, insaniyyət nəzəri ilə baxmaq fikrinin aliliyi, nə də mötərifik. Lakin iki nəfər insandan iki nəfər adam övladından birinin məzlum və məflum olduğu dünya işığına baxan gözümüz gördüyümüz halda və o birinin də məzluma nisbətən qeyri-məzlum bir və aləmi-batini səsini də dərk edən bəsirətmiz ilə vəziyyətində bulunduğunu dərk etdigimiz təqdirdə məzlumu qoyub da qeyri-məzlum həqqində çalışmağımız insaniyyət fikrinə mütabiq və elmi məntiqə müvafiq olmadığı surətdə boylə eləməyin mənası nədir, əcəba?
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 70-75.
