Üzeyir Hacıbəyli

Osmanlıda qanuni-əsasi

Osmanlı işlərinə vüquf və məlumatnamələri olan üdəba və publisistlərimiz Osmanlıda qanuni-əsasi vəzinə dair öz fikirlərini izhar və ifadədən hələ çəkinmirlər kimi görünürlər. Bunun da səbəbi məlumdur, çünki "Sultan həzrətləri hal-həyatda olarkən Osmanlıda qanuni-əsasi elan edilməz"-deyə hər kəs buna qane idi və bu qənaətin sayəsində də müxtəlif məmləkətlərə dağılıb da vətən həsrətilə ömr keçirən Gənc Türklər özlərini ağuşi-vətənə atmağa əcələ etmədikləri kimi bizim üdəba və publisistlərimiz də Osmanlı qanuni-əsasi xüsusunda fikirlərini izhar etməyə tələsmirlər, halbuki onların fikirləri son dərəcə əhəmiyyətlidir.

Lakin minlərcə şükürlər olsun ki, indiyə qədər alınan teleqramlar qanuni-əsasinin kəmali-qaidə ilə vəd və tətbiqini xəbər verib, qəlblərdə bir itminan hüsula gətirmək üzrədir.

Zatən Osmanlıda bir təbəddülat zühur edəcəyini hər kəs zənn edirdi. Qanuni-əsasi olmasaydı da Osmanlıda yenə də böyük bir hadisə vaqe olacaq idi. Bu hadisə Osmanlının dəhşətli bir atəşi-inqilabiyyəyə düçar olacağı idimi, yaxud ingilis və Rusiyanın Makedoniya məsələsi həllində səbat edib, Osmanlı ilə bir toqquşmamı olacaq idi? Qərəz, hər halda calibi-diqqət bir vaqiə zühur edəcəyi möhtəməl idi ki, əlan o vaqiə zühur edib də qanuni-əsasi vəzindən ibarət oldu. Osmanlı dövlətinin və bütün aləmi-islamın xoşbəxtliyi bunda oldu ki, qanuni-əsasi vəzi-zühuru möhtəməl olan digər dəhşətli hadisələrin önünü alıb, yəni inqilabın zühurunu lüzumsuz etməklə bərabər, digərinin, yəni Makedoniya məsələsinin təhlükəsini də azaltdı və haman məsələni təxirə saldı. Sultan həzrətləri qanuni-əsasi vəzlə Osmanlını üç təhlükədən xilas etdi ki, onların üçüncüsü də əhalinin və bütün məmləkətin istibdad altında çürüməyi idi. Bunları nəzərə alıb da, sultan həzrətlərinə hər tərəfdən gələn təşəkkürlərin və padşaha edilən həmdü sənaların bicavü bəhəqq olunduğunu hər kəs təsdiqə məcburdur. Doqrudan da, qəzetləri boğub öldürüncəyə qədər şiddətli olan senzurun ləğvini, müzürr mikroblar kimi əhalinin canına məsəllət olan xəfiyyələr heyətinin fəsxini və günahlı-günahsız siyasi məhbus naminə zindanlarda çürüyən vətən övladının əfv və təxlisini bildirən və bütün məmləkətə parlaq bir istiqbal göstərən bir qanuni-əsasini vəz edən padşaha izhari-təşəkkürat etməmək mümkün deyildir.

İştə bu qanuni-əsasi yevropalılar təbirincə haləti-nəz olan və bizim fikrimizcə nabehənkam can verməyə məcbur edilən bir millət üçün abu həyat olub, milləti hər bir cəhətdən dirildər və ondan sonra Osmanlı dövləti dəxi tənə və istehza hədəfi olmamaqla bərabər, Yaponiyaya olunandan daha ziyadə bir ehtiram, şan və heysiyyətə malik olar, inşallah!

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 92-93.