Azərbaycan musiqi həyatına bir nəzər
Azərbaycan türkləri musiqini çox sevir və olduqca ona həvəs edirlər. Musiqi əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük mümaniət təşkil etdi, o səbəbdəndir ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamandan ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görməyib, hənuz ata-babadan qalma bir halda davam etməkdə olduğu kimi sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün ən ibtidai və naqis bir haldadır,
İslam aləminin mədəniyyət dövrü zamanındakı filosof və böyük alimləri musiqinin, əvvəla, elmi əsaslara məbna mədəni bir sənət olduğunu və saniyən insanın əhvali ruhiyyəsində müxtəlif təsirlər buraxan və hətta bəzi əsəbi mərəzlərə qarşı əlac yerində qollanıla bilən ciddi bir fənn olduğunu gözəlcəsinə dərk edib, musiqi elmi üstündə bir xeylicə çalışmışlardı. Bunların çalışmaları nətiçəsindədir ki, bu gün Şərq musiqisi bugünkü Avropa musiqisindən əsrlərcə geridə qalmış olsa da, öz vaxtında müəyyən bir tərəqqi və mədəniyyət dərəcəsinə yetişmiş olduğunu bu gün belə mövcud olan müxtəlif təsirli muğam və dəstgahları ilə aşkar surətdə göstərməkdədir.
Fəqət o zamandan indiyə kimi onun dalınca düşən və bir kərrə başlanılmış və doğru bir tərəqqi yoluna qoyulmuş olan bir zərif sənətin meydanını genişləndirənlər olmayıb, biləks hər yerdə "həram" hesab edildiyinə görə min il bundan əvvəlki haman baği qalmışdır.
Musiqi tərəqqi etmədiyinə görə xalqın tərbiyeyi-musiqisi və zövq-musiqisi mütənasib dərəcədə olub, mövcud musiqilərindən böyük bir məhdudiyyət hasil edirlər.
Azərbaycan türklərinin musiqiyə olan münasibətini nəzəri-tədqiqə aldıqda görünür ki, bir tərəfdən, musiqi ümumin iştirakilə icra edilən bir adət; digər tərəfdən, tək- tək şəxslər tərəfindən işlənilən bir peşədir.
Məsəla, Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı, yaxud bayram və başqa bir şadlıq günlərində. camaat hamısı bir yerə yığılıb, iki tərəfli olaraq deyişmələr oxuyarlar, "zopu"ya gedərlər, öz-özlərinə çalıb-çağırırlar və yaxud bir şəxs öldükdə yas qurub (baxüsus arvadlar) avaz ilə hamı birdən münasib məqam sözlər, oxuyub (xor kimi), sonra ağlarlar. Bu yerdə musiqi istemalı xalq adətlərindən biri hesabında olub hamılıqla icra edilir, yaxud yenə adət qəbilindən olmaq üzrə bir iş zamanı (təklikdə də icra olunar) məsəla, əkin əkəndə, mal-qara otaranda, at suvaranda, qoyunları sayanda və ya başqa bir şey sayanda və eyni surətlə şəhərdə bənnalıq, ustalıq edəndə, mədrəsələrdə dərs oxuyanda, qəbirstanlıqda Quran oxuyanda zümzümə etmək geniş bir adətdir.
Peşə və sənət məqamında isə musiqi icrası "ustad"ların işidir; bu ustadlar, qabiliyyət və ləyaqətlərinə görə iki zümrəyə ayrılırlar: biri şəhər və yaxud "məclis" musiqiçiləri ki, bunlara məlum olduğu üzrə, xanəndə və sazanda dəstəsi deyilir; o biri zümrə kənd və ya "çöl" musiqarlarıdır ki, onlar da aşiq (aşıq) və zurnaçı dəstəsidir. Bunlardan birinci dəstəyə "mədəni" və ikinciyə "bədəvi" demək caiz hesab edilərsə, təfavütləri daha bəlli görünər.
Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki, onlardan biri oxuyar, təğənni edər, digəri tar və üçüncüsü isə kamança çalar, bu dəstənin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər; baxüsus xanəndə bir çox şer, qəzəl və təsniflər hifzində saxlamalıdır; Tarçalan dəxi dəstgahların yollarını yaxşıca bilməlidir ki, xanəndəyə "rəhbər"lik etsin, yəni xanəndə bir guşəni oxuduqdan sonra onun dalınca gələn guşəni çalıb xanəndəni qızışdırsın, kamançaçı isə əksərən tarçalanın dalınca gedir; Xanəndə gözəl səsə malik olub ustadanə təcənni etməkdən əlavə bir də zərb alətindən olan qavalı da ustalıqla çala bilməyə borcludur ki, rəng və təsniflərə keçdikdə "bəhr" tuta bilsin.
Bu dəstə çox vaxt "arif"lər məclisinə düşdüklərinə görə, sənətlərində mahir və qabil olmaları lazım gəlir və illa biyabır ola bilərlər, yəni tərif, tovsif, muzd əvəzinə fəhş və söyüşə düçar olmaqdan əlavə çörəkdən kəsilərlər.
Şayani-diqqətdir ki, xanəndə və sazəndələr belə "haram" bir əməli özlərinə peşə etdiklərinə görə, kəffareyi-günah üçün məhərrəmlik zamanı məscidlərdə nöhə və mərsiyə oxuyarlar, yaxud ziyarətə gedib hacı və məşədi olarlar...
Aşıq dəstəsi dəxi əksərən üç nəfərdən olub, bunlardan biri həm oxuyar, həm də saz çalar, iki yerdə qalanı isə aləti-nəğmədən olan balaban çalar, balabançının ikincisinə "zü" tutan və yaxud "dəmkeş" deyirlər ki, bunun vəzifəsi hava çalmaq olmayıb, yalnız bir sədanı uzatmaqdan ibarətdir. Balaban çalanlar tütək və zurna dəxi çalarlar; bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır. Aşıq dəstəsi çox vaxt muğamat və dəstgahlardan bixəbər olub "repertuarları" xalq mahnılarından və nağıllardan əmələ gəlir, nağıl vaxtı aşıqlar otaq içində gəzişə-gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə şirin-şirin nağıllar söyləyib oxuyarlar.
Böyük toylara həm xanəndə və həm də aşıq dəstəsi çağırırlar və növbətlə oxudarlar.
Azərbaycanda məşhur xanəndələr, tarzənlər və habelə aşıqlar çox olmuşdur.
Oxunan və çalınan şeylər şəkil cəhətincə ümumiyyətlə iki növdür: bəhrli havalar və bəhrsizlər. Bunlardan bəhrlilərin həm havası və həm də şəkli müəyyən olub, oxunan və çalınan zamanda zərb vurmağa ehtiyacı vardır; yəni onların çalğısında zərb alətləri dəxi iştirak edir. Bəhrsizlər çalğısında isə zərb aləti vurula bilməz. Belələrinə, yəni bəhrsizlərə Azərbaycanda, İranda dəxi dəstgah deyirlər (osmanlılarda belə şəkildə musiqiyə "təqsim" deyirlər).
Məncə, dəstgah sözünün bir mənası dəxi rusca "sooruşenie" deyilən bir təbirdir ki, musiqidə dəxi məcazən o mənada işlənilir, yəni müxtəlif muğam parçaları bir-birinə yaraşmaq və uyğun olmaq şərtilə cəm edilib bir dəstgah əmələ gəlir. Məsəla rast dəstgahını təşkil edən muğam parçaları müxtəsərən belədir: rast, üşşaq, Hüseyni, vilayəti, xocəstə (şikəstəyi-fars), əraq, pəncgah, gərayi, rast ki, bunların hər parçasına bəzən şöbə, bəzən guşə və bəzən avaz deyilər.
Dəstgahların qəzəlləri mütləqən əruz vəzni ilə yazılmış olmalıdır, barmaq hesabı yazılmış şer və qəzəllər dəstgahlar üçün yaraşmaz, əruzla yazılmış qəzəlin vəzni dəstgahın musiqisi üçün dəxi vəzn məqamını tutur.
Dəstgah oxuyan xanəndə şerin qısa hecasını necə ki var qısaca tələffüz edib, uzun hecasında avaz ilə növ-növ zəngülələr, "kalaratur"lar edib istədiyi qədər uzadıb səsi işlədir; Məsələn, "məfail" vəznindəki sözün mə-fa-il kimi üç hecası olsa da, dəstgahda "mə" hecası heç vaxt uzadılmaz, biləks "mə" hecası olduqça qısaca surətdə "fa" hecasına rəbt edilib "məfa" olar və bu yerdə, yəni "fa"da xanəndə istədiyi kimi səsi uzadıb lazım gələn kuşələri vura bilər. "Mə" uzadılsa, bizcə, gülməli bir şey çıxar. Əlhasil, "məfail" iki hecaya bölünüb oxunar (osmanlı türkləri şerdə hecaları başqa cür ayırıb oxuyurlar).
Deməli, dəstgah musiqisi vəzncə şerə tabe, bəhrsiz, havası qeyri-müəyyən, cümlələri qeyri-mütənasib bir növ musiqidir ki, hüsni-icrası xanəndə və ya sazəndənin qabiliyyət və məharətinə bağlıdır.
Bəhri olmamaqlıq bu musiqini "not" üzrə yazmağı çətinləşdirir. Bu xüsusda təşəbbüslərdə bulunanlar olmuşsa da, müvəffəqiyyət qazana bilməmişlər; dəstgahların nə növ ilə nota salına bilməsi məsələsi geniş bir təfsirə möhtac olan müxtəs və spisial bir məsələ olduğundan, onun şərhini xüsusi bir məqaləyə buraxırıq.
Dəstgahın hava, vəzn və bəhri qeyri-müəyyən olsa da, onun yolu, yəni pərdələri müsbət surətdə müəyyəndir və muğam və dəstgahları bir-birindən ayıran və hər birisinə xüsusi bir hüsn verən başlıca pərdələridir. Bu pərdələr sayəsindədir ki, məsələn, "Segah" "Şur"a, "Şur"da "Çahargah"a bənzəməyib, hər birisinin də təsiri bam-başqadır.
Xanəndə üçün dəstgah oxumağın yaxşılığı ondadır ki, müəyyən bir hava və bir bəhr qeydi altında olmayıb, öz fantaziyasına geniş bir meydan açır və səsini bəm, zil; meyxanə kimi müxtəlif "tessitura"larla işlədir.
Şərq musiqisinin gələcək tərəqqisi əmrində dəstgahların ən böyük əhəmiyyəti olacaqdır. Çünki hər bir mövcud xalq havalarının hamısı bilaistisna dəstgahların pərdələrindən götürülmüşdür; deməli, dəstgah pərdələri xaricində bir dənə də olsa mahnı tapmaq olmaz.
Azərbaycan xanəndələri arasında oxunan dəstgahların məşhurları bunlardır: rast, şur, çahargah, segah, mahur, rəhab, hümayun, bayatı-şiraz, bayatı-kürd (şöbə surətilə dəxi) və sairə ki, onların hərəsinin müxtəlif şöbə və guşələri dəxi vardır.
Burasını da qeyd etməliyəm ki, bir para dəstgah və ya şöbələri bəhrsiz olaraq tağəni edilirkən musiqisi biləks bəhrli olub zərb aləti dəxi işlənir, məsələn, heyratı, kabili, mənsuriyyə, simayi-şəms, ovşarı (əfşarı) kimi. Dəstgah kimi müəyyən bəhr və havaları olmayan musiqi cümləsindən biri də şikəstə və digəri bayatıdır.
Şikəstə və bayatıya aşıq dəstəsinin dəstgahı demək olar, çünki bu növ musiqi təğənnisi əsil onların sənətidir. Şikəstə və bayatını çox vaxt çöllərdə, meşələrdə, qərəz, ev xaricində oxuyarlar. Bunlardan şikəstə, segah, bayatı da qatar dəstgahları pərdələrindəndir.
Dəstgahın əksi olaraq şikəstə ilə bayatının sözləri ancaq barmaq hesabı yazılan şerlərdən ibarət olmalıdır.
Bu musiqinin özü də və sözləri də zatən köy xalqına məxsus bəstə və qoftə olub qoftəsi məzmunca müxtəlif olduğu halda, bəstəsi yeknəsəkdir və ənvai varsa da, o da hər mahalın öz tağənni üslubuna aiddir. Məsələn, şirvan şikəstəsi, qarabağ şikəstəsi-o da, bu da bir-birinin eyni olan üç "ton"dan ibarət bir musiqidir.
Şikəstə və bayatının sözləri zahirdə məzmunca bir-birinə yaraşmayan və fəqət qafiyəsi düz gələn. misralardan ibarət görünürsə də, şübhəsizdir ki, batini rəbti dəxi mövcuddur. Məsələn,
Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi;
Gedin canana deyin
Bu qəlb o qəlbiləndi.
və yaxud:
Şirvanın yastı yolu
Su gəldi basdı yolu,
Gedirdim yar görməyə
Düşmənlər kəsdi yolu.
Bə sairə ki, birincidə məhtab və aydınlıq gecənin canan xatırlatması və ikincidə də yarın Şirvanda olması misralar arasında bir münasibət mövcud olduğuna işarə ola bilər.
Xanəndələr dəstgahda oxuduqları qəzəllərin aralarında "ey dadi-bidad" və ya "aman, aman", "ey xuda" və sairə kimi sözlər qoşduqları kimi, aşıqlar dəxi şikəstə və bayatının başında "əzizim, a balam", hətta (məsələn, Bakıda) "a gədə" və axırında da "ay nənəm qurban", "ay ölürəm" və qeyri kimi sözlər artırırlar.
* * *
Bəhri və havası mövcud və müəyyən olan musiqiyə gəldikdə bunlar da: təsnif, rəng, rəqs, el mahnılarıdır.
Təsnif müəyyən bir hava olub sözləri çox vaxt qəzəllərdən alınır və özləri də mənsub olduqları dəstgahların ortalarında və ya axırında oxunar: bu əsnada xanəndə təsnif oxuya-oxuya qaval ilə zərb edər. Təsniflərin bir çoxu bir hissəli havalardan ibarət olub, vəzni 3/4 və ya 3/8 və çox vaxt 6/8 və bəhri ağır (səngin) olar, Azərbaycanda farsi və türki təsniflər çoxdur.
Rəng və ya diringə təsnif kimi. bir musiqi olub, fəqət qoftəsi, yəni sözləri olmaz, yalnız çalınar, əksərən yüngül bəhrli olub rəqs havalarına bənzər. Rəng dəxi dəstgahlar arasında xanəndənin kamal və müvəfəqiyyətlə icra etdiyi mahiranə təğənni mütəaqib çalınıb, sameyini məhzuz etməklə dəstəni dəxi qızışdırır, fəqət uzun çəkməyib təkrar dəstgahın mabədinə keçilir.
Bu axır vaxtlarda rənglərə qoftə qoşmaq və avropalıların "kuplet"ləri müqabilində səhnə və məclislərdə oxumaq bir növ adət olmuşdur. Azərbaycan operettaları içində də qoftə qoşulmuş rənglər dəxi mövcuddur.
Rəqs musiqisi müxtəs rəqs etmək üçün bəstələnmiş 3/4 vəznində olan havalardır ki, bəzilərinin bəhrləri ağır və bəzilərininki yüngüldür.
Rəqslərin baxüsus bu axır zamanlarda çıxanların musiqiləri əksər ovqat iki hissəli olmaqla şəkilləri nisbətən zənginləşdirsə də havaları Avropanın biməzmun "vals"ları təsiri altına düşməklə öz əsasından uzaqlaşır və xaric bir rəng alır. Mahal toylarında gəlinin və oğlanın çıxmasına məxsus rəqs havalarına bənzər xüsusi musiqi çalıiması adətdir.
El mahnıları bəzən yüngül və ağır bəhrəli təsniflərə oxşar; bu musiqinin həm havası və həm sözləri başlıca xalqın məhsul əsəridir; bunların bir çoxu eşq və məhəbbəti, bir xeylisi də xalq həyatında vüqua gələn və xalq üzərində təsirlər buraxan hadisələri oxşayan qəflətlərlə bəstələnib, aşıqlar vasitəsilə el ağzına düşüb Azərbaycanın hər bir yerini gəzib dolaşar; "Rüstəm", "Nəbi", "Şalon gəlir" mahnıları, bu axır zamanlarda şöhrət qazanan "Mustafa Kəmal" mahnısı bu qəbil musiqi cümləsindəndir. Eşq və məhəbbətə aid olanları dəxi ya bir məşhur hadisə misalında əmələ gələn xüsusi şəxslərin vəqə sövdasını, yaxud biməlum yardan "şikayəti", "yar gələndə sevinməyi", "intizar"da qalmağı və sair bu kimi əhvalları musiqi havasilə nəql edən mahnılardır.
El mahnıları Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövqi musiqini bəyan, şer və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan, onun |istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür.
Bu üzdən onların və (mümkün olduqca ən qədim) zamandan bəri yadda qalanlarını və indi mövcud olanlarını, hər il yenidən çıxanlarını harada da olsa, yığıb nota salmaq və nə münasibətlə meydana çıxdığını dəxi öyrənib təfsilatilə yazmaq ən vacib işlərdən biridir.
El mahnılarının vəzni əksər ovqat 6/8-lıq olub özləri də bir hissədən və bəzən hətta bir qısa cümlədən ibarət olub üç, dörd və ya beş-altı "ton"dan əmələ gələn bir musiqi olsa da, bir çox mənasız musiqi əsərlərinə nisbətən olduqca pürməzmundur.
* * *
Musiqinin ehtiyacati-dünyəviyyədən əlavə dini mərasimlərdə də istemalı Azərbaycan türkləri arasında adətdir.
Əlbəttə, bu mövqelərdə çalğı yaramaz, çünki şəriətcə haram hesab edilən, əslən, çalğı musiqisidir. Məscidlərdə və dini mərasim icra edilən yerlərdə ancaq avaz ilə təğənni etmək mümkündür. O da bu şərt ilə ki, oxuyan şəxs qina etməsin, çünki qina dəxi haramdır.
Qinanın nədən ibarət olduğu haqqında müxtəlif şərhlər verilir. Məşhuru budur ki, qina səsin boğazda qaynadılıb zəngulələr əmələ gətirilməsindən ibarətdir. Hər halda qina haramdır- deməkdən məqsəd budur ki, oxuyan şəxs öz təğənnisinə dünyəvi təğənniyə məxsus rəng verməyib dini bir üslub ilə oxusun.
Əlbəttə, dünyəvi musiqisi ilə dini musiqinin hər birinə məxsus, xüsusi üslubu olmalıdır. Musiqilərini böyük tərəqqiyə çatdırmış olan millətlərin dünyəvi və dini musiqiləri arasında üslubca böyük təfavüt vardır. Fəqət Azərbaycandan dini ruhda bir musiqi varsa da, o da Quranın avaz ilə oxunduğu musiqidir ki, dünyəvi musiqiyə məxsus olan muğam və dəstgahlara heç bir münasibəti olmayıb xüsusi üslubu vardır. Azərbaycanın bəzi yerlərində oxunan mərsiyə və nohələrin isə haman heç bir dini üslubu olmayıb, toylarda icra edilən dəstgah və təsniflərdən heç bir fərqi yoxdur. Hətta bir çox təsniflərin sözlərini qoşub oxumaqla zövqi-səlim icabatına müğayir , hərəkətlər edirlər. Odur ki, bir çox nohələrin havaları insana fərəh və tərəb ilqa etdiyi halda, sözləri huzn və kədər təsirini tələb edir... Bir para yerlərdə məhərrəm ayında "Aşura günü" qətl mərasimi əsnasında dəf və zurna dəxi çalınır ki, buna "tərs toy" deyirlər. Əlavə, eyni gündə şəbeh çıxarmaq məşhur bir vaqiədir. Şəbeh Qərb əhlinin "oratoriya" dedikləri bir növ dini tamaşadır ki, Kərbala vəqəsindən götürülmüş hadisə (epizod)lərin təşbeh və təsvirlərini göstərir. Burada iştirak edən şəxslər öz rollarını oratoriyada dəxi olduğu kimi, avazilə təğənni edib , munasib muğam hərəkətləri göstərirlər.
1907-ci sənədən bəri Azərbaycan türkləri arasında milli opera əmələ gəlməsinin birinci amillərindən birisinin şəbeh olduğu şübhəsizdir.
Filhəqiqə, Azərbaycan türk operalarının forması (şəkli) Avropa operalarından əxz edilmişsə, iştirak edənlərinin üsuli-təğənnisi şəbehlərdən götürülmüşdür. Təfavüt bir bundadır ki, operalar şəbehdən daha artıq və daha geniş bir surətdə mövcud dəstgahlarımızdan istifadə edib səhnə tərtibatı və orkestr istemalı ilə zahirdə Avropa operasına yavuq bir şəkil alır.
Azərbaycan türk operalarının zühuru xalqın musiqiyə olan rəğbətinin daha da artırıb, əlavə camaatı və baxüsus qadınları teatr tamaşasına öyrətməklə qadın azadlığına da kömək yetirdi.
Azərbaycan türkləri mövcud operalarını çox sevər və bir dəfə tamaşaya qoyulduqda gedib təkrar-təkrar tamaşa edərlər. Bu xüsusda Azərbaycan türklərini italyan xalqına təşbeh tutarlar ki, onlar da öz operalarına təkrar- təkrar qulaq asmaqdan həmişə böyük həzz alırlar.
* * *
Azərbaycan xalqının milli musiqi aləti üç qismdir: simlilər, nəfəs verənlər və zərb edilənlər.
Simli və ya telli alət dəxi iki növdür: qısasəsli və uzunsəslilər. Qısasəsli telli alətin ən məşhuru tardır ki, Azərbaycandan əlavə İranda dəxi məşhurdur (Anadolu türkləri arasında yoxdur.)
Bunun qısasəsli olmasına səbəb odur ki, mizrab deyilən kiçicik bir gəmik vasitəsilə tellərinə toxunulur ki, təbii "dan" kimi qısa bir səs əmələ gəlir.
Tarın üzərində çalınan sim və ya telləri əslən iki ciftdir. Bu iki cift tellərin kökü daimidir. Yəni heç dəyişməz. Bu kök "xalis kvarta" məsafəsinə müsavirdir, yəni birinci cift telin səsinə görə ikinci ciftin səsi iki ton yarım ondan alçaqdır.
Bu iki cift tellərdən əlavə bir də bir tək tel mövcuddur ki, onun kökü dəstgaha görə dəyişir. Məsələn, şur qurulurkən tək teli ikinci cift telə görə bir ton, segahda ton yarım; rast, bayatı-şiraz və şüştərdə iki ton yarım və çahargahda isə üç ton yarım məsafədə qururlar. Bu ölçülərin düzgünlüyü tarçalanın qulağının adətgərliyinə bağlıdır ki, əsil musiqi mizanı budur ki vardır.
Bir para məqamlar da tək tel üzərində çalınır. Yerdə qalan tellər isə çalınmayıb, çalınan tellərin səslərinə qüvvət vermək (rezonans) üçün qoşulur.
Tarda mövcud olan tonların ədədi (diapazon), çahargah qurulmaq şərti ilə, qırxa qədərdir ki, bunlardan otuz ikisi Qərb musiqisində istemal edildiyi halda, yerdə qalanları yalnız Şərq musiqisinə aid tonlardır.
Tarın bəm səsləri çox həzin və təsirlidir. Miyanxana səsləri gur və mərdanə, zil səsləri isə bir qədər qışqırıqlıdır.
Tar ən ziyadə istemal edilən alətin birincisidir.
Tar növündən olan alətdən biri də sazdır ki, tardan çox kiçik və qeyri-kamil bir şey olduğundan, səsinin də elə bir təsiri yoxdur. Sazı aşıqlar çalarlar.
Uzunsəsli, telli aləti-musiqiyyəmizin yeganə nümayəndəsi də kamançadır. Kamançanın telləri üzərində ucları uzun bir çubuğa rəbt edilmiş tük dəstəsilə çalındığından hasil edilən səsləri istədikcə uzatmaq olar.
Buna görədir ki, kamançada çalınan musiqi tarda çalınandan səscə daha mükəmməl və insanın səsinə daha yaxın olur. Əlavə, kamança səsinin baxüsus bəmdə tardan daha təsirli olduğunu nəzərə alsaq və tellər üzərində barmaq qoyub, "vibrasiya" deyilən titrək səslər hasil edilməsini dəxi əlavə etsək, kamançanın tardan daha kamil və daha faiq bir aləti-musiqiyyə olduğu meydana çıxar. Zatən, tar "akkompanement" üçün yarar bir alət olduğu halda, kamança melodik alətlərdən ən gözəlidir.
Təəssüf olsun ki, bizim türk çalğıçılarımız hənuz kamançanın qədrini layiqincə bilmirlər. Odur ki, çalğıda kamançanı tamamilə tara tabe edib, tarda vurulan barmaqları kamançada yamsılayırlar....
Bu aləti-musiqiyyənin qədrini erməni çalğıçıları bizimkilərdən daha gözəl anladıqlarından, içlərində mahir kamançaçılar vardır.
Avropa aləti-musiqiyyələrindən kamança cinsinə mənsub olan "vialon" (skripka) orkestrdə birinciliyi qazandığı kimi, gələcəkdə bizdə də kamança öz ali mövqeyini layiqilə işğal edəcəkdir.
Nəfəs vasitəsilə çalınan alətdən ən başlıcası zurna, balaban, ney və tütəkdir. Bunlardan zurnanın səsi o qədər qüvvətli və qışqırıqlıdır ki, onu otaq içində çalmayıb bayırda çalırlar. Səsinin "tembri" bir az tutqun və bəm səsləri də acıqlıdır.
Şərq orkestrında xüsusi "efəsi" ola bilər. Zurnanın əksinə olaraq, balaban və yaxud yastı balabanın səsləri qayət həzin və kədərlidir. Heyf ki, şəhər aşıqları çox vaxt bu gözəl aləti tərk edib əvəzində məzmunsuz və yaraşıqsız olan tütəyi çalmaqla qədrşünassızlıq edirlər.
Səscə ən pürməlahət və eşqnigar bir alət varsa, o da neydir ki, mütəəssifən çox az istemal olunur. Azərbaycandan artıq İranda daha müstəməldir. Səsi qayət zərif olduğundan yalnız otaq içinə məxsus bir aləti-musiqiyyədir.
Bu gözəl alətin Azərbaycanda rəvac və tərəqqisi son dərəcə arzu olunur. Zərb edilən alətdən ən zərifi qaval (dairə)dır ki, balıq dərisi çəkilmiş sağanaqdan ibarətdir. Rütubət yerdə pərdəsi boşaldığından bir dəfə qızdırmaq lazım gəlir. Yerdə qalan dəf, təbil və dünbəklərin dəxi özlərinə məxsus səsləri vardır. Tar və kamança yanında zərb üçün qaval yarar, yerdə qalanları zurna və tütək səsləri ilə uyğun gəlir. Avropalıların "timpani"sinə bənzəyən, fəqət ondan çox kiçik olan bir növ və qoşa zərb aləti dəxi vardır ki, adına qoşa nağara deyirlər, üzərində çubuxlar ilə zərblər vururlar və "tremolo" deyilən müsəlsəl səslər hasil olar.
Azərbaycan türklərinin lisanı ümumi Zaqafqaziyada haman beynəlmiləl bir dil olduğu kimi, ruhani dilləri olan musiqiləri dəxi yenə eyni vəziyyətdədir. Bizim öz musiqimizdən hasil etdiyimiz təsirata erməni və gürcü qonşularımız dəxi şərikdirlər. Əlavə, içlərində bizim musiqini özlərinə sənət edən mahir ustadları dəxi çoxdur, Ermənilərdə gözəl tar və kamança çalanlar çox olduğu kimi, gürcülərdə də zurna və balaban çalanları məşhurdur.
Bunlarda ancaq xanəndələr az bulunur, buna da səbəb odur ki, erməni və ya gürcü xanəndəsi bizim əruz vəznilə yazılmış şerlərimizi müvafiqi-vəzn oxumaq və bir para səslərimizi dürüst tələffüz etməkdə çətinlik çəkir. Sazəndə dəstəərində tar və kamança çalanlar erməni ustadlarından olduğu halda, xanəndəsi əksərən turklərdən olur. Erməni tar və kamança çalanları, baxüsus cavanları tenik cəhətincə əksəriyən bizim türk çalanlarımızdan daha irəlidədirlər. Onların içində parlaq texnik sahibləri, yəni əl barmaqları iti olanları çoxdur. Fəqət təəssüf burasıdır ki, bunlar daha tez Avropa musiqisi təsiri altına düşüb Şərq musiqisi əsaslarından uzaqlaşır və avropalıların şirin "minor"larına uyub şərq üslubunu xələldar edən barmaqlar vururlar və tonlar alırlar. Türk "alanları dəxi bunları yamsılamağa meyl edib, onlar da üslub korlayan çalğıları öyrənməyə həvəs edirlər. Avropa havalarını tar və ya kamançada çalmağa əlbəttə sözümüz yoxdur, fəqət bayatı-şiraz, şüştəri, müxalifi və şuru qatışdırıb hamısına minor nəzərilə baxmaq olmaz.
Major və minor avropadıların özlərinin zəhləsini tökdüyü bir zamanda və musiqidə bir yenilik aramaq üçün Şərq musiqisinə ərzi-təvəccöh edildiyi bir vaxtda bizimkilərin major və minora həvəs etməkləri məktəbsizlikdən irəli gələn müəssif bir haldır.
Şərq musiqisinin yollarını müsbət bir surətdə təyin etmək və o yollar üzərində musiqimizin tərəqqisinə rəvac vermək üçün çoxdan bəri bir musiqi məktəbinə ehtiyac var idi. Şükürlər olsun ki, Azərbaycanda Şura hökuməti bərpa olduqdan sonra Azərbaycan türkləri belə bir əsaslı musiqi məktəbi küşadına nail oldular. O məktəb, maarif komissarlığı tərəfindən açılmış olan Azərbaycan Hökumət Türk Musiqi Texnikumudur ki, bu il beşinci sənədir kəmali-müvəffəqiyyətlə vəzifəsinə davam edib dörd yüzdən artıq mütəəllim və mütəllimə oxutmaqdadır. Texnikumda həm Qərb və həm də Şərq musiqisi əməli və nəzəri olaraq tədris edildiyindən təbiidir ki, buradan məzun tarzənlər hər iki musiqinin yollarına və üslubuna alim olduğundan cahilanə əməllərə yol verməyəcək və Şərq musiqisinin kəndi əsası və binası üzərində tərəqqi və təkamül etməsinə çalışmaqla öz böyük vəzifələrini təhsil etmiş olduqları elm sayəsində layiqilə ifa edəcəkdilər.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 184-194.
