İstiqlal müdafiəsi üçün
Rusiyadan ayrılmış və millətlərinin arzu və iradəsilə müstəqil cümhuriyyətlər təşkil etmiş olan yeni dövlətlərin cümləsi bir məsələdə həmfikirdirlər. Bu fikir birligi məzkur dövlətləri biri-birindən nə qədər uzaq olmuş olsa da, yek digərinə məna və ruhən mərbut ediyor. Bir-birinin halına biganə qalmağa imkan vermiyor. Yek digərinin aləm və fərəhinə şərik etdiriyor və boyləliklə arada ruhani olaraq bir qəraet və mənəvi olaraq bir ittifaq və ittihad əmələ gətirdir.
O məsələ Dağıstan, Azərbaycan və Gürcüstandan ötrü Şimal, Ukrayna, Polşa, Estoniya, Litva üçün Şərq, Finlandiya və Şimal millətləri üçün cənub təhlükəsi təşkil edən Rusiya məsələsidir və bu məsələ üzərində bunları birləşdirən fikir rus təhlükəsindən qorunmaq və bu təhlükənin vüqu ehtimalından təmin edilmiş olmaq üçün çarələr aramaq fikridir.
Bu çarələrdən ən birincisi və ən mötəbər hesab ediləni yeni cümhuriyyətlər istiqlaliyyətlərinin sülh konfransı tərəfindən rəsmən tanınmaq keyfiyyəti olduğu üçün məzkur cümhuriyyətlər müharibə zamanında istər o tərəfin, istər bu tərəfin virdi-zəbani olan “Millətlər azadlığı” şüarına və bundan daha fəzlə Amerika rəisi-cümhuri müsyö Vilson məşhur on dörd maddə ən əsasına istinad edərək sülh konfransı nəzdinə mürəxxəs göndərdilər.
Fəqət mürəxəslərin getdigi bir sənə olmağa yaxındır ki, hələ onlara indiyə qədər “hə” və “yox” deyən olmayıbdır. Sülh konfransının işi çox olduğundan hələlik öylə məsələlərin sırası yetişməmişdir.
İş boylə ikən sülh konfransından tanınmaq ümid və intizarında olan yeni cümhuriyyətlərdən bir neçəsi nail olumadan əvvəl, rus təhlükəsinin nakam qurbanı oldular. Məsələn, Dağıstan, Ukrayna və bu günlərdə rus alman intriqasına hədəf edilmiş olan Latviya.
Bu qurbanların, hətta müttəfiqlərin onlara qarşı göstərdigi rəğbət və hüsni-təvəccöhləri də fəlakətdən qurtara bilmədi. Bu vəqələr yeni cümhuriyyətlərdən yerdə qalanlarını təbiidir ki, xof və əndişələrə saldı.
Bu xof və əndişə Denikinin bolşeviklər üzərindəki müzəfəriyyət və müvəffəqiyyətləri dolayısı ilə dəha da artmağa başlayıb, məzkur cümhuriyyətləri müztərib bir vəziyyətdə qoymuşdur. Çünki işlər boylə gedərsə yerdə qalan cümhuriyyətlər dəxi Denikin hücumlarına məruz qalmaqla axırda iş o məqama çatar ki, sülh konfransı yeni cümhuriyyətlər istiqlalı məsələsini artıq boylə bir məsələ mövcud olmadığı üçün ruznameyi-müzakirətdən qaldırmağa və əmr vaqe qarşısında boyun əyməyə məcbur olar.
Zatən işi bu məqamə çatdırmaq üçün “vahid rusiyaçı’lar arasında əməklər sərf edilməkdədir. Sülh konfransında Rusiya məsələsinə bağlamaq zamanı yaxınlaşdığına görə “Vahid rusiyaçı”lar vəziyyəti dəgişdirmək və bu yol ilə konfrans müzakirətinə icrai-təsir etmək üçün cürbəcür vəsilələrə əl aparırlar.
Denikin və kolçaqlar müttəfiqlər pulu ilə bolşeviklərə müharibə və Rusiyadan ayrılmış millətlər üzərinə hücumlar etdikdə ikən imperialist Rusiyanın köhnə diplomatları gah yaponlarla gizli surətdə danışıqlara girmək və gah Funder Qolç1 kimi alman generallar ilə ittifaq yaymaq kimi təşəbbüslər nümayişi ilə Avropanı qorxutmaq və sülh konfransında Rusiya məsələsini arzularına müvəffəq bir surətdə mövqeyi-müzakirəyə vəz etdirməyə çalışırlar. Etiraf etməlidir ki, boylə nümayişlər əsərsiz qalmıyor. Fransa xariciyyə nazirinin parlamanda sərd etdigi mülahizat buna dəlildir. Bu isə “Vahid rusiyaçı”ların ümidlərinə daha da cəsarət verib, “vahid və qeyri-qabil təqsim Rusiya"nın parçalanmaq nərəsidir ki, yeni topraqlar qazanacağı, hüdudunu bir az daha genişlənəcəgi xülyalarına meydan buraxıyor.
İşdə bu növ mülahizələr və Denikin təhlükəsinin yaxınlığını yeni cümhuriyyətləri ciddi əndişələrə salıb çarələr aramağa vadar edilir.
Bu çarələr xüsusunda Gürcüstan rəsmi mətbuatının fikri budur ki, Qafqazdakı cümhuriyyətlər biri-birilə sıxı bir ittifaq bağlamalı və əlavə Avropa dövlətlərindən birinin müzahirətinə isdinad etməlidir. Avropa dövlətlərindən boylə bir müzahirət vüqunə imkan vardır. Əgər bu dövlətlərdən birisi Qafqazla iqtisadi əlaqələrə girərsə, mənafeyinin diqtə edəcəyi əmr üzərinə bu cümhuriyyətlərə müavinət və müzahirət göstərməgə məcbur olacaqdır.
Gürcü mətbuatının mülahizatı təhlükə qorxusu sayğısilə əqlin hökümündən artıq qəlbən iztirab ilə söylənən sözlər degil. Biləks, “əlac vaqe piş əz vüqu bayəd kərd” məfadincə hifzi-istiqlal üçün indidən aranılması lazım gələn çarələrin ən mötəbər və ən məqulindən bəhs açmaqdır. Mədəni avropalıya yaxınlaşmaq ora ilə iqtisadi əlaqələr peyda etmək Qafqaz cümhuriyyətləri üçün mənfəətdən başqa zərər verməz və siyasi vəziyyətimizi bərkitməklə qurduğumuz təşkilatın pozulmasına məhəl buraxmaz.
Avropalılardan mədəniyyətcə neçə qat geri olan və elani-istiqlaliyyətimizdən dolayi qəlblərin də bizə qarşı dərin bir kin. gizli bir nifrət bəsləməkdə olan rusların təkrar təhti-əsarətinə düşüb də istiqlaldan məhrum olmaq və əvvəlkilərdən daha artıq təzyiq və sıxıntılar çəkmək və bəlkə tamamilə məhv olmağdansa, mədəni avropalılarla sıxı əlaqələrə girmək və onların kömək və müzahirətinə istinad ilə istiqlaliyyətimizi möhkəmləndirmək yaxşıdır. Bu xüsusda iki rəy ola bilməz. Əqli-səlimin hökmü və mühitimizdəki əhvalatdan anlaşılan məntiq boylə çarələri caiz və vacib bilir.
Avropalıları bizə və bizi onlara yaxınlaşdıra biləcək rabitələr meydanda mövcuddur. Qafqazın və baxüsus Azərbaycanın bitməz, tükənməz sərvəti-təbiiyyəsi avropalıları bu tərəfə qarşı laqeyd buraxmaz. Əhali və hökumət tərəfindən göstərilən meyl və rəğbət isə buna bir təşviq olar.
Cümhuriyyətlər arasındakı ittifaqa gəlincə yuxarıda ərz etdigimiz rus təhlükəsinin dəfi fikri degil, yalnız Azərbaycanla Gürcüstanı bəlkə sabiq rus dövlətini təşkil edən və bu gün elani-istiqlal etmiş olan bilcümlə yeni cümhuriyyətləri bir-birinə fikrən və ruhən mərbut etmişdir. Əgər Azərbaycan və Gürcüstan arasında əqd edilmiş olan ittifaq tədafe, bu cümhuriyyətlərin cümləsi arasında yapılmaqla bunları əl-ələ verdirmiş olmasaydı, daha gözəl olardı. Vaqeən boylə bir ittifaq vüqui-mümkün olsa idi bundan təşkil edən maddi və mənəvi qüvvət, rus imperializməsinin hərs və təməinə əbədi olaraq bir xatim cəkə bilirdi. Halbuki boylə bir ittifaq əqdi qeyri-qabil hüsuli-ədd ediləcək bir xəyal deyildi. Ruhi və mənəvi mərbutiyyətin “realni” bir ittifaq əqdi ilə nəticələnməsi təbiidir. Bunun üçün ancaq təşəbbüs lazımdır.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 248-250.
