Ağıl və insaf sahiblərinə
Keçənki nömrəmizdə "Bakı xəbərləri" qismində dərc etdik ki, "İttifaq" ruznaməsində yazılmış olan bir neçə sətir söz camaatın bəzi qismi arasında həyəcana səbəb olub, bundan dolayı bir takım qəzetdən bixəbər adamlar guya o sözlər "Tərəqqi" qəzetində yazılıb - deyə namünasib hərəkətlərlə naşirimiz Murtuza Muxtarov cənablarını dilgir edibdirlər. Məhz camaata yaxşılıq edib, xeyir götürmək qəsdi ilə bir bu qədər zərər və ziyana davam edən bir zatın camaat tərəfindən dilgir olması son dərəcə şayani-təəssüf bir hal olduğunu hər bir ağıl və insaf sahibi təsdiq etməlidir. Əvvələn, burası məlumdur ki, "Tərəqqi" qəzeti əvvəlcə "İrşad" namı ilə çıxdığı bir zamandan bəri həmişə və həmə vaxt öz dini-mübini-islamını və öz pəsmandə millətini sairlərin təcavüzatına qarşı müdafiə etməyinə, deyil, yalnız müsəlmanlar, bəlkə əcnəbilər arasında dəxi məşhur olubdur. Binaənileyh, "Tərəqqi" qəzeti dinimizə sataşır" - deməklə camaatı iğva etmək "Tərəqqi" qəzetinin din və millət yolunda bir bu qədər etdiyi xidmətləri naşükürlük ilə inkar etməkdən başqa, camaat tərəqqisinə düşmən olmaqlıqdır.
Əvət, "Tərəqqi" qəzetinin düşmənləri olduğu bizim məlumumuz idi. Çünki "Tərəqqi" qəzeti camaatı oyadır, xalqın gözünü açır. Hər kəsin haqqını özünə bildirir. Bu isə bir çoxlarına xoş gələn əhvalat deyildir, o səbəbdəndir ki, haman tərəqqi düşmənləri pusquda durub gözləyirdilər ki, görsünlər bir növlə qəzetimizi xalq arasında ittiham edə bilərlərmi?
"İttifaq" ruznaməsinin başına gəlmiş haman bu əhvalat pusquda duranlar üçün gözəl bir bəhanə olub, "qəzetdə filan şey yazılıb" - sözlərini eşidən kimi, hankı qəzetdə, nə söz və nə tövr yazıldığını bilmək, oxumaq və təhqiq etmək istəməyib, kamali-hiddət və təhəvvürlə bizim qəzeti ittihama qalxıb, pak və xalis niyyətlə camaat mənafeyinə çalışan bir zatı, yəni naşirimizi dilgir edibdilər.
Sözün açığı: Murtuza Muxtarov cənabları mal, dövlət, zor və qüvvətə malik bir şəxs olub da hər bir namünasib hərəkətləri qəbul edən adamlardan deyildir. Və onun bu məqamda alicənabanə bir surətdə göstərdiyi həlm və... məhz camaata mənfəət verən bir qəzetin xatirəsi üçün olduğu da məlumdur. Fəqət bizi yandıran, ürəyimizi xarab edən əhval camaat arasında bu zatın bir bu qədər fədakarlıqda bulunmasını təqdir etməyənlər mövcud olduğudur. Allah şahiddir ki, bu sözləri yazmaqdan məqsədimiz, bihəqq tərif və tövsifə layiq olan naşirimizi tərif və təsir etmək deyildir. Bəlkə işin həqiqətini meydana qoyub, belə naküvar - əhvallardan ağıl və insaf sahiblərinə şikayət etməkdir ki, bizim belə bir qaranlıqda qaldığımız bir zaman işıq gələn yerə barmaq tıxamaq istəyirlər [...]
Sözün doğrusu, çox qorxu var ki, axırda hər kəsi özümüzdən ikrah etməklə hər tərəfdən nicat qapısını üzümüzə bağlayaq və bundan bədtər hallara düşək... Doğrudan da, bu axır zamanlarda o qədər alçaq və iyrənc hərəkətlər baş verməyə başlayıb ki, insanın səbr və təhəmmül etməyi məhal görünür...
Çox təəssüflər olsun...
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 138-139.
