Üzeyir Hacıbəyli

Ordan-burdan

Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır.
Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verər ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı deyil, yox deməsə və acığı tutsa, bil ki, yalançıdır.
İndi hökumət and içir ki, Rusiyada aclıq-maclıq yoxdur və heç bir kəs də qızılı satıb, çörəyə vermir. Qəzetələr dəxi hökumətin doğruluğunu bilmək üçün deyirlər ki, yalançı belə-belə olsun. Amma hökumət bu "belə-belə"yə razı olmur və bu sözə bərk acığı tutub qəzetələri sudxanaya çəkir.
                                                                                                                           * * *
Qoy, hökumət elə bir ucdan adamları sudxanaya çəkməkdə olsun, biz də baxaq, görək dünyanın axırı hara çıxır.
O səfər, əzoncümlə, mən özüm də yazmışdım. İtaliya münəccimlərinin deməyinə görə, beş-altı gündən sonra dünyanın axırıdır, görünür ki, bu xəbər çox adamlara bərk əsər eləyibdir. Ona görə yamanca əl-ayağa düşübdürlər. Firəngistanın "Maten" qəzetəsi camaatın bu cürə əl-ayağa düşməyini görüb İtaliya münəccimlərindən xəbər alıbdır ki, doğrudanmı, siz deyirsiniz ki, bir neçə gündən sonra dünyanın axırıdır.
İtaliya münəccimlərindən cavab gəlibdir ki, hansı palar?..
Yəni bu söz yalandır və bu səs-küyü salan da yalançıdır.
                                                                                                                             * * *
İndi ki, yalan deməyə qaldı, qoyun, bir yalan da mən deyim:
Belə rəvayət eləyirlər ki, Qarabağda Yevlax stansiyası ilə Şuşa şəhərinin arasında ki, cəmi bir qarış yoldur, bu yaxınlarda dəmiryol çəkəcəkdirlər.
Əslinə baxsan, bu xəbər doğrudur. Amma bu xəbər bildir, inişil, keçən il və hətta on il bundan irəli də deyilməyinə görə, mən hələ güman eləyirəm ki, yalandır.
                                                                                                                             * * *
İndi də bir söz deyirəm ki, doğru olsun:
Erməni "Mşaq" qəzetəsinin əhli-insaf olan bir yazıçısı var idi, bu binəvanı bu günlərdə öldürübdürlər.
İndi "Daşnaqsütun" firqəsi deyir ki, ey camaat, o kişini biz öldürməmişik.
İdarədən: Soğan yeməmisən, için niyə göynəyir?

                                                                                                                                                Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 292-293.