Üzeyir Hacıbəyli

Dil

Zənni-acizənəmcə, dilimizin islahı barəsində yazmadan qabaq, dilimizin əbqasi xüsusunda danışıb demək daha əfzəldir.
Çox vaxt rus qəzetələrində bu nov xəbər oxunur: filan müsəlman qəryəsində hökumət bir məktəb açdı, lakin əcnəbi dilinə qarşı xüsumət ibraz edən əhali bu məktəbə həvəslə uşaq qoymurlar. Yaxud filan məktəbin müəllimi rus olduğuna görə əhali məktəbə uşaq vermək istəmir. Bundan başqa, özümüz də bir çox ataların ağzından bu sözü eşitmişik ki, filan məktəbdə müsəlmanca oxunmadığına görə biz də oraya uşaq qoymaq istəmirik.
Əvvəl nəzərdə bu cürə əhvalat hər kəsə, yəni milli tərəqqi tərəfdarlarına çox xoş gəlir. Onlar belə zənn edirlər ki, rus məktəbinə, rus müəlliminə "müsəlman dili olmamazlığa" qarşı etiraz edən müsəlmanlar öz ana dillərini o qədər sevirlər ki, o dil tədris edilməyən məktəbə uşaq qoymaq istəmirlər. Yəni bugünkü polyak, yaxud leh tayfası kimi hərəkət edirlər. Öz məktəblərinin tərəqqisini arzu edirlər.
Lakin heyhat, zahirdə xoş görünən bu əhvalatın batininə əl vurulsa, çox puç, əsassız və kədəravər nəticələrə düçar olunar. Polyakların əcnəbi dildə tədris edilən məktəblərə qarşı qəlblərindəki nifrət, öz millət və milliyyətlərini sevməkdən və milliyyətlərinin ən böyük bir əlaməti olan dillərinin qədir və qiymətini bildiklərindəndir. Çünki onlar burasını çox gözəlcə anlayıblar ki, hər bir millətin bütün milliyyəti ilə bəqasma baş səbəb onun dilidir və dilinin tərəqqisidir.
Amma bizim adamların xristian dillərinə qarşı ibraz etdikləri xüsumət məhz fanatizm ucundandır, nəinki millət və milliyyətlərinin və milliyyət əlaməti olan dillərinin qədir-qiymətini bilməkdəndir.
Bunun dəlili çoxdur.
Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir:
- Ərəb!
- Sən nə dindəsən?
- İslam.
- Nə dildə danışırsan?
- Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir. Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdüllah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, gürcü və sairə. Amma bizim bir nəfərimizdən sor ki, sən kimsən? Deyər müsəlmanam.
- Hankı millətdənsən?
- Müsəlman millətindən.
- Nə dinindəsən?
- Müsəlman dinindən.
- Nə dili danışırsan?
- Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman - yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur.
Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar.
Hərçənd mətləb o qədər aydındır ki, bu barədə artıq danışmağın lüzumu olmasın gərək. Lakin genə də bir para oxucularımızı mülahizəyə alıb tozih məqal üçün bunu da əlavə edirik ki, bizim bu sözlərimizdən məqsəd müsəlmanları bölük-bölük edib ittihad-islami pozmaq dəyildir. Çünki əvvəla, ümum müsəlmanlar doğurdan da cürbəcür millətlərdən əmələ gəlməkdədir və saniyən ittihadı-islam ondan ibarət deyil ki, ərəb, fars, türk və sair islamlar bir-birinə qarışıb bir millət olsunlar. Bu, mümkün olan iş deyildir. Çünki ərəb nə qədər istəsə də, heç vaxt türk ola bilməz. Ya türk çalışsa da, heç bir vaxt dönüb ərəb ola bilməz. Bu, təbii bir qanundur. Palıd ağacı heç vaxt armud ağacı ola bilməz. Əgər palıd ağacını armud ağacı eləmək istəyiriksə, mümkün olmaz. Palıdın ancaq kökü palıd bələsi əvəzində alma meyvəsi almaq mümkündür. O halda da palıdı calamaq, peyvənd eləmək lazımdır. O surətdə genə palıdın özü yox, onun üzərincə qalanmış şaxdan alma gözləmək olar. Əlbəttə, əgər iş calanmağa qalsa, insanı da calamaq mümkündür. Məsələn, bir türk Ərəbistana gedib ərəb arvadı alar, sonra oğlunu da ərəb qızına evləndirər... Əlbəttə, nəvəsi ərəb olar...
Amma madam ki, bizim bu surətlə ərəb və ya fars olmaq təşəbbüsündə dəyilik, ona görə türklüyümüzdə baqi qalırıq. Buna görə də dilimiz türk dilidir. İndi həmin bu türk dilimizin əvvəla, baqi qalması və saniyən tərəqqi etməsi və islah olunması barəsində çalışmalıyıq. "Baqi qalması" sözlərinə oxucularımızın diqqətini cəlb etməkdən məqsədimiz, dilimizin baqi qalmamaq ehtimalı olduğunu bildirməkdir. Çünki doğrudan da əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir.
İndi dilimizə əhəmiyyət vermədiyimiz nə yerdən məlumdur? O barədə gələn səfər.
                                                                                                   * * *
Biz öz dilimizə əhəmiyyət verməmişik. Dilimizin qədrini və qiymətini bilməmişik. Buna şahid, əvvəla, üsuli-qədim məktəblərimizdir, hankı ata öz övladını üsuli-qədim məktəbinə qoyduqda o məktəbdə oğlunun nə dildə dərs oxuduğuna əhəmiyyət veribdir?.. Heç biri... Atalarımız ancaq bununla təsəlliyab olubdurlar ki, o məktəblərdə "müsəlmanca" oxunur. Və müsəlmancadan ibarət guya ərəb və fars dilləri imiş, çünki həmin məktəblərdə bu dillərdən başqa özgə bir dil oxunmur. O, - eyb olmasın - məktəblərin - yenə eyb olmasın - "proqramı" məlumdur: əvvəlcə çərəkə, sonra cüzi-Quran, sonra Quranın məddi, ondan sonra "Gülüstan", "Bustan", "Əbvab", "Tarixi-Nadir", "Hafiz" və sairin fars kitabları.
Odur ki, o cür məktəblərdən çıxmış, daha doğrusu, qaçmış uşaqlar, təbiidir ki, türkcə heç bilməzlər, farsca danışmaq bacarmazlar, ərəbcə ancaq qiraət oxumaq bilərlər. O da şərtnən ki, ərəbcə kitabda zirzəbər qoyulmuş ola.
Əhalimizi təşkil edən əfradın bir parası molla və "şibhi molla"- lardır, bir parası mollaların müridləridir, bir parası da intiligentlər və "şibhi intiligent"lərdir. Bir parası da bunların müridləridir.
Mollalarımızdan türkcə biləni, yəni türk sərf və nəhvinə mütabiq yazıb danışmaq bacaranı yox dərəcəsində azdır. Mollalarımızın müridlərindən "savadlı" olanları varsa, onlar da yazı-pozularını, məktub filanlarını farsca yazarlar, o da min cür qələt ilə. Məsələn: hesablarında - roqəni səmərqənd - pinc batman, mali-zəri-rusi - həft - arşın, qəbz - əz hacı... filan vüsul şüd divist pəncah mənat nəqd. Hələ bunlardan bəziləm türkcə bilməməyi özləri üçün bir "fəxr" də hesab edirlər. Təsadüfən əllərinə düşmüş türkcə bir kitabı açıb farsca oxuyurlar.
Bundan başqa, üsuli-cədid məktəblərində guya "müsəlmanca" oxunmuyur - deyə şikayət edən bu cənablar, indi də "taza modaya" görə hesab kitablarını, məktublarını rusca yazdırmağa qeyrət edirlər. Kart vizitləri üzərlərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, dəftər-kitabları, buqalterləri yəhudi, ya rus olmaq şərti ilə rusca, təqvimləri rusca, blankları rusca, konvert (zərf)ləri üzərində adları rusca, rusca olmayanları da farsca. İmza və qolları ənvait müsibətlə oxuna biləcək: surətdə rusca. Özləri də xoşg müqəddəsdirlər, "müsəlmanca" dərs istəmirlər. Yəni bir məktəb açasan ki, içində yalnız ərəb və ya fars dili təlim edilə - zərər yoxdur - "müsəlmanca"dır deyə iktifa edirlər.
İntiligentlərimizin də türkcə bilməmələri və onların müridlərinin də türkcə bilmək istəməmələri aşkar bir əmrdir.
Deməli, nə o tərəfdə qeyrəti-milliyə var, nə bu tərəfdə. Millət və milliyyət nə olduğunu o tərəf anlamır, bu tərəf də anlamaq istəmir.
İçimizdə bir ovuc millət qədrini bilən, öz milliyətin sevən adamlarımız varsa da, bunların bu yoldakı səy və zəhmətləri ancaq özlərinə qalır, qəzetə yazırlar, özləri-oxuyurlar. Türkcə kitablar nəşr edirlər, ancaq özlərini xərcə salırlar, başqa milli təşəbbüslərə əl vururlar, məyus olurlar, çünki bu tərəf puç, o tərəf bərbad, yerdə qalanlar da bisavad.

                                                                                                                                                  Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 140-143.