Üzeyir Hacıbəyli

Xəbərdarlıq (II)

Keçən səfər müəllimlər barəsində işarə edib, tərbiyeyi-ətfaldan bəhs açdıq. Doğrudan da, uşaq tərbiyəsi çətin bir əmrdir. Uşağı nə tövr tərbiyə etsək, o tərbiyəyə görə də adam olar.

Bilümum uşaq xeylağı məktəbə girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şəri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əazim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir. Bu barədə möhtərəm Firidunbəy Köçərli cənabları şirin dilli məqalələri ilə tərbiyə və təlimi-nisanın lüzum və vücubunu qəzetimiz səhifəsində vazeh surətdə bəyan buyurmuşlar.

İş bundadır ki, məktəbə qoyulan uşaqlarımızın əksəri tərbiyə görmədiyinə görə, onları təhti-təlim və tərbiyəyə alan müəllim əfəndinin işi müşgül, daha ağır və binaənieyh məsuliyyəti daha artıq olur.

Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən və cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə və təlimə heç bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbi-ruzi vasitəsi axtarsın.

Hal-hazırda müəllimə ehtiyacımız çoxdursa da, lakin bu ehtiyac bir o qədər şiddətli deyildir ki, yaxşı müəllim intixabına macal qalmasın. Və bir də maarif işinə əyri baxmağa məcbur edilmiş əhalini bu işə alışdırmaq üçün müəllim seçkisində böyük diqqət lazımdır ki, xalq ürkmə- sin və məktəb camaata mənfəət verməklə onları şövq və həvəsləndirsin. Bu halda müəllim hazırlamaq üçün hökumət tərəfindən açılmış məktəb Qori seminariyası ilə İrəvan seminariyalarıdır. Bu seminariyalardan çıxan müəllimlər, baxüsus, Qori seminariyasından, müəllimlik sənətini yaxşıca bilirlər. Tədris və tərbiyə işlərini də müəllimlik nizamlarına müvafiq icra edirlər. Lakin bu seminariyaların müsəlman mərkəzlərinə yaxın olmaması buradan çıxan müəllimlərin əvvəl dəfələrdə camaata biganə görünmələrinə səbəb verir. Çox danışırdılar ki, Qoridəki seminariyanın müsəlman şöbəsi Bakıya və ya Tiflisə, yaxud Şamaxıya köçürüləcəkdir. Lakin bu danışıqdan hələ ki bir şey çıxmadı, görünür ki, bu məsələnin də dalına düşən olmayıbdır.

Əgər haman seminariyanın şöbəsi, heç olması Tiflisə də gətirilsə və orada türk dili dərslərinin proqramı tovsi edilsə, söz yoxdur ki, müəllim sarıdan böyük arxayınlıq olar.

Bu halda camaat pulu ilə müəllim yetişdirməyə xidmət edən məktəblərimizdən isə yalnız bir Bakıda olan "Səadət" məktəbini bilirik. Gəncədə dəxi "Səadət"ə bənzər bir ruhani məktəbi vardır. Lakin o məktəbin işləri ilə məəttəəssüf bir o qədər aşinalığımız olmadığına görə, ondan bir söz deyə bilmərik... Keçən günlərdə bizim qəzetdə haman mədrəsənin proqramı nəşr və elan olunmuşdu. O proqram bizə çox naqis göründü.

"Səadət" məktəbi isə gələcək üçün çox böyük ümidlər verir. Bu məktəbə əhalimizin iki əllə yapışması vacibdir. Çünki bu məktəbdə təhsil edən uşaqların hər yerə yolu açıqdır.

O ki, qaldı müəllimə yetişdirəcək məktəblərə, bu yolda əhalimizə bir növ kömək edən bir məktəb varsa, o da Bakıda Tağıyev cənablarının təsis etdiyi "Aleksandrin" ünas məktəbidir. Lakin bu məktəbin kursu çox balacadır.

Və saniyən, bu məktəb bahalıq cəhətinə bir adamın orada qız oxutmağına imkan vermir. Əgər bu məktəbin də kursu ayrılıb və özü də hər kəsin qüdrətinə müvafiq bir icrətlə uşaq qəbul edərsə, o halda müəllimə sarıdan da bir nov arxayınlıq ola bilər. Lakin "hərgah" və "əgər" ilə iş getməz. Bu fikirləri qövldən felə gətirmək üçün lazımdır bu işlərin dalına düşmək və illa işlərimiz bu növ ilə qalsa, tərəqqimiz çox çətindir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 128-130.