Gürcüstandakı həvadis
Bu axır günlərdə Gürcüstanda iğtişaş və üsyanlar əmələ gəlir deyə dövran edən şayiələrin əsası olduğunu və bu üsyan hərəkatının nə rəngdə olub, nə kimi məqsədlər təqib etdiyini Gürcüstan hökumətinin dünənki nömrəmizdə dərc etmiş olduğumuz rəsmi təbliğatdan anladıq.
Vaqeən Gürcüstanda böyük ixtişaş və üsyan hərəkatı varmış və bu hərəkat bolşevik rəngində imiş. Təqib edilən məqsəd dəxi Gürcüstanı və buna aslı olaraq Azərbaycanı Denikinlə müharibə etməyə, dəha doğrusu, Denikini Gürcüstan və Azərbaycan üzərinə saldırmaqla araya bir çaxnaşma törətmək və bununla Moskov bolşeviklərinin əlinə fürsət vermək imiş.
Moskov parası və təlimi ilə idarə edilən bu hərəkət müharibə taktikası məntəqənin hökmüncə caiz ədd edilən bir üsuldur və bu nöqteyi-nəzərdən bolşeviklərin Denikin arxasında müşkülat törətmək və düşmənlərinin başını qarışdırmaq səyləri hər kəscə anlaşılan və bəyanə hacəti olmayan əyan və aşkar bir manevra icrasına çalışmaqdır. Denikin bolşeviklər arxasında müşkülat törətməyə çalışdığı kimi bolşeviklər dəxi onun arxasını qarışdırmaq istəyirlər.
Lakin Denikin arxasını təşkil edən Azərbaycan və Gürcüstanda bolşevikvari ixtişaşlar əmələ gəlməklə və arada bir müharibə vüquna səbəbiyyət verməklə Azərbaycan və Gürcüstan əhalisini ki bu gün hüzur və əmnü-asayişə bərk möhtacdırlar, müxtəlif fəlakətlərə, ənva müsibətlərə düçar etmək və bəlkə məhvini mucib ola biləcək naçar bir vəziyyətə salmaq olar. Bolşeviklər bunu nəzərə alırlarmı?
Xeyr almayırlar. Onlar üçün Gürcüstan və Azərbaycanın istiqlalları, əhalilərinin asayiş və istirahəti, məmləkətlərin əmnü-amanlığı bunlar hamısı cəhənnəmə, təki Moskov bolşeviklərinin işi asanlaşsın.
Bu gün Ukraynada çaylarca qanlar tökülür, minlərcə xanimanlar bərbad edilir. Oraların əhaliləri yenicə işıqüzü görüb, təzəcə azad olmuşdurlar ki, üzərinə təkrar qaranlıq çöküb yenə əsir olmağa başladılar. İştə bu zülməti yırtıb, genə işığa çıxmaq, əsarət zəncirini qırıb, genə azad olmaq üçün buraların əhaliləri “ya istiqlal, ya ölüm" deyərək qılınca sarılmış dabrovollar istilasına qarşı qiyama qalxmışdırlar. Əcəba, nədən bunlar azad ikən təkrar əsir oldular ki, indi də qanlarını axıtmağa və xanimanlarını bərbad etməyə vadardılar? Əlbəttə, bolşeviklər intiriqası üzərinə. Moskvanı xilas etmək istəyən bolşeviklər, Ukraynanı zor və cəbr ilə “stratejik” bir meydan halına salıb, Denikini təhdidə başlarkən həm özləri məğlub oldular, həm də özgələri rus irticapərəstləri əlinə verdilər, lakin özləri məğlub olub da qaçıb qurtardılar, əmma Ukrayna əhaliləri fəlakətlər içində müsibətlər qarşusında zəbun və sərnigun qoydular. Moskvanı xilas edə bildilərmi- bilmədilərmi burası hələ müəyyən deyildir. Əmma Ukraynanın istiqlallarını qeyb etdikləri həqiqətdir.
İştə bu oyunu bizim, yəni Azərbaycan ilə Gürcüstanın başında dəxi oynamaq istiyormışlar.
Azərbaycan və Gürcüstan Denikin ilə müharibədən qorxmurlar. Əgər Denikin Azərbaycan və ya Gürcüstan üzərinə hucum etmək istərsə böyük bir müqabilə və müqavimətə düçar olmaqla korpeş- mançılıqdan başqa özgə bir şey qazana bilməz. Fəqət madam ki, özümüzə hucum və hüququmuza təərrüz və təcavüz edən yoxdur, o halda təbii bizim də heç kəslə işimiz olmayacaqdır. Bolşeviklər Azərbaycan və Gürcüstanı Denikin ilə müharibəyə sövq və məcbur edərlərsə o halda yalnız bir Denikin degil, bütün Antanta yəni ingilis, Fransa və Amerika və hələ ola bilsin ki, Ermənistan ilə dəxi müharibə etmək lazım gəlməklə istiqlalımız ola bilsin ki, əbədi olaraq əldən getmək təhlükəsinə məruz qalar.
Əcəba, istiqlalımıza Denikin kimi eyni göz ilə baxan bolşeviklər yolunda boylə bir divanəvar fədakarlığımızın nə mənası ola bilər?
* * *
Gürcüstandakı hadisələrin Moskov bolşevikləri əlilə vüqu bulduğu rəsmi təbliğatından anlaşıldığına görə təhəqqüq etmiş bir keyfiyyətdir. Fəqət bu işdə Denikin agentlərinin dəxi əlaqədar olduğuna şübhə yoxdur. Azərbaycan və Gürcüstan üzərinə hucum etməyə və bu əməlini Avropa qarşısında həqlı göründürmək üçün Denikin istər ki, bu yerlərdə bolşevikvari iğtişaşlar əmələ gəlsin. Ona görə boylə iğtişaş və üsyanların dəvam və tövsiy üçün öz agentlərini bolşevik zümrəsinə daxil etdirib, təşviqat və təhrikat yapdıra bilər Zatən bu zənnin doğru olduğu rəsmi təbliğatdan dəxi anlaşılır. “İdeya” və məfkurə sahibi olan bolşeviklər öz məramlarına yetişmək üçün hər bir vasitəyə təvəssül edirlər. Oğruların, quldurların, qatillərin hər bir cinayət sahibinin əməllərindən istifadəyi caiz bilirlər. Müşənviqlərinin şəxsiyyətini təhqiq etmək və sairə bunlarca əbəs yerə vaxt itirməkdir. Boylə olduğu surətdə Denikin agentləri bunların içinə çox asan vəchlə girə bilər və vəzifələrini gözəlcəsinə ifaya müvəffəq ola bilərlər. Bu üzdən Gürcüstan və Azərbaycanda hər bir bolşeviklik hərəkatı baş verərsə, bundan iki cür təhlükə vüqui-möhtəməl olar.
Gürcü cəmaətinin, boylə iğtişaş və üsyanlara qarşı göstərmiş olduğu nifrət və gürcü hökumətinin dəxi bu hərəkatı toxdadıb iğtişaşçıların səy və əməllərini səmərəsiz qoymaqla ibraz etdiyi ciddiyyət, ciddi fəaliyyət son dərəcə şayani-təhsin və səzayi-təqdirdir. Azərbaycan ilə Gürcüstan bir-birinə hər bir xüsusda və baxüsus müqəddəratca o qədər yaxındırlar ki, Gürcüstanın əmnü-asayişi Azərbaycanın və Azərbaycanınkı da Gürcüstanın nizam və qaydası vücudilə məşrutdur.
Məqsədi iğtişaş və üsyan törətmək olan siyasi zabastovkaların Azərbaycan hökumət əliylə müdəbbiranə bir surətdə yatırılmasını Gürcüstan millət və hökuməti məmnuniyyətlə tələqqi etdiyi kimi gürcü hökumətinin də bu təhlükənin iğtişaşı dəf və rəf etməsi bizim səmimi xoşnudluğumuza mucib olmaya bilməz. Və hər iki cümhuriyyətin bəqai-istiqlalı üçün qorxulu olan boylə siyasi çıxışların həm Azərbaycanda, həm Gürcüstanda tam bir müvəffəqiyyətsizliklə nəticələnməsi hər iki çümhuriyyətin vəziyyətini möhkəmləndirər. Şan və heyssiyyatını kənardan baxan dost və düşmənlərin nəzərində artırar və istiqlaliyyət ləyaqətimizi fəzlə olaraq bir qat dəha isbat edər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 264-266.
