Milli vokal kadrların yetişdirilməsinə dair ümumittifaq müşavirəsinin açılışında giriş sözü
Yoldaşlar, bu gün milli müğənni kadrlarının hazırlanmasına dair Ümumittifaq müşavirəsi açılır.
Bu Ümumittifaq müşavirəsinin Azərbaycanda açılması faktı - təkcə bu bir fakt - rəhbər orqanlarımızın həmin müşavirəyə böyük fikir verdiklərini göstərir. Bu müşavirə milli kadrlara aid olduğuna və kadrlar yetişdirmək məsələsinin qoyulduğu bir respublikada keçirildiyinə görə, təbii olaraq, İttifaqın milli respublikalarında mövcud olan şəraitə uyğundur. Ona görə da güman edirik ki, bu müşavirə milli kadrlar yetişdirilməsinə kömək mənasında mühüm nəticələr verəcəkdir. Şəxsən mən Ümumittifaq Komitəsinin müəyyən etdiyi belə bir qaydanı alqışlayıram.
Azərbaycan incəsənəti, o cümlədən musiqi sənəti Sovet hakimiyyəti illərində olduqca tərəqqi etmişdir. Azərbaycanın musiqi, memarlıq, ədəbiyyat sahəsində çalışan bəzi incəsənət xadimlərinin yüksək mükafata - Dövlət mükafatına layiq görülməsi buna sübutdur.
Azərbaycan musiqi sənəti, xalqımızın musiqi sənəti nəhəng addımlarla irəliləyir. Bizim musiqidə düzgün qurulmuş canlı ladların mükəmməl sistemi mövcuddur, xalq öz musiqi sənətini bu ladların köməyi ilə yaradır. Həmin ladlar öz zənginliyinə, rəngarəngliyinə görə son dərəcə diqqətəlayiqdir. Biz azərbaycanlılar öz musiqi sənətimizi o dərəcədə inkişaf etdirməliyik ki, Böyük İttifaqımızın bütün xalqları Azərbaycan musiqisi inkişafının sovet musiqi sənətinin, ümumiyyətlə musiqi mədəniyyətimizin inkişafı demək olduğunu görə bilsinlər. Musiqimizin əsasını təşkil edən lad sisteminin öz qanunauyğunluqları vardır: müstəqil quruluşlu bir sıra ladlar mövcuddur; ladların sayı yeddidən az deyildir. Bu yeddi sistemi xromatik qammanın hər bir tonunda təsəvvür etsək, 84 cür lad alarıq. Buraya müstəqil quruluşa malik olmayan əlavə ladları da əlavə etsək, onların sayı 100-dən artıq olar.
Belə bir sərvətlə maraqlanmamaq olarmı? Sovet bəstəkarı musiqi sənətini inkişaf etdirməyə, dünya musiqi sənətinə yenilik gətirməyə imkan verən bu qədər lada göz yuma bilərmi?
Əsrlər boyu baş verən tarixi hadisələr nəticəsində Azərbaycan xalqı müxtəlif xalqların malik olduğu ən yaxşı xüsusiyyətləri mənimsəmiş və öz musiqi sənətini müstəqil inkişaf etdirmişdir. Təsadüfi deyildir ki, ən yaxşı ifaçılar, ən yaxşı müğənnilər məhz Azərbaycandan çıxır.
Müşavirə qarşısında müğənni kadrların yetişdirilməsinə və tərbiyə olunmasına dair bəzi problemləri həll etmək vəzifəsi durur. Burada çox adam iki məsələni qarışdırır: bəziləri hamının sinə səsi ilə oxuması tərəfdarıdır, bəzi adamlar isə deyir ki, xalqın oxuduğu kimi oxumaq lazımdır. Şübhəsiz ki, bu fikirlərin hər ikisi yanlışdır. Opera müğənnisi ilə xalq müğənnisini fərqləndirmək lazımdır. Xalq müğənnisi opera müğənnisi deyildir, onun öz sənətkarlıq sahəsi vardır.
Biz bu iki sənətin hansının daha yüksək olması məsələsini qoysaq, bu da səhv olar. Elə opera müğənniləri var ki, çox pis oxuyurlar, bütün xalq müğənnilərinin də yaxşı oxuduğunu söyləmək olmaz. Xalq müğənniləri arasında ifaçının səsini müəyyənləşdirən qiymət, səsi təyin edən aşağıdakı terminlər işlədilir: məlahətli səs, pis səs, yaxud xüsusi gözəlliyə malik olmayan səs.
Musiqi məktəbində xalq müğənniləri hazırlayan şöbənin olmasına ehtiyac varmı? Bu sual nə mərkəzdə, nə də bizdə həll olunmuşdur; bununla belə, bizim musiqi məktəbində xanəndəlik sinfi vardır. Biz belə düşünürük: bir halda ki, xalq çalğı alətləri - tar, kamança sinfi vardır, nə üçün vokal həyatımızda çox böyük əhəmiyyəti olan xanəndəlik sinfi olmasın?
İstər mərkəzdə, istərsə də rayonlarda heç bir müsamirə xanəndələrin iştirakı olmadan keçinmir. Belə olduqda musiqi sənəti xadimlərinin diqqətini xanəndəlik məktəbi yaradılmasına cəlb etmək lazımdır. Bizim müşavirə bu məsələni aydınlaşdırmalıdır. O zaman biz məsələni açıq qoya bilərik; deyə bilərik ki, xalq musiqisi şöbəsinə malik bütün musiqi məktəblərində xanəndəlik şöbəsi olmalıdır. Hər halda xalq müğənnisi yaxşı müəllimlərlə əhatə olunduğundan, ümumi mədəniyyətini inkişaf etdirən bir şəraitdə yaşadığından musiqi mədəniyyətindən uzaq olmayacaqdır.
Opera müğənnilərinin hazırlanmasına gəldikdə, bu məsələ öz ifaçılığı ilə dinləyicilərə müəyyən təsir bağışlaya bilən müğənnilər hazırlamaq nöqteyi-nəzərindzn çox vacib məsələdir.
Başlıca nöqsan ondan ibarətdir ki, müəyyən edilmiş vokal metodu üzrə oxuyanlar oxumağı xalis texniki iş hesab edir və düşünürlər ki, oxumaq səs çıxarmaq bacarığı deməkdir. Ona görədir ki, çox vaxt bu və ya başqa bir ifaçının texniki cəhətdən düzgün oxuduğunu görür, lakin qəlbinin atəşini hiss etmirsən.
Bizim vokal pedaqogikası təcrübəsində elə hallar olur ki, bədii ifa üsullarını hələ mənimsəməmiş tələbəyə mühüm bir əsərin ifası tapşırılır, o, pis oxuduqda isə, adətən, bununla təsəlli tapırlar ki, müğənni hələ cavandır. Məncə, belə məsul partiyaları müğənni yalnız o zaman oxuya bilər ki, o, ifaçılıq texnikasından başqa, bədii ifa məharətinə də yiyələnmiş olsun.
Hər bir bəstəkar əsər yazarkən pis müğənnini deyil, yaxşı müğənnini nəzərdə tutur, ona görə də tələbələrə vokal əsərlərinin öyrədilməsi məsələsi burada ətraflı müzakirə olunmalıdır. Mən belə güman edirəm ki, bədii ifaya ancaq ifaçılıq texnikası öyrənildikdən sonra fikir verilməlidir, bədii ifaya yiyələnməmiş heç bir kəsə oxumağı tapşırmaq olmaz.
Biz həmçinin hiss edirik ki, bəzi müğənnilər opera səhnəsinə çox tez gəlirlər, onlardan daha hazırlıqlı olanları isə səhnədən kənarda qalır.
Bu yaxınlarda operadan eyni partiyanı ifa edən iki qadın müğənnini dinləməli oldum; onlardan biri çox mədəni oxuyurdu, texniki cəhətdən hazırlıqlı idi və bədii ifa vasitələrini başa düşürdü.
Digər müğənni isə daha yaxşı səs tembrinə malik olsa da, aciz idi: heç bir ifaçılıq mədəniyyəti, bacarığı, diksiyası yox idi; görünür, o, həmin partiyanı çox böyük çətinliklə öyrənmişdir.
Həyatımızda bu cür hallara dözmək olarmı? Əlbəttə, yox!
Buna vokalçılarımız və biz hamımız fikir verməliyik.
Teatr artistlərdən ali məktəbi bitirməyi tələb etməlidir.
Mən həmin müşavirəni maraqlandıran bütün məsələləri sadalamıram, musiqi ictimaiyyətimizin diqqətini tələb edən, öz həllini gözləyən konkret məsələləri göstərirəm. Ümid edirəm ki, bizim müşavirə bütün bu məsələlər barəsində bizə qəti cavab verəcəkdir, ona görə ki, burada çoxlu gözəl kadrlar hazırlamış vokalçılarımız, paytaxtın nümayəndələri - mərkəzi konservatoriyanın professorları, habelə qardaş respublikalardakı konservatoriyaların professorları iştirak edir. Ümidvaram ki, həmin şəxslərin köməyi ilə milli müğənni kadrlarının hazırlanmasına dair bütün suallara düzgün, düşünülmüş cavab alacağıq. Biz vokal sənətimizi daha da inkişaf etdirmək üçün bu cavabları rəhbər tutacağıq.
Yoldaşlar! Milli vokal kadrlarının hazırlanmasına dair Ümumittifaq müşavirəsini açıq elan edirəm, bu müşavirənin bütün iştirakçılarına xatırladıram ki, partiyamız və hökumətimiz ucsuz-bucaqsız sosialist Vətənimizdə yaşayan bütün xalqların mədəniyyətinin daha da yüksəlməsi üçün hər cür şərait yaratmışlar.
Biz partiyanın və hökumətin etimadını doğrultmaq üçün bütün qüvvəmizi səfərbərliyə almalıyıq. Mən ümidvaram ki, milli müğənni kadrlarının hazırlanmasına həsr olunmuş müşavirənin qarşısında duran vəzifəni layiqincə yerinə yetirəcək və bu barədə partiya və hökumətimizin rəhbərlərinə raport verə biləcəyik.
Tam müvəffəqiyyət arzulayıram! (Alqışlar).
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.-II cild.- S. 168-171.
