Hökumət bəyannaməsi və duma
İndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyi- məmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar.
Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi.
Əcnəbi və Rusiya qəzetələri müxbirləri vüzəra heyətinin orasına- burasına dolanıb, məramnamənin məzmununu tez bilmək istəyirdilər və eşidib bildiklərini qəzetələrdə yazıb, bu barədə cürəbəcürə xəbərlər intişar edirdilər.
Axır ki, mart ayının altısında, vüzəra heyəti məramnaməsinin bütün məzmun və məali cümləyə məlum oldu. O gün baş vəzir Stolıpin hökumət məramnaməsini məbuslara elan etdi.
Bu məramnamədə və ya bəyannamədə hökumət ümuri-məmləkətdə nə növ iş görəcəyini və nə təriqilə gedəcəyini bəyan edib, məclisi-mətbuat dəxi özü üçün köməkçi çağırır.
Hökumətin həman bəyannaməsi, söz yoxdur ki, köhnə tərzi-idarəni bərpa edən "məramnamələr" kimi olmayıb, əhali tələbatına dəxi doğrusu, iqtizayi-zəmanəyə bir qədər müvafiqdir. Bu bəyannamədə deyilir ki, hökumətin, millət məclisi açmağa razı olduqda, fikri məmləkətin asayiş və islahatına səy etməkdir və bu asayiş və islahatı hökumət öz anladığı kimi təriqələr və vasitələr ilə hüsulə gətirmək istəyir və bu barədə məclisi-məbusan ilə əlbir olmağı təklif edir.
Bəyannamənin özü əhəmiyyətli olduğuna görə dumanın ahillərinin buna dair nə cavab verəcəyi dəxi bir o qədər əhəmiyyətli idi. Hamı gözləyirdi ki, duma hökumətin təklif etdiyi təriq və vasitələrə artıq məhəlgüzar olmayıb, həman dəm onu tənqidə çalışacaq. Lakin oylə olmadı: Dumanın əksəriyyəti ki, "sol" tərəfindən ibarətdir, həman halda cavab verməkdən özünü gözlədi və bəyannamə qurtardıqdan sonra oylə bir etinalı söz deməyib, sair işlərin müzakirəsinə keçdi və ümumiyyətcə, bu xüsusda özünü əvvəlinci dumadan da "sağraq" tutdu. İnqilabçı görünən dumanın bu hərəkəti hamını heyran qoyursa da, yenə böyük bir təsəlli verir. Çünki bunu isbat edir ki, millət məbusları öz vəzifələrini layiqincə anlayıb, bu tez zamanda dağılmaq istəmirlər və məmləkətin nəcatı üçün baqi qalıb, taktika ilə dolanmaq və bu yol ilə öz məramlarını yeritmək arzusundadırlar. Görək, işin axırı necə olacaqdır!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 291-292.
