Üzeyir Hacıbəyli

Ordan-burdan

                                                                                                                                                                       Cavad uyezdində pristav Şəfi bəy 
                                                                                                                                                                       Fətəlibəyova açıq məktub
"Dusti-mehriban" cənab Şəfi bəy!
Əvvəla, ümdeyi mətləb vücudi-zicudinizin səlamət və afiyyət üzrə bərqərar və payıdar olmağıdır. Və saniyən, əgər iltifat məqaminə gəlib, bu tərəfin əhvalatını xəbər alsanız, əlhəmdəlillah vəlminnə sağ və səlamət olub, "ömri giranbahanizə daim duaçu varıq". Və salisən, neçə vaxtdan bəridir ki, Siz cənablardan heç bir əhval yox idi. "Bu isə bizi bir qəm və ələm dəryasına qərq etmişdi". Amma bu günlərdə Sizin başınızın sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin "şöhrəti bütün afaqə əyan olunduğundan, biz də ondan xəbərdar olub, "şadiman məsərrətə nail olduq". Bundan sonra siz bizim "mədari-iftixarımız" oldunuz. Biz acizlər tərəfindən "təşəkkürlər" qəbul etməyinizi artıq, artıq rica edirik. Doğrudur, Siz bu iyirmi beş ilin ərzində kəmali-sədaqət ilə ifasında olduğunuz pristavlıq dövründə hökumətə çox böyük qulluqlar edibsiniz, sizin qamçı (qırmancınız altında ölmüş müsəlmanların, odunuz ilə yanmış evlərin, hökmünüz ilə darmadağın edilmiş mal və mülklərin, "həya"nız ilə bihəya olmuş arvadların, şiri-jiyanlara mənsub nərəniz ilə bağrı yarılmış uşaqların ədədini götürüb, mülahizə etsən görərsən ki, neçə-neçə qəbiristanların təmiri sizin "hünəriniz"ə vabəstə imiş. Amma bu axırki günlərdə ibraz etdiyiniz "hünərin" şədid zülmükarın "şöhrətini" batırıbdır. Sağ olunuz, var olunuz! Sizin bir namaz qılan və oruc tutan pristav olduğunuz bizim hamımıza məlumdur. Buna görə də aşağıdakı nidanı bəndəyi həqiqinizdən qəbul edin:
Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb, razü niyaz edən abid! Və ey, arvad-uşaq əşkilə qüsl edib ibadətə məşğul olan zahid, behiştin əla dərəcəsində məqamınız var! ...Qafqazda tamam 25 il pristavlıqda qalmağınızdan rəncidəxatir olamayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdın ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət Sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiyiniz qan və əşklər Sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır. Əvvəlcə yumuşaq yaradılmış ürəyiniz müruri əyyam ilə bərkiyib, daşa dönübdür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane ola bilməz. Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, səbr və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun. Onları özünüzə, nümunəyi-imtisal tutub, hanki uçastok və uyezdə dəyişilsəniz onlar kimi müsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız. Və bir də bağışlayın mənim sizə "yol" göstərməyim əbəsdir. Siz öz "dərsinizi" yaxşı bilirsiniz. Artıq dərdisər vermək lazım deyil. Bu axırki "şöhrətiniz" Qarabağda adınızı baqi qoyacaqdır. Ölülər cəsədlərindən sizə bir yadigar rəkz etmək Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayeyi mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyin, baqi vəssəlam.

                                                                                                                                            Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 199-200.