Tənqidat
"İkinci il"
Bu günlərdə çapdan tazə çıxmış "İkinci il" adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu "İkinci il" idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap ediməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, - bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi.
İştə haman kitab, komisyon göstərdiyi nöqsanların təkmili ilə çap edilib satılmaqdadır.
Bütün müəllim arkadaşlarımızı bu kitab ilə aşina etmək üçün onun haqqında bir neçə söz yazmağı lazım bildik.
"İkinci il" məkatibi, ibtidaiyənin ikinci şöbəsində və məkatibi- edadiyyənin ibtidai siniflərində oxumaq üçün tərtib edilibdir.
Bu kitabın sair mövcud kitablara tərcih və təfəvüqünü aşikar və aydın göstərmək üçün mövcud kitabların nöqsanlarını bir-bir tedad və tezkar etmək lazım idi.
Lakin qəzetəmizin həcmi buna müsaid olmadığından yalnız burasını ixtar edəlim ki, "İkinci il"in aşağıda göstərdiyimiz mükəmməliyyəsi mövcud dərs kitablarının heç birində yoxdur.
Pedaqoqların məlumu olduğu üzrə hər bir dərs kitabında, havi olduğu dərslərin müəyyən bir üsul ilə bir-birinin ardınca düzəlməsi iqtizaati pedaqojiyyədən biridir.
O üsul isə müxtəlifdir. Lakin hamısından yaxşısı məşhur pedaqoq Uşinski qəbul və təklif etdiyi üsuldur ki, buna "Dərslərin üsuli-təbii üzrə düzəlməsi" demək olar.
Bu üsul, uşağın təvəllüdündən sonra öz mühitini nə yol ilə tanımağa başladığını təqlid edər kimi bir üsuldur ki, bu səbəbdən də ona "təbii" sifəti vermək caiz görünür. Uşaq təvəllüdündən sonra əvvəlcə ən yaxın şeyləri, yəni ev-eşiyi, həyəti və bunlarda olan məxluqatı tanımağa başlayır, sonra bilik dairəsi getdikcə tovsi edilməyə başlayır.
İşdə Uşinski kimi pedaqoqlar da lazım bilmişlər ki, uşağın təlim və tədrisi də haman "yaxından uzağa" və "məlumdan qeyri-məluma" getmək üsulu ilə olsun və özləri tərtib etdikləri kitablarda da dərslər bu üsul ilə düzəlmişdir.
"İkinci il"in müəllifləri də bu üsulu tamamilə qəbul edib, dərsləri o üsuli təbii üzrə düzmüşlər, odur ki, birinci dərsləri məktəb və məktəb şeylərinə dair olub və sonra evə, külfətə, ev heyvanlarına, quşlarına, həyətə, sonra bağa, bostana və ondan sonra meşəyə və çöl heyvanlarına, sonra cücülərə, sürünən heyvanlara dairdir. Axırda dörd fəslin tərifi, bu fəsillərdə görülən işlər və s. sonra yazı dərsləri və sonunda lüğətdir.
Söz yoxdur ki, yuxarıda zikr olunmuş şeylər quru bir tedad və təzkardan ibarət olmayıb, bəlkə gözəl söhbətlər və hekayələr şəklində yazılıb. Hər hekayənin axırında da orada zikr edilmiş şeylərin adları tedad olunubdur. Unutmayalım ki, hər bir dərs, yazıb-oxumağı öyrətməkdən başqa, bir də uşaqların tərbiyəsinə xidmət etməlidir. Tərbiyəedici dərs isə heç bir vaxt quru öyüd-nəsihətdən ibarət olmamalıdır. Bəlkə, elə bir keyfiyyət halında yazılmalıdır ki, uşaq özü o keyfiyyətdən nəyin yaxşı və nəyin pis olduğunu anlasın. "İkinci il"də olan dərslər də tamamilə bu qaydaya riayət olunmuşdur. Xüsusiyyətə gəldikdə, "İkinci il" tərbiyə işlərində uşaqların həm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək dərslər intixab etmişdir. Məsələn, hekayələr vardır ki, uşaqlarda riqqəti-qəlb, sədaqət, məhəbbət və bu kimi hisslərin tərbiyəsinə xidmət edir. Məsələn, yoldaşlıq, pinti uşaq, növbətlə məktəbə getmək və s. Bəzi hekayə və söhbətlər var ki, uşaqların biliyini artırıb, ağlını tərbiyə edir. Məsələn, kitab, kağız və s. Və bəzi hekayələr var ki, uşaqlarda gözəl zövq və rus təbiri ilə (vkus) tərbiyə edir ki, burasına indiyə qədər diqqət yetirən bir müəllif olmayıbdır. Məsələn, "Bizim ev" hekayəsi gözəl bir evin nümunəvi timsalını göstərir, planı dəxi çəkilmişdir.
Kitabın dilinə gəlincə, demək olar ki, rus və ya farsdan götürülmüş üsuli ifadə və ifadeyi kəlamdan tamamilə azad olub da, sırf türk dilinə məxsus qayda ilə yazılmış kitab yalnız həmin bu "İkinci il"dir. Halbuki mövcud kitablar bir çox yerlərində türk dilini xarab edib, uşaqları və müəllimləri darıxdırdığı məlumdur. Yazısına gəlincə, o dəxi böyük bir tədbir və təhsinə layiq surətdə yazılıb, çox asanlıqla oxunur. Çünki
kəlmə nasıl tələffüz olunursa, elə də yazılıbdır və çünki tələffüz, türk dilinə məxsus bir qaydaya görə olmalıdır, ona görə haman qayda da tamamilə saxlanıbdır və bununla qələt tələffüzümüz də təshih olunubdur. O qayda isə Osmanlı üdəbalərindən Nəcib Asim bəyin bu sözləri ilə bəyan edilibdir ki, həmin sözlər "İkinci il"in üst yarpağında bir təraz (deviz) şəklində yazılmışdır. "Türkcədə gözəl bir hal vardır ki, haman heç bir lisanda bulunmaz. O da lisanda bulunan ahəngdir. Yəni türkcədə bir kəlmənin ilk hecası nasıl bir səs ilə başlarsa, ondan sonra gələn hecalar da ona uyğun olur. Məsələn, ilk hecanın səsi incə isə, ortakıların da səsi incə, qalın isə, qalın olur".
Kəlmələri çocuqlar dürüst və asanlıqla oxumaq üçün "İkinci il"in müəllifləri bir də bəzi türk kəlmələrində zəbər əvəzinə "ə" və zir əvəzinə "i" yazmağı lazım görübdürlər. Məsələn, "gözəl", "öyrənəcək", "bir", "sənin", "ortasında" və s. Söz yoxdur ki, bu cürə yazı tez və asan oxunar, lakin, bütün kitabda çox az təsadüf olunan ərəb və fars kəlmələri təğyir edilməmişdir. Bu kitabda bir çox türk kəlmələri idxal olunubdur ki, o kəlmələr məətəəssüf unudulub ərəbcə və ya farsca ilə əvəz edilməkdədir. Məsələn, kirvə, hənək, qaksımaq və s.
Kitab müsəvvərdir. Şəkilləri çox aydındır və şayani diqqət burasıdır ki, bir çox şəkilləri əsil Qafqaz kəndli məişətini təsvir edir ki, o biri kitablarda bu yoxdur.
Kitabın əvvəlinci hissəsi böyük və ikinci hissəsi də bir qədər xırda, lakin çox aydın hüruf ilə düzülübdür. Axırda kitabda təsadüf edilən çətin əcnəbi və ya türk sözlərinin lüğəti vardır.
Biz bu kitabı məktəblərimiz üçün təkid ilə tövsiyə edib, ümidvarıq ki, müəllim arkadaşlarınız bununla tez istifadəyə çalışarlar. Çünki bu cürə kitab bizim bu halımızda göydəndüşmə bir şeydir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 20-22.
