Ordan-burdan
Şəkidən, Şirvandan, filandan idarəmizə gələn və Osmanlı ilə İran barəsində nə təhər yazı yazmağın "zakaz"ını bildirən kağızlarını oxuyanda, mənim yadıma həmişə bu düşər:
"Kərbəlayı Bədəl, bizə bir-iki lüləkəbab bişir, amma gözlə ki, nə quru olsun, nə də sulu, bir də istiotunu bacardıqca az elə, yanına soğan əvəzinə turp qoy, üstünə də bir sumax səp".
Bu cürə "zakazları" aşpazlara verərlər, halbuki bizim sənətimiz ilə aşpazlığın arasında asiman-zəmin təfavüt var.
* * *
Osmanlının Misirdə çıxan "Türk" qəzetəsi deyir ki, Osmanlı millətini oyatmaq üçün bir neçə yaxşı yol var. Bu yollardan biri də odur ki, azadlıq üstündə çalışan (?) Rusiya türkləri (Şəki və Şirvan türkləri də daxildir ha!), Osmanlıdan gəlib keçəndə o yazıqları başa salıb, zalım hökumətin əlindən qurtarılmağa həvəsləndirsinlər. Dünən, bu sözləri oxuyan kimi, yadıma bu məsəl düşdü ki: "Ölülər elə bilir ki, dirilər halva yeyir".
İki nəfər müsəlman bəyi bir-biri ilə görüşür:
N-bəy (zahirdə). Salam əleyküm. F-bəy, keyf, əhvalın, xoş gördük, (ürəyində - Allah səni heç xoş eləməsin, həmişə xaru zəlil olasan).
F-bəy (zahirdə). Br, əleyküməssəlam, xoş vaxtın olsun. Səfa gəldin (ürəyində - yolda qıçın sınıb, gəlməsəydin lap yaxşı olardı; məlun!)
N-bəy (zahirdə). Çoxdan bəri səni görmək arzurunda idim, sən də görünərsənmi (ürəyində - Səni yerə basdırım ki, doğru deyirəm, a kişi bəs havaxt öləcəksən?).
F-bəy (zahirdə). Görükməkdən nə olsun, tək insanın qəlbində bir-birinə məhəbbəti olsun, elə bunun özü bəsdir (ürəyində - Nə tövr görüküm ki, səni görəndə gözüm ağrayır, a sənin gözlərinə ox batsın!)
N-bəy (zahirdə). Əlbətdə, məhəbbət özgə cürə şeydir, onun heç bir şeyə dəxli yoxdur. Amma yenə də sözün doğrusu beş-altı gün səni görməyəndə çox "iskuçni" oluram (ürəyində - Yəni deyirəm fikrinə də gəlməsin ki, səndən donos yazdırmışam, ha!..).
F-bəy (zahirdə). İltifatın artıq olsun; vallah, elə mənim özüm də həmişə yerdən duran kimi, nökərlərdən soruşuram görüm ki, N-bəy nə qayırır, keyfi necədir? Bilmirəm gəlib, sənə deyirlərmi? (ürəyində - Yəni, deyirəm görüm, səndən göndərdiyim donosun əsəri nə tövrdür, naçalnik səni sordurmaz ki, arvad uşağını mələtmirlər ki...). Bəs, niyə atdan düşmürsən? Ədə, Səfiqulu, gəlin bəyin atın dutun (ürəyində - Əqlin olsa, ötüb gedərsən, mənim də zəhləmi tökməzsən).
N-bəy (zahirdə). Yox, kəndə gedirəm, elə dedim at üstə bir səni görüm; (ürəyində - Üzünə də tüpürüm) (zahirdə) hələ ki, salamat qal; (ürəyində - Gör sənin başına nə oyun gətirəcəyəm!)...
F-bəy (zahirdə). Xoş gəldin, bu yaxşı olmadı ki, getdin; (ürəyində - Sən öl, çox yaxşı oldu; get, dahnca bir qara daş getsin, məlun).
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 303-304.
