Şərq musiqisi haqqında qərb alimlərinin təfsiri
Cümləyə məlum olduğu üzrə, dünyada heç bir şey qalmamışdır ki, Qərb alimləri oraya əl aparmamış və lazımınca təhqiqat aparmamış olsunlar. O cümlədən qədim Şərq musiqisi dəxi Qərb alimləri tərəfindən tədqiq və təhqiq edilib, bu xüsusda qalın kitablar yazılmışdır.
Qədim şərq musiqisi haqqında çalışan alimlərdən başlıcaları [Kizevetter] ilə onun bacısı oğlu [Ambros]dur.
Rusiya tarix musiqi müəllimlərindən olan [Razmadze] məzkur alimlərin xülasəyi-əsərlərini öz "Musiqi tarixi" adlı kitabına köçürməklə rus musiqi məktəblərinə xidmətlər göstərmişdir. Məzkur alimlərin təhqiqatının təqribən doxsan sənə bundan əvvəl yazılmış olduğunu xatirə salıb musiqi maraqlılarınca son dərəcə haizi-əhəmiyyət olan müxtəsər tərcüməsini müəllim [Razmadze]nin kitabından alıb nəql edirik.
Ümumi rəyə görə, ərəblər islamdan qabaq musiqicə ən geridə qalmış bir tayfa idi. İslamdan sonrakı ərəblər 7-ci əsri-miladidə İranı fəth etdilər. İranda tərəqqi etmiş olan bütün ülum, fünun və gözəl sənətləri əxz etməklə, dərəcəyi-kamala yetirməyə çalışdılar.
Ərəb və İran alimləri hər bir elm və sənət xüsusiyyətində irəli getdikləri kimi, musiqi sənətində dəxi o qədər tərəqqi etdilər ki, yunaniləri dəxi etməkdən başqa ümumbəşər musiqi sənətinə dəxi böyük xidmətlər göstərdilər.
Razmadzenin kitablarında deyilir ki:
Alim [Polioks]un fikrincə, "Monoxord" icad edən dəxi ərəblər imiş. Yenə o alimin rəyincə, "Qanun" dəxi məhz ərəblərin ixtiraatındandır ki, bədə yunanilər onu ərəblərdən əxz etmişlər. Həqiqət bir çox musiqi aləti əlan dəxi mövcuddur ki, əsilləri ərəblərdən götürülmüşdür. Məsələn: Əslində Asori alətindən sayılan "Bandur" ərəblərin tənburundandır ki, "b" ilə "t" yerlərini dəyişmişdir. Bu saz sonra yunana dəxi köçmüşdür. Bu gün rusların "Lyutnya", italyanların "Lyuto", almanların "Laot", ispanyonların "Laud" dedikləri saz ərəblərin "Əl-ud" və ya "Ud" adlı sazıdır və yenə bu gün "Vialon" deyilən məşhur saz (rusca skripka) ərəblərin "Füzula" sazındandır ki ("z"nin ərəbcə tələffüzünə görə), "Fidola" bədə "Vıdola", sonra "Viola" və axırda "Vialon" olmuşdur.
Bu gün Avropada işlənilən bütün zərb alətləri hamısı ərəblərdən götürülmüşdür.
İslamda mədəniyyət zamanı musiqinin çox böyük təsiri var idi. Harun ər-Rəşidin qəzəbini qaytarıb mülayim edən bir şey varmışsa, o da musiqar Şəhirül-Məsudinin ud çalğısının təsiri imiş. İbn Xəldunun yazdığına görə, Bağdad bir musiqi mərkəzi olmuşdu. Bütün musiqi alimləri və musiqi ustadları buraya cəm olmuşdular. İbrahim Mehdi, İbrahim Müsəvvəli, İshaq o zamanın (Abbasilər zamanı) ən ustad və mahir musiqi alimləri idi.
Hələ 8-ci əsr miladidə Xəlil namində musiqi alimi "Kitabi-əlhan" namində bir kitab yazmışdı ki, ən müfəssəl musiqi təfsiridir. Ondan sonra Əlkəndi namində alim musiqi haqqında altı cild kitab yazdı ki, bunlar idi: "Musiqi təsnifi", "Əlhan", "Vəzn", "Musiqi aləti", "Tərəb və təğənni" və "Musiqi sənətinə bir nəzər".
Onun şagirdi olan Əhməd ibn Məhəmməd musiqi haqqında "Kitabi-kəbir və kitabi-səğir" və əlavə "Musiqi haqqında elmi təhqiqat" adlı kitablar yazmışdır (vəfatı 899-dadır).
Ərəblərin fikrincə, musiqi elmini yalnız böyük alimlər kamil surətdə öyrənə bilərlər. Odur ki, bir çox məşhur alimlər ömürlərini musiqi qanun və qəvaidi təhqiqatına sərf etmişlər; məsələn: Sabit ibn Qəra (vəfat 900), Əbu Bəkr ibn Badşəh (918), İbn-ül-Heyzüm (vəfat 1038); Bu axırkı alimin bir böyük əsəri var ki, musiqinin heyvanata təsiri haqqında təhqiqata aiddir. Farabinin və Şəfiüddinin şöhrəti hər kəsə məlumdur.
Qədim musiqi elmini əkməl dərəcədə dərk etmiş olan Mühəmməd ibn-İsa 1334-cü miladidə Misrül-Qahirədə musiqi haqqında leksiyalar oxumaqla xeyli məxluq cəm edərmiş. Elmi əlhanın gələcəkdəki əhəmiyyəti adlı əsər bu alimindir.
Ərəb İran musiqisinin əsasına gəldikdə bunun qədim yunan musiqisindən götürüldüyü və yaxud məhz islam mədəniyyəti əsasına məbni olduğu hələlik dürüst təyin edilməmişdir.
Hər halda ərəblərin ən qədim "Qamm"larından birisi yunanilərin qədimki "Qamm"ları olan "hipofirikin" qammına müsavidir. Bu qamma bugünkü Avropanın "Dyatonik" qammının eynidir, fəqət bir pərdəsində təfavüt vardır. Məsələn: Avropa qammı böylədir:
Do, Re, Mi, Fa, Sol, Lya, Si, Do.
Ərəb və yunan qammı isə bu nəhv ilədir:
Do, Re, Mi, Fa, Sol, Lya, Si bemol, Do.
Ərəblərin oktavı 17 hissəyə təqsim olunur ki, hər bir hissəsi bir bütün notun üçdəbir hissəsidir (avropalılarda bir oktav 12 hissədir və hər bir hissəsi bütün tonun yarısıdır). Ona binaən ərəb oktavı böylə olur.
Do | Si bemol | Lya | Sol | Fa | Mi |
|
| Re |
|
| Do | |||||
1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 |
3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 | 3 |
17 | 16 | 15 | 14 | 13 | 12 | 11 | 10 | 9 | 8 | 7 | 6 | 5 | 4 | 3 | 2 | 1 |
Bundan görünür ki, Avropada "Mi" ilə "Fa" və "Lya" ilə "Si bemolun" araları yarım ton olduğu halda, ərəblərdə üçdə bir (1/3) tondur.
Hissələrin ümumisi qırx ədəd imiş ki, iki oktav və altı hissə edir (17 + 17 + 6 = 40) yəni qırx pərdə, varmış. Pərdələrin adları ya ərəbcə əbcəd hesabı ilə, məsələn: əlif, bey, cim, dal, hey, vav, zay və ya farsca ədədlər ilə: yek, do, se, çahar, pənc, şeş, həft adlanırmış; cərgə ilə düzülmüş olan pərdələrdən əmələ gələn qammalara muğamat deyirmişlər. Baş muğamlar on iki ədəd hesab olunurmuş. Baş muğamlardan əlavə bir də "Təbəqə" deyilən xırda muğamlar varmış ki, yunanilərdə dəxi böylə bir təqsimat mövcud imiş. Beləliklə, qammın bir hissəsindən 7 və digər böyük hissəsindən 12 növ dəyişikliklər hasil etməklə 7 kərə 12-dən ibarət olan 84 növ muğam əmələ gəlirmiş.
Baş muğamlar bunlar imiş: 1) Üşşaq, 2) Nəva, 3) Busəlik, 4) Rast, 5) Əraq, 6) İsfahan, 7) Rahavi, 8) Büzürk, 9) Zirəfkənd, 10) Zəngulə, 11) Hüseyni və 12) Hicaz.
Bu baş muğamlardan əlavə altı ədəd "Avaz" varmış. O da bunlardır: 1) Şahnaz, 2) Mayə, 3) Səlmək, 4) Novruz, 5) Gərdaniyə və 6) Guvəşt.
Ərəb-İran musiqisinin böyük tərəqqisi 14-cü əsr miladidən başlanır ki, bu zaman Ərəb və ya İran musiqi alimləri pərdələrin yek digərinə olan münasibətini təyin etmək, musiqi vəznini qaydaya salmaq və bu sənəti getdikcə nazikləşdirmək yolunda çox çalışıbdırlar. 13-14-cü əsr alimlərindən ən məşhuru Səfıyəddin Əbdülmömin ibn Faxir-ül- Ərməvi-ül-Bağdadi deyir ki, moqol vəziri Şəmsəddinin oğlu olan Şərəfəddin Harun üçün "Şərəfıyyə" adlı bir musiqi kitabı yazmışdı. Bu kitab o qədər mötəbər olmuşdu ki, ondan sonra gələn alimlər üçün bir böyük dəlil idi. O alimlərdən məşhuru Mahmud Şirazi, Əbdülqadir Maraği, Əbülfərəc və sairləri idi. Əndəlisdə isə Nizaməddin və Məhəmməd ibn Əhməd musiqi alimləri idilər.
İran alimləri hərçənd on iki muğamdan ancaq Üşşaq, Rast, Hüseyni və Hicazi qəbul etmək istədilərsə də, baqiləri dəxi öz hökmündə qalıb hələ iyirmi dörd "şaxə" və ya şöbə dəxi artdı. Məsələn: Üşşaq məqamının bir, iki, dörd, beş, yeddi və səkkizinci pərdələrindən "Dügah" şaxəsi əmələ gəldi, bu şaxələrdən məşhuru "Mahur" idi.
Ərəb-İran alimləri tələb edirdilər ki, musiqi yazanlar sözlərinə görə muğam seçsinlər, bir-birinə müvafiq gəlsin. Üşşaq, Nəva və Busəlik insanın qəlbində şücaət və bir də şadlıq doğurarmış. Bu muğamları türklər çox sevərmiş. Rast, Novruz, Əraq və İsfahan sülh və asayiş gətirərmiş ki, bunları da ziraətçi İranilər bəyənərlərmiş. Büzürk, Zirəfkənd və sairə muğamlar isə hüzn və sevda təsiri yaradarmışlar.
Zamana dolandıqca bu muğam və avazlar get-gedə bir çox dəyişikliklərə uğrayıb, bir para muğamlar avaza, avazlar dəxi muğamlara keçməklə bir xeyli təbəddülaq hasil olmuşdur və muğamlar yeddi pərdəlik qammalıqdan çıxıb ancaq qam parçalarından ibarət qalmışdır.
Ərəb-İranilərin sazlarına (yəni musiqi alətinə) gəldikdə, yuxanda ərz olunduğu kimi, o sazların bir çoxu bugünkü Avropa sazlarının ata-babalarıdır. Ərəb-İran sazlarından ən sevimlisi "ud" imiş ki, Avropada ancaq 12-ci əsrdən sonra məşhur oldu. Halbuki 10-cu əsrdə olan məşhur Farabi "ud"un mükəmməl bir saz olduğunu tərif etmişdir. Ərəb alimlərindən bir paralan "ud"un ixtirasını gah iranilərə və gah yunanilərə isnad verirlər. Fəqət zənn etməlidir ki, "ud" ya ərəb ixtirasıdır, yainki fironlar zamanı və əsrin musiqi alətindəndir. Hər halda ən gözəl "ud" çalanlar ərəblər imişlər. Məsələn: Nadir ibn-il Hürr Sahib xatir və sairə.
Onuncu əsrin alimlərindən Əbu Əbdullahın "Müftəhül-ülum" adlı kitabında udun tərifində deyilir ki, bu sazın dörd teli vardır və o tellərin adları böylədir: Bəm, Müsəlləs, Məsna və Zir. Qolunun üzərində pərdələrin yeri vardır ki, ip ilə bağlanmışdır.
İndiki ərəb udunun pərdələri yoxdur, özünün də yeddi cift teli vardır. Ud "mizrab" vasitəsilə çalınır.
Telli sazlardan biri də "Tənbur"dur ki, bu da qədim Misir alətinə bənzəyir. Farabinin tərifinə görə, tənburi-Xorasani və tənburi-Bağdadi heç də bir-birinə bənzəməz. Hazırda tənburun növləri çoxdur ki, dördtelli və səkkiztelli olmaqdan əlavə böyüklük və kiçiklik, habelə kökcə bir-birindən ayrılır.
Tellilərdən biri də "Qanun"dur ki, bəzilərincə ərəb və bəzilərincə yunan ixtirasıdır. Hər halda ərəblərin öz "Qanun"u var imiş ki, bu saz vasitəsilə bir də digər sazları kök edərlərmiş. Ərəb qanununun 75 teli varmış ki, hər üçü bir cürə kök edilirmiş. Qanun rast kökündə qurularmış. Bu gün hər bir musiqar üçün piano çala bilmək vacib olan kimi, o vaxt ərəblərdə dəxi bütün musiqarlar öz çalğılarından əlavə qanun çalmağı dəxi özlərinə borc bilirmişlər.
Tellilərdən biri də kaman vasitəsilə çalınan "Rübab"dır ki, təktelli və ikitelli olarmış. Özü də xanəndə üçün"dəm" tutulmağından ötrü çalınarmış. Sonra haman rübabdır ki, "Rəbək" namilə Avropaya köçüb sonra "Füzula" adı ilə ki, yuxanda zikr olundu, dəyişiklik keçirib bugünkü vialon əmələ gəlir.
Nəfəslə çalınan alətə gəlincə başlıcaları bunlardır: "Zuma"ki çox bərk səsi olduğuna görə müharibədə işlənirmiş. "Əraqi" ki ərəb qammına çox müvafiq imiş, "Nay" ki ənvai çox imiş: bugünkü fleyt qismindəndir. Bundan kiçiyindən olan "Haboy" ki hətta bir vaxt Avropa orkestrinə dəxi keçmişdi. Bədə "Nəfir" ki o da bizim truba kimi misdən olub müharibədə işlənərmiş.
Bugünkü Qərb alətləri haman eynilə ərəblərdə varmış, fəqət o qədər kamil deyilmiş.
Bilümum [Ambros]un deməyinə görə, ərəblərdə 32 növ ud, 12 növ qanun, 14 növ kamança, 28 növ nay, 22 növ haboy, 8 növ nəfir və bir çox dəf və dünbəklər varmış ki, heç bir millətdə o zaman bu qədər musiqi aləti yox imiş. Bu müxtəsər tərcümədən dəxi görünür ki, Avropa alimləri qədim Şərq musiqisini və musiqi alimlərini bizdən daha gözəlcəsinə bilirlər.
Gizavetter ilə Ambrosun Şərq musiqisinə aid olan əsərlərini əxz edib, orada göstərilən şərq kitablarını dəxi ələ gətirə bilsə idik, böyük bir iş görmüş olardıq. Bu xüsusda təşəbbüs lazımdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 388-393.
