Ordan-burdan
Osmanlıda qanuni əsasi...
Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, "Osmanlı və qanuni əsasi" sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur.
Osmanlıda qanuni əsasi...
İngilisdə qanuni əsasi... Almaniyada qanuni əsasi... Yaponiyada qanuni əsasi... Hətta Rusiyada qanuni əsasi... Axırı lap İranda da qanuni əsasi... Bir sözlə, bizlərə bir o qədər - hətta nəinki bir o qədər - lap heç təəccüblü görünmür. Doğrudan da elədir. Almaniyada qanuni əsasi - Məşədi Rüstəmin papağı - bu ikinci sözlərə təəccüb etmədiyimiz kimi əvvəlincilərə də etmirik. Amma, Osmanlıda qanuni əsasi - bu ona bənzər ki, məsələn, Kərbəlayı Hüseynqulunun furajkası.
Xülasə... Osmanlıda qanuni əsasi!
Adamlar bir-birini görüb soruşurlar: bu nə olan işdir, sultandan çıxmaya?! Deyirlər ola bilsin ki, sultan mərhum Müzəffərəddin şah kimi etmək istəyir. Bu çox yaxşı olar, hərgah sultanın oğlu Məmmədəli şah kimi eləməyə!
Amma o, eləyə bilməz, çünki Osmanlı camaatına qanuni əsasinin tək bir ucunu göstərmək kifayətdir, dalını özləri çəkib çıxardarlar.
Bəli! Əvvəlcə İstanbul qəzetələri belə yazırlar: "Sayeyi-mərhəmət - vayeyi-xilafət pənahidə kəmali-rəfahət və səadətlə yaşamaqda olan Anadolu əhaliləri dövlət məmureyini-girmanının onlar ilə olan müamileyi müşfüqanəsindən dolayi təşərrüati - binahayələrinin xaki-payi-şahanəyə təqdim edib... kefləri kök və damaqları çağ olduqlarını bildirir."
Amma qanuni əsasidən sonra belə yazacaqlar: "Anadolu vilayətinin əhalisi acından tələf olmaqdadır. Zalım və rüşvətxor məmurların zülmü binəva əhalini cana gətirmişdir. Arvad-uşaqların ahu-naləsi göyə qalxmışdır. İstanbul bunlara tez bir əlac eləsin."
Təfavot əz koca ta bekoca!
Hələlik bu sözlər bəsdir. Çünki qorxuruq ki, birdən sözümüzü geri götürməyə məcbur olaq. Ancaq burası da məxfi qalmasın ki, əgər doğrudan da sultan qanuni əsasi versə, o surətdə Məmmədəli şahın sultana bərk acığı tutacaqdır.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 10.
