Üzeyir Hacıbəyli

Ordan-burdan

Tarixdə vardır ki, qədim yunan filosoflarından "dəli filosof" adında bir şəxs özünə bir "şöhrət" qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı.
İndi "Tazə həyat" rəfiqimiz də "məzəlilik" üçün "Keyfi gələndə" ağzına gələni götürüb yazan "Birisi" yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin.
Amma mənim ağlım kəsmir ki, "Birisi" yoldaşım bu yolda muradına çatıb, əbədi bir şöhrət qazansın.
Çünki müsəlman camaatı dilsiz, cansız bir ibadətgah deyildir ki, ona od vurulduqda özünü qorumağa əlacı olmasın.
Müsəlman camaatı diridir, özünün də ağrıyan canı vardır. Ona görə də "Birisi" rəfiqimizə məsləhət gördük ki, nahaq yerə "ispiçkasını" korlamasın, burada "neft" nə qədər çox olsa da pajar eləyə bilməyəcəkdir. Bəlkə ola bilsin ki, öz üstünə od düşə! Vəssalam.

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 331.