Üzeyir Hacıbəyli

7-ci məktub

Əzizim Müslüm!

2 imtahan vermişəm, bir imtahanım qalır, onu da ayın 24-də' verməliyəm, müvəffəq olmasam, sentyabrda verəcəyəm.

Hazırda yay istirahəti məsələsi ilə məşğuluq: çox çətin məsələdir, çünki hara getsəm, piano çalmağı davam etdirməliyəm, buna görə də Peterburqda qalmaq və işin müvəffəqiyyəti xatirinə qohum-əqrəba ilə görüşməyi bir il də təxirə salmaq, yaxud təkcə Məleykəni göndərmək fikrindəyəm. Bütün bunlar əlimdə nə qədər pul olduğunu bildikdən sonra məlum olacaqdır, ona görə də xahiş edirəm, nə qədər pulum varsa göndər, əgər hələ Sarabskiyə borcluyamsa, hələlik borcumu çıxma, qoy borclu qalım, çünki pula böyük ehtiyacım var. Bu pulu aldıqdan sonra ya bir yerdə gedəcəyik, ya da burada qalacağıq; ona görə də səndən çox xahiş edirəm ki, pulu tez göndərəsən, ayın 26-da mənzil kirayəsinin vaxtı, 28-də isə təhsil vaxtı qurtarır.

Burada qalası olsam, deməli, hələlik görüşə bilməyəcəyik, ona görə də səndən xahiş edirəm ki, sentyabrdan etibarən nə etmək fikrində olduğunu mənə bildirəsən, biz bu il korluq çəkmədik, ona görə də öz işimlə arxayın məşğul ola bildim və konservatoriyaya daxil oldum; bütün bunlar üçün hər şeydən əvvəl sənə minnətdaram, mənə kömək etmək üçün sən öz dincliyini pozdun, yaxşılığından çıxa biləcəyəmmi—bunu gələcək göstərər; yayı rahat keçirməyini və yaxşı istirahət etməyini səmimi qəlbdən arzu edirəm. Sonrakı işimizə gəldikdə, bu, sənin həmin işə həvəsindən asılıdır, səndən artıq bir şey xahiş edə bilmərəm, çünki mənim üçün həddindən çox iş görmüsən, bundan sonra əgər istəsən davam etdir, əgər təngə gəlmişsənsə, lazım deyil, başqa bir yol fikirləşib taparıq. Ciddi musiqi fəaliyyətinə isə mən konservatoriyanı bitirdikdən sonra başlayarıq. Bunu da deyim ki, mən hələlik, yəni 2 il yeni bir şey yazmaq fikrində deyiləm, çünki məşğələlərin ciddiliyi və konservatoriyanın tələbləri bu cür işlərə mane olur, bundan əlavə, konservatoriyanın qaydalarına görə konservatoriyanın tələbəsi olmaq etibarilə mənim hələlik bəstəkar kimi fəaliyyət göstərmək ixtiyarım yoxdur (öz aramızda qalsın).

Səbirsizliklə cavab və pul gözləyirəm, bunları aldıqdan sonra sənə yenə də kağız yazacağam, bəlkə də gəldim, görüşdük. Badyuşa və Camula salamımızı yetir. Hamınıza və Hənəfuşa salam, Hənəfuşa kağız yazacağam.

Sənin Üzeyrin

16 may 1914-cü il, Sankt-Peterburq

P.S. Yadımdan çıxdı, səndən xahiş edəm ki, pulu teleqrafla göndərəsən, pulumuz tamam qurtarıb. Məleykə mənə axırıncı pulumuzu göstərdi.

Üzeyir

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II ҹилд.- S. 377-378.