Müəllimlərimiz və mətbuat
Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetlərdə nafe məqalələr yazmaqla oxuyanlara bir növ mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs-səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi, övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsi ilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümumi müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir. Amma müəllimlər ictimaa bu halda həmişə mümkün deyildir. Halbuki belə bir ictimai möhtac olmayıb da, mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsələlərindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər.
Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər.
Kənd müəllimlərimizin isə bu yolda vəzifələri daha artıqdır. Məlumdur ki, kəndlərimizin qismi-əzəmi cəhalət guşəsinin timsalıdır. Bu qaranlıq yerdə bir işıq varsa, o da kənd müəllimidir. hər bir kəndin hər bir cürə ehtiyacı kənd müəlliminə gözəlcə aydındır. Belə olan surətdə bu barədə dinib-danışmamağın nə mənası vardır! Necə ola bilər ki, yanında olan adamların çəkdiyi əziyyətləri, ehtiyacları görə-görə və bilə-bilə bu barədə sükut ixtiyar edəsən və danışmayasan. Halbuki, səni danışmamağa məcbur edən heç bir şey yoxdur...
Yenə də Rusiya müsəlmanları içində içəri Rusiyanın müsəlman müəllimləri bu barədə mətbuat vasitəsi ilə həm özlərinə və həm də əhaliyə bir çox mənfəətlər yetirirlər. O tərəflərin qəzetlərini açdıqda içində bir-iki nafe məqaləyə təsadüf olunur ki, müəllifləri müəllimlərdir. Amma bizim Qafqaz müəllimləri bu qədər ehtiyacatın vücudu ilə mətbuata əhəmiyyət vermirlər. Bir kəlmə, öz mühitlərinə laqeydanə bir nəzərlə baxırlar. Bu isə arzu olunan işlərdən deyildir...
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 161-162.
