Şövkət Məmmədova. Vətənpərvər insan
Onunla çarizmin irtica illərindəki ilk görüşümü xatırlayarkən Üzeyirin - öz xalqını sonsuz məhəbbətlə sevən və bütün həyatını ona həsr edən vətənpərvər insanın unudulmaz obrazı qarşısında bir daha baş əyirəm.
Mənim Üzeyirlə qəlbimdə dərin iz salmış ilk görüşüm 1912-ci ildə olmuşdur. Bakıda olduğumdan xəbər tutub o mənim taleyimdə yaxından iştirak etdi. Özünün ilk musiqi əsərlərinin müvəffəqiyyətindən ruhlanan Üzeyir, son əsərlərinin əlyazısını götürərək məni öz yaradıcılıq planları ilə tanış etdi. Bu görüş çox səmimi keçdi. Vəsait olmadığı üçün musiqi təhsilimi yarımçıq qoyduğumu eşidən kimi o dərhal təklif etdi ki, tamaşa təşkil edib toplanan pulla məni yenidən oxumağa göndərsinlər. Bu səmimi dəqiqələr uzun illər qəlbimdə kök saldı. Həssas qəlbə malik Üzeyir həyatımın ən çətin anlarında öz kömək əlini mənə uzatdı. Tale bizi bir daha Azərbaycanda Sovet hakimiyyətinin xoşbəxt illərində görüşdürdü. Bakıdakı qadınlar klubunda “Arşın mal alan”dakı Gülçöhrə rolunda ilk dəfə çıxış edən zaman yenidən Üzeyirlə görüşdüm. Burada mən ondan oyunum haqqında ilk xoş rəylər eşitdim. Onun səmimi tərifləri məni həvəsə gətirdi və gələcək fəaliyyətim üçün mənə böyük ruh verdi. Müəllimim, həssas və xeyirxah Üzeyirlə dostluğum bu andan başladı. Bu dostluq 30 il davam etdi.
Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir biz müəllimlərə də atalıq qayğısı göstərirdi.
Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu.
Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 300-301.
