Üzeyir Hacıbəyli

Ordan-burdan

Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.
Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.
Bu binəvalar gündüz axşama kimi qələm əllərində, qabaqlarında bir parça kağız gözlərini bir nöqtəyə zilləyib, başlarına gələn fikirləri əvvəlcə özləri öz senzorları əlinə verib, bir-bir keçirlər və bunların hamısını xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir ah çəkməkdən başqa heç bir çarə görmürlər!
Yazıq mühərrirlər!
Bu bədbəxt müsəlman mühərrirləri ki, bir deyil, iki, üç, dörd, beş senzorlar qabağında "passavat" eləməyə məcburdurlar!
Binəva mühərrir, qələmi ələ götürüb deyir: Qoy siyasi bir məsələdən yazım - bir qədər yazır və sonra yazdığını oxuyub, öz-özünə məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən ha!
Götürüb cırır, deyir nə eləmək, qoy, aləmi-islam dövlətlərindən yazım - yazır - bir də görür ki, xeyr, sultan, İran padşahını hamısın bir-biri ilə qatışdırıbdır ki, sən öləsən, köhnəpərəst müsəlmanlar oxusalar elə çığırarlar ki, onun səsini Peterburqda, İstambulda da və hələ desən Tehranda da eşidərlər...
Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara.
Deyir canım qoy, öz məişətimizdəncə yazım... Yazır: idareyi-ruhaniyyələrimizin pozğunluğu...
Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır:
"Arvad məsələsi" və haman saat üstündən bir qələm çəkib yazır: "Qoçubazlıq" və tez onun da üstündən bir qələm çəkib yazır: "Murdar hərəkətlərimiz" və tez onun da üstündən bir qələm cızıb dayanır və görür ki, daha öldürsən də başına özgə fikir girmir. Mühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora bura gəzişib deyir:
"Bir dəli şeytan deyir get sövdagər ol!".

                                                                                                                                         Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 352.