Hökumət bəyannaməsi və duma
İndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məçlisi-məbusanı olan Dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyi-məmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi haman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzərə heyətindən ibarətdir, ədəmi-etimadını göstərər. O surətdə vüzəra heyəti istefa verib, əvəzində digər bir heyət təşkil olunar.
Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənirdi.
Əcnəbi və Rusiya qəzetləri müxbirləri vüzəra heyətinin orasına-burasına dolanıb, məramnamənin məzmununu tez bilmək istəyirdilər və eşidib bildiklərini qəzetlərdə yazıb, bu barədə cürbəcürə xəbərlər intişar edirdilər.
Axır ki, mart ayının altısında, vüzəra heyəti məramnaməsinin bütün məzmun və məalı cümləyə məlum oldu. O gün baş vəzir Stolıpin hökumət məramnaməsini məbuslara elan etdi.
Bu məramnamədə və ya bəyannamədə hökumət ümuri-məmləkətdə nə növ iş görəcəyini və nə təriq ilə gedəcəyini bəyan edib, məçlisi-məbusanı dəxi özü üçün köməkçi çağırır.
Hökumətin haman bəyannaməsi, söz yoxdur ki, köhnə tərzi idarəni bərpa edən məramnamələr kimi olmayıb, əhali tələbatına, daha doğrusu, iqtizayi-zəmanəyə bir qədər müvafiqdir. Bu bəyannamədə deyilir ki, hökumətin, millət məclisi açmağa razı olduqda, fikri məmləkətin asayiş və islahatına səy etməkdir və bu asayiş və islahatı hökumət öz anladığı kimi təriqlər və vasitələrlə hüsulə gətirmək istəyir və bu barədə məclisi-məbusan ilə əlbir olmağı təklif edir.
Bəyannamənin özü əhəmiyyətli olduğuna görə, dumanın ahıllarının buna dair nə cavab verəcəyi dəxi bir o qədər əhəmiyyətli idi. Hamı gözləyirdi ki, duma hökumətin təklif etdiyi təriq və vasitələrə artıq məhəlgüzar olmayıb, haman dəm onu tənqidə çalışacaq. Lakin elə olmadı. Dumanın əksəriyyəti ki, "sol" tərəfindən ibarətdir, haman halda cavab verməkdən özünü gözlədi və bəyannamə qurtardıqdan sonra elə bir etinalı söz deməyib, sair işlərin müzakirəsinə keçdi və ümumiyyətcə, bu xüsusda özünü əvvəlinci dumadan da "sağraq" tutdu. İnqilabçı görünən dumanın bu hərəkəti hamını heyran qoyursa da, yenə böyük bir təsəlli verir. Çünki bunu isbat edir ki, millət məbusları öz vəzifələrini layiqincə anlayıb, bu tez zamanda dağılmaq istəmirlər və məmləkətin nicatı üçün baqi qalıb, taktika ilə dolanmaq və bu yol ilə öz məramlarını yeritmək arzusundadırlar. Görək işin axırı necə olacaqdır.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 75-76.
