Ordan-burdan: [Coğrafiyadan məlumat]
Bir zaman var idi ki, biç qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti - müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin.
Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: -Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz.
Amma... indi bu gün, o bizdən küsüb bizi məzəmmət eləyən adamlardan heç bir səs-səmir çıxmır. Görünür ki, bizdən xəcalət çəkirlər. Çünki bizə etdikləri töhmətlər geri qayıdıbdır.
İndi bu gün Türkiyədə heç bir hakimin ixtiyarı yoxdur ki, əhalidən birinə bilaməhkəmə bir çırtma vursun.
Amma İranda, Salar adında bir hökumət qulduru camaatı qoyun sürüsünə döndərib, özü də qəssab olubdur. Onu orda parçalayır, bunu burda boğazlayır. Kişi olsun, arvad olsun, uşaq olsun, hamısını qırdırır və heç kəs də buna bir söz demir. Çünki o quldur, qeyri-məsuldur, yəni heç kəsin qabağında cavabdəhəndə deyildir. Amma əgər İranda məşrutə olsaydı, Salar kimi quldurları camaat içinə buraxmazdılar.
İtaliyanın Kalabre adlı vilayətində zəlzələ oldu, minlərcə adam qırıldı. O əhvalat bütün mədəni aləmi məyus və mükəddər etdi. Zərərdidələr üçün hər yerdə ianələr yığılmağa başladı.
İranda da Salar kimi quldurlar minlərcə adamları qırdılar, qırırlar və daha qıracaqlar. Amma bu əhvalat heç kəsin qulağına girmir, halbuki italyanlar da adamdılar, iranlılar da... Hələ bundan əlavə, zəlzələnin qabağını kəsmək mümkün deyildir, amma salarların ağzına bir şapalaq vurub cilovunu çəkmək çox asandır.
Coğrafiyadan məlumat
Rusiya - bir məmləkətdir ki, orada Dövlət duması var, amma əzbərayi ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır.
Türkiyə - bir dövlətdir ki, orada dünən hökumət millətin boynuna minmişdi, sonra da millət hökumətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin.
Avstriya - bir dövlətdir ki, oranın hökuməti iki tikəni birdən udur. Amma heyif ki, boğazında qalır.
İran - cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. İçində 10-15 dənə cürbəcür padşahları var. Hər padşahın əlində 5-6 qoşun və yainki qoyun var. Əhalisi yoxdur.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 61-62.
