Nuri-didələr: Ceyhun, Zurya və Ceyçik!: [19 mart 1919-cu il]
Salam-dua bədində sizdən çox nigaran idik, lakin kağızlarınız yetişdikdən sonra arxayınlıq hasil oldı; Axır ki, kağızınızda Ceyçikin şəklini göndərmişdiniz gəldi çıxdı və çıxmaqla Ceyçikin şəkli əldən-ələ gəzib, görən öpürdü. Qərəz çox şad olduq.
Hərdənbir özünüzün və Ceyçikin şəklini çəkdirib göndərin.
Gələk bizim işlərə.
Əvvəla, hamumız, bizlər də və Zuryanın da yeni evləri də sağ və salamatdırlar. Aişə xanım həmçinin sağ və salamat olub, genə öz işindədir. Bir neçə gün əvvəl mənimlə görüşdü və kağız yazıb verəcəyini vəd etdi. Bu günlərsə bir qədər nənəmin keyfi yox idi. Başı gicəllənirdi; Əbdülxalıqı gətirdim dava yazdı, dedi qocalığdandır; davadan bəridir ki, yaxşıdır. Özü də bizdə olur, yəni biz sizdən köçdük, öz evimizdə, köhnə evimizdə oluruq. Və bir də sizdən köçərkən təsadüfi olaraq evinizdə bir telefon aparatı tapdıq. Mən bu işə çox sevindim, aparatı siz gələnə qədər rekvizit edib evimizdə telefon çəkdirdim. Cəmalgil də, sizdə olurlar. Naibə xanım və Sura dəxi sala- mətdirlər; Sura öz evlərində olur; Ziba xanımın əri gəldi, evlərində başqa adamlar da olur.
Zurya hər nə Məleykəyə yazmışdı, hamısına əməl olundu.
Qəzetəni idarə davam edirəm, ancaq iş çox olduğuna görə yoruluram. Xeyli şirift gətirdik. Bu günlərdə qəzetəni böyüdəcəyik. Qərəz hər bir şey öz yerində sazdır, lakin sizin bir qədər keyfinizi pozacaq əhval budur ki, qəzetə mədaxili işi, siz zənn edən kimi olmadı. Boylə ki, "Bakinski islov" qəzetəsindən yalnız bir kərə Şəfi bəy mənə doqquz yüz manat pul verdi, vəssalam, mən də Nəsib bəyin "İqla"dan narazılığına görə "Bakinski islov" bizim mətbəəmizdən köçdü və köçməklə də, deməli, "İqla" qəzetənin yeganə sahibi oldu. Bu xüsusda Şəfi bəy də bir tədbir görmədi, daha doğrusu, görə bilmədi. İnşaallah, sən qayıdandan sonra əhvalatı özü sənə nəql edər. Bədə bizim qəzetədən sənə hər ay məvacib çıxmaq məsələsi də baş dutmadı. Çünki səndən sonra Nəsib bəy mənimlə görüşüb dedi ki, sən müdir olduğuna görə Ceyhunun məvacibini al və Məhəmmədəmin də məvacibini alsın; diməli daha sənə xüsusi məvacib yeri qalmadı və smeta dəxi öylə də yazıldı. Lakin Məhəmmədəmin yalnız məqalə yazır, ağır iş mənim öz boynumdadır. Bu xəbərləri piş əz vəxt yazıram ki, Bakıda mədaxilinizə ümidvar olmıyasınız ki, sonra məyusluq əmələ gəlir. Hər halda bununla keyfinizi pozmayınız, sağlıq olsun, inşallah qayıdandan sonra əvvəlkindən daha artıq qazanarsınız. Təki can sağlığı olsun. Bir də ümidvaram Yevropadan o qədər material gətirərsən ki, səndən ötrü böyük bir mənbeyi-mədaxil olar. Orası da məxsusi qalmasın ki, "Bakinski islov" indi mənfəət verirsə də cüzidir. Məsələn, yüz, iki yüz çünki bu saət Bakıda igirmidən çox qəzetə çıxıyor. "Kaspi" pulsuzluq üzündən bağlandı.
Əlavə ev əhvalatından onu xəbər verirəm ki, Cəmalı evləndirmək istəyirik. Özü də Ayulduzu almaq istəyir. Bu günlərdə nişan taxılacaqdır.
Bakı həyatından şayani-diqqət olan bir şey varsa, o da tez-tez tərtib verilməkdə olan "veçer"lərdir ki, hamısı yay klubunun zalında olur. Lakin indiki veçerlər ilə keçənkilərdə təfavüt vardır. İndi içki işi azad olduğuna görə veçerlərdə hamı kefli olur. Mən də hər dəm keflənirəm.
Azərbaycan işinə gəldikdə Xan Xoyski hökuməti istefa verdi. Səbəbi "İttihadçı"lar oldu. Yeni kabinə işi Nəsib bəyə həvalə olundu. Yəni Baş vəzir oldu. Lakin hələ hökumət düzəlməyibdir. Yəqin sabah düzələcəkdir. Hər halda işimiz yaxşıdır. Könüllüləri və sairləri şəhərdən qovduq, ingilis polisasına da ehtiyac qalmadı; bu günlərdə öz qoşunumuz gəldi. Flot dəxi tərkisilah etdirildi.
Bədə nə yazım. Bizi maraqlandıran sizin əhvallarınızdır. Sən də ki, o barədə bir söz yazmırsan. Əz cümləsi bir şey yazıb göndərmişsən, lakin götürən adam yolda obskdan qorxub, cırıbdır. Deməli, əlimizə çatmadı. Qərəz arzumuz budur ki, tez işlərini qurtarıb qayıdasınız ki, tezlik ilə görüşək. Hamımız hamınızı çox-çox öpürük ba xüsusi Ceyçiki!
Heyifslənirik ki, yəqini Ceyçik qayıdandan sonra bizi tanımayacaqdır.
Zərər yoxdur sağ və salamət qayıdın, sonra tanıyar. Baqi salamat olasınız ümuməqraba və dost-aşnalardan səlam-dua!
Bəradərin Üzeyir. 19 mart 1919, Bakı
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 318-319.
