Üzeyir Hacıbəyli

Qədrşünaslıq

Bu günlərdə əlimizə düşən rus qəzetlərinin hankını açırsan, içində əlaməti-yas olmaq üzrə qara çərcivə içərisində bir ad, altında da haman ad sahibinin təzkar namını görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetləri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetləri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər.

O ad sahibi kimdir?

Ad sahibi - Vera Fyodorovna Komissarjevskayadır.

Əcəba, bu arvad nəçi idi ki, bunun vəfatını bütün qəzetlər ağlaya-ağlaya xəbər verirlər? Bəzi yerlərdə komitələr təşkil olunur ki, mütəvəfanın cənazəsi pişvazına çıxsınlar. Bəziləri onun namına ittihaf olunmaq üzrə bir məcmuə nəşr etmək istəyirlər. Mütəvəfanın qövm və əqrəbası yüzlərcə təəssüf teleqramları alırlar.

O nəçi idi?

Bu arvad artistka idi, teatrçı idi, özü də mahir və böyük bir artistka idi.

Belə bir sənətin sahibəsinə bu qədər hörmət və izzət bir çox müsəlmanlara qərib görünən əhvalatdır, zənn edirəm. Teatrçılıq haman müsəlmanların nəzərində rəzil bir sənətdir və hətta günahdır....

Əvət! İki-üç yüz il bundan irəli xristian keşişləri dəxi bu fikirdə olub, vəfat edən teatrçıları dəfn etməyi də haram bilirdilər. Amma indi elə dəyil. Bu gün teatrçılıq ən hörmətli sənətlərin biri olub sənayei-nəfisə cümləsinə giribdir. Əvvəllərdə murdar ədd olunan teatr səhnəsi indi bir ayineyi-ibrətnüma olubdur.

Teatrçı isə, o aynaya baxan adamın haman aynada görünən əks və surəti olmaqdan başqa, teatr yazıb da camaata bir fikir təqdim etmək istəyən müəlliflərin haman fikrini danışıq və hərəkat ilə mahiranə bir surətdə ifadə edir.

Zər qədrini zərgər bilər timsalına muvafiq, içlərindən mahir teatrçılar çıxmağa yol verən mütəməddin millətlər o teatrçıların qədrini bəhəqq bilirlər. Məşhur teatrçıların hamısı hər yerdə izzət və hörmət gördükləri, kimi, böyük dövlət və sərvətlər də qazanırlar. Onların içində teatrçılıqdan milyon qazananlar da vardır. Zatən biz kimin qədrini bilirik ki, teatrçılar qədrini də bilək! Avam camaatımız anlamazlıqdan, anlayanlarımız da büxl və həsəd ucundan öz adamlarının qədrini bilmək istəmirlər. Bir işdə, bir sənətdə baş qovzayanın başından vurulur, qabağına sədlər çəkilir.

Mütəməddin məmləkətlər münbit torpaqlı və gəlirli yerli bir çəməndir ki, onun üzərində əlvan çiçəklər, cürbəcür güllər bitib, gözəl mənzərələri, ətir və ənbərləri ilə tamaşa edənlərin könlünü fərəhnak, ruhunu ləzzətyab və çəmənin özünü də qiymətdar edirlər. Allahın yağışı, günün şəfəqi, torpağın yemi bu çəməndə bitmək istəyən hər bir gülü hər tərəfdən himayə edib, nəşvü nüma və təravətinə xidmət edirlər. Bizim yerlər isə elə gülləri qəbul etmir kimi bir şey bitirmir və özü-özbaşına bitmək istəyənin də üzərinə kəsif bir kölgə salmaqla nə qoyur ki, gün qızdırsın və nə qoyur ki, yağış görsün; yandırır, soldurur, məhv edir...

Lakin ümidsiz olmaq yaxşı deyildir, XX əsrdə bütün aləmə cari olmağa başlamış mədəniyyət selinin qabağını heç bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır. Bu selin muradı, dünya üzünün kəsafətini təmizləməkdir. Yavuqdur o zaman ki, haman seli-xüruşan bizim yerlərə dəxi hücumavər olub, üzərimizdə olan və bizi nəfəs almağa qoymayan kəsif daşları, qayaları yerindən oynadıb zail edər. O daşların altında yatmış olan qurdları yuyar, yerimizə, torpağımıza can verər. O halda bizim yerlərdə də güllər və çiçəklər bitib, buraları çəmənzara döndərər! Heç naümid olmamalı!

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 152-154.