Üzeyir Hacıbəyli

Halımıza dair

Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim "tısbağa addımı" ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.
Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, "ad-san" çıxartmağa bir vasitə bilir!
Dəlil islərsiniz? Buyurun, camaat yolunda tutduqlarımız işin nəticələri öz-özlüklərində şafi bir dəlildir.
Gizlətmək lazım deyildir; biz camaat işlərinə qarışıb "islahat" əmələ gətirmək istədikdə, iki məqsədin dalına düşürük, daha doğrusu, bir məqsədi, yəni ümumun xoşuna gələn məqsədi ancaq xalqa elan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədimizi təqib edirik. Çünki bu məqsədin hüsuli, əvvələn, bizim üçün şəxsi bir mənfəət qazanır və saniyən onun təriqi-üsulu da asandır.
Və bu şəxsi mənfəət, görünür ki, bizdən ötrü o qədər arzu olunacaq mərtəbə əzizdir ki, biz bunun hüsulundan ibarət olan xüsusi məqsədimizi ümumi camaatın mənafeyinə tuş olan digərpəsəndi də məqsəd içində gizlədib, "üzü bürünmədən" meydana atılmağımızı məsuliyyətli və xatəmak bir şey hesab etməyirik.
Lakin, bu "cəsarətin" axırı nə olur? Hər bir biabırçılığı ötmüş bir ürəksizlik, qorxaqlıq və lap axırda, müvəqqəti də olsa, boynu buruq qulluq. Çünki məqsədi xüsusimiz bir çox alçaq məqsədlərdən olduğuna görə, bizə heç bir ürək-dirək verməyir və bu səbəbə binaən haman atıldığımız meydanda qabağımıza çıxan birinci səd, birinci məmaniət bizim əl və ayağımızı boşaldıb yer üzərində sürünən bir qurdcuğaza döndərir ki, gəlib-gedənə yalvarır: Ey aman, məni basıb əzmə, xəta edib sənin qabağına çıxmışam!
Amma, bu gunə iş aparmaq olmaz. Bu təriq ilə camaat işinə qatışmaq yaramaz, "Ad-san" qazanmaq üçün özgə bir yol aramaq yaxşıdır. Camaatı elə dolandırmaq zarafat deyil, cürət edib, camaat işinə qatışan və ondan böyük bir cürət edib, "islahat" naminə fil boyda bir məsələni qalxızan hərif dediyinin üstündə kəmal sibat ilə durmalıdır. Dura bilməsə də heç vaxt qoyub qaça bilməz, ya ölməlidir, ya qalmalıdır.
Amma hamısından yaxşı bu cür işləri pişəzvaxt mülahiza edib ondan sonra işə girişməlidir.
Dürüst bir fikir edərək: indi nə zamandır və biz nəyik? Rusiya azadlıq hərəkatı zamanı hülul edəndən bəri ki, bütün millətlər boyunlarına keçmiş olan zəncir-əsarətin boşaldığını bilkülliyə təxliscan etmək üçün var qüvvət və zorlarını sərf edirlər, çünki onlar əsarətin yamanlığını və azadəliyin yaxşılığını gözəlcə anlayırlar. Səbəb də odur ki, onların həqiqi mücahidləri tamam otuz-əlli ildən bəridir ki, min cürə vasitələrlə öz avam fərdlərini başa salıb, həyat və məişətin yaxşı və fənatərəflərini onlara təlqin edibdirlər və ikincisindən xilas olub, birincisinə nail olmaq fərqini onlara qandırıblar. Qərəz, bu mücahidlər, məkatib və mədarisi, məclis və məhafili, xəfi və aşikar mübahisat və muzakiratı, ədəbiyyat və sənayei-nəfisəni vasitələrlə bir otuz-əlli ilin içində öz avam millətlərinə arzu olunan surətdə tərbiyə verib, indiki günlərdə azadlıq hərəkatı meydanında kəmali-məharət ilə (rol) oynamağa qanacaqlı və öz yaxşı və yamanını qanıb, anlayan bir millət hazır edibdirlər.
Amma bizim mücahidlər... öz avam millətimiz ilə bir də kəmali- qəflət ilə yatıb, ancaq indi oyanıb gözlərini ovuşdurmağa başlayıbdırlar və birinci fikir və məqsədləri də avam camaatı bir tez zamanda oyadıb başa salmaq əvəzində özlərinə "ad-san" qazanmaqdan ibarətdir. Odur ki, indi bütün Rusiya millətlərinin bu azadlıq hərəkatına həqiqi nə kamil bir vüquf və ittilaları olduğu halda ki, onların istər hərəkətindən və istərsə asar-mənzumə və qeyri-mənzumələrindən aşikardır. Bizim camaat hər bir şeyi ayaq-baş və baş-ayaq anlayır və tərsinə başa düşür.
Şair "Naim" "Fyuzat"ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə özü bilir. Ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsəvvür edib çox da məqamında söyləyir ki, həmin bu günkü gündə ki, bütün aləm hürriyyət və maarif deyə fəryad edir:
                                                                           Bizim yerlərdə hürriyyət əsarətdən ibarətdir;
                                                                           Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir.
                                                                           Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir.
                                                                           Bütün əşarımız asari-qəflətdən ibarətdir.
Biz bunu anlamaq istəməyirik ki, bu saat sairələrdən ötrü bir ümumi inqilab zamanı yetişdiyi vaxt, bizim camaat üçün iki inqilab vaxtı yetişibdir ki, onlardan biri haman Ümumirusiya inqilabıdır və digəri isə öz xüsusi inqilabımız olmalıdır, yəni:
İndiki zaman o zamandır ki, bizim camaat Ümumrusiya inqilabında iştirak etməyə məcburdur; Lakin bu Rusiya inqilabında iştirak edə bilmək üçün öz içimizdə bir xüsusi inqilab törətməyə məcburuq, çünki əsarəti hürriyyət bilə-bilə, zülməti nuri-maarif bilə-bilə, maziyə, ricəti tərəqqi bilə-bilə - Rusiya hərəkatı-azadi cuyanəsində iştirak etmək mümkün deyildir. Digər tərəfdən dəxi bu hərəkatda iştirak etməmək bizdən ötrü böyük bir təhlükəni movcib ola bilər; bizi hər bir cəhətcə aləmi-mədəniyyətdən uzaq salar və bilaxır bilkülliyə tələf olmağımıza səbəb düşər.
Bəs bizə, bizim camaatımıza xüsusi bir inqilab lazımdır. Ancaq bu inqilabdan sonra biz həqiqi bir ömür sürməyə başlarıq. Lakin bir fikir edək. Bütün amal-əfkarı quru bir "ad-san" çıxartmaqdan ibarət olan və yainki camaat işlərinə qatışmağı imrari vaxt üçün bir əyləncə, bir oyuncaq hesab edən "mücahidlər" himmətilə inqilab kimi bir əmri-əzimi layiqi surətdə icra etmək mümkündürmü?! Xeyr, bunların himmətilə - necə ki, aşikar olmaqdadır - irticanı, yəni geri qayıtmaq həvəsini artırmaq olar.
Həqiqi inqilab törətmək üçün həqiqi milli mücahidləri lazımdır. Həqiqi inqilab, nə qədər dedikcə, böyük bir əmrdir. Bu böyük əmri yeritmək üçün də böyük, yəni əmal və əfkarı uca olan adamların meydana çıxması icab edər. Dəni məqsədlərin burada "şəltəsi işləməz", onlar zəhərdən səvayi heç bir xeyir yetirə bilməzlər. Onları kənar etmək, öz məqamlarına qovmaq lazımdır.
Bizə həqiqi mücahidlərin rəhbərliyi, rəhbər olub da, bizi bu nimmürdə halımızdan digər bir huşyar bir hala salmaları lazımdır.
Lakin bizim içimizdə həqiqi rəhbərlər varmı? Bəli var, istənilsə bulunar. Biz hamımız, bilaistisna, həmişə şəxsi-qərəz və mənfəətlərimizə uyub indi də ancaq o dairədə işləməkdən çəkməyirik. Fəqət biz bir an bu dairədən qədəm kənara qoysaq və öz ümumi halımıza əhəmiyyət verib, diqqət yetirirsək, bizi təhdid edən təhlükəni müşahidə etməyə bilmərik, o surətdə, fitrətində qabiliyyətli və zəkavətli qeyrət və namuslu yaradılmış olan adamlarımız, öz vicdanlarının təhrik və təşviqilə bu təhlükəni dəf etmək üçün həqiqi mücahid namində meydana çıxıb, doğruluqla iş görməkdən özlərini çəkə bilməzlər və bu təhlükəli-ümumini dəf etmək yolunda təsadüf edən bütün məmani-ətləri, bütün sədləri basıb keçməyi özləri üçün məşəqqət deyil, ruhani bir ləzzət, vicdani bir feyz bilərlər!
Ancaq bunun birinci şərti millətimizin halına əhəmiyyət nəzərilə baxıb dərin bir fikr etmək və ondan sonra hər bir şəxsiyyəti bilmərrə kənara qoyub və hər bir alçaq niyyətlərdən bilkülliyə bəri olmaq və milləti əsil nəcat yoluna tuş etmək kimi məqsədi-ali ilə təhəyyiq olub, ürəklənmək lazımdır.

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 260-263.