"Novoye vremya" nə yazır?
"Novoye vremya" qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır:
"Bir rus qulluqçusu Zakaspiyski oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib, spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb, başlayır ora-burasına tamaşa eləməyə..."
(Yəni deyir: iranlı o qədər vəhşi idi ki, spiçka qutusu da görməmişdi).
"Qutunun üstündə Pyotr Kəbirin şəkli vardı..."
(Mən 25 ildir ki, papiros çəkib, min cürə spiçka qutusu görmüşəm. Heç birinin üstündə rus padşahı Pyotr Kəbirin şəklini görməmişəm).
"Qulluqçu şəkilin kim olduğunu iranlıya qandırdıqda, iranlı ona ehtiram etməyə başlayır, öpür və kamali-təntənə və dəbdəbə ilə spiçka qutusunu yuxarı başa qoyub deyir ki:
- Bunu iki gözüm kimi saxlayacağam".
(Bəli! Yəni iranlılar vəhşilikdən savayı bir də "çox padşahpərəstdirlər" demək istəyir).
"Mən İranda olmuşam, amma məndən ötrü çox təəccübdür, nə təhər oldu ki, iranlılar birdən inqilab başladılar?"
(Yəni deyir: Necə ola bildi ki, vəhşilikdən spiçka qutusunu öpüb gözlərinin üstünə qoyan iranlılar birdən hürriyyət və azadlıqdan dəm vurmağa başladılar? Bunlar haman iranlılar deyillərmi ki?)
"Dəmir yolunda işləyən zaman iki min nəfərlik bir türkmən dəstəsi qabağından dovşan kimi qaçırdılar?.. Bu tayfa cəmi-cümlətanı bir iyirmi ilin ərzində bu qədər dəyişə bilərmi? Buna inanmaq çətindir".
(İndi ağzımı açıb burada bir neçə söz deyərəm... sonra məni qınayarlar).
"Yox mən inanmıram İran inqilabına. Bu nə inqilabdır ki, beş yüz kazakın, rus polkovnikinin sərkrədəliyi ilə olan hücumu ilə sakit oldu..."
Cənab yazıçının daldakı sözlərindən bu çıxır ki, şah özü "təzə fikir sahibi" bir adamdır və camaat o ağılda ola bilməz və iranlılar şahla hürriyyət davası etməyib, bəlkə cəhalət davası edirlər.
Şahın təzə fikir sahibi olduğunu yazıçı cənabları yəqin kəsilmiş başlardan, cırılmış qarınlardan və asılmış bədənlərdən bilir. Doğrudan da, ölülərin qarnını cırmaq "təzə fikirdir!" Amma Stolıpin cənabları isə, bu da İran işlərində təzə cahildir, zira ki, "iranlılar" inqilab bacarmazlar, çünki bir İran kəndlisi spiçka qutusunu öpmüşdü və beş-altı hambal da türkmənlərdən qorxmuşlar". Demək, məntiq cəhətincə böyük bir cəhalətdir və Məlikül-Mütəkəlliminləri, Cahangir xanları, Təbatəbai və s. hürriyyət qurbanlarını şahdan ağılsız hesab etmək insaf cəhətincə böyük bir ağılsızlıqdır!
Hacıbəyli, Üzeyir. Azərbaycan mətbuat tarixi antologiyası.- Bakı, 2010.- I cild.- S. 356-357.
