Üzeyir Hacıbəyli

"Zənbur" jurnalı

Bizim hər bir xeyir işimizi, hər bir nəfli və tərəqqimizə xidmət edəcək təşəbbüslərimizi ibtidadan boğub puç etməklə, bir qədəm irəli, iki qədəm geri qoymağımıza başlıca səbəb aramızda olan bəzi müfsidlərin meydana mücahidəyə millətpərəstlik maskası altında qərəzi-şəxsi və mənfəəti-xüsusilərini yeritmələridir. Bir işin içində də ki, pak və xalis niyyət əvəzinə qərəzi-şəxsi hiyləsi oldu, o iş zərərdən başqa bir xeyir gətirməz.

Şəhərimizdə "Zənbur" adlı bir məzhəkənəvis jurnal nəşr olunduğu və elə bir jurnalın başında intelligent və ürəfa qismindən hesab olunan doktor Əbdülxalıq Axundov cənabları olacağını eşidib də, əvvəlcə biz sevindik ki, bəli, camaatımızın tərəqqisinə xidmət edəcək bir qələm arkadaşımız dəxi artdı. Lakin minlərcə təəssüflər olsun; "Zənbur" jurnalının məqsədi millətə xidmət deyilmiş, bəlkə bu ünvan altında gizlənib də öz qərəzi-şəxsini yeritməklə, müqəddəs qələmi ehtiramdan salmaq və mətbuatı xalq nəzərində palçıqlamaq imiş.

Haman jurnal qərəzi-şəxsi oxunu bizim qəzetin müdiri Əhmədbəy Ağayev cənablarına dəxi tuş edib, bu axırkı nömrəsində jurnalın üz səhifəsində müdirimizi nalayiq surətlərdə çəkibdir. Məzhəkənəvis jurnallar, zatən, hər bir kəsi hər bir tövrdə çəkməyə muxtarlıdırlar. Buna bir sözümüz yox, lakin bir şəxsi özgə jurnallarda çəkməyə mənafeyi-ümumi nöqteyi-nəzərincə bir bəhanə, bir səbəb lazımdır. Jurnalda o adamın şəklini çəkərlər ki, onun gördüyü işlər, tutduğu yol və məslək ümum camaatın mənafeyinə, hüququna, tərəqqisinə zidd və müxalifdir. Əcəba, Əhmədbəy nə iş görübdür və nə iş görür ki, ondan camaata zərər gəlsin? Əhmədbəyin qəbahəti nədir? (...). Əhmədbəy məsələsi dursun.

Bir qələm sahibi olub da, bütün səy və guşişimizi ona sərf edirik ki, camaat arasında qələm etibardan düşməsin, qələmin hörməti baqi qalsın. "Zənbur" jurnalı isə haman müqəddəs qələmi palçığın içinə batırıb, camaatın nəzərində bütün etibar və ehtiramını yerə soxur. Məzhəkə və rişxənd söyüş söymək və tərbiyəsiz sözlər istemal etmək deyildir. Məzhəkənəvis heç vaxt ədəb və tərbiyə dairəsindən çıxmamalıdır. Möhtərəm "Molla Nəsrəddin" jurnalı tərəqqi və təalimizə mane olan bütün qəbahətləri ən gözəl ədibanə və ləzzətli, dadlı, duzlu sözləri ilə yazmaqla bütün xalqın, hətta, ondan incik olanların dəxi məhbubəlqəlbi olubdur; çünki bu jurnal bir dənə olsun tərbiyəsiz və ədəbsiz sözü özünə rəva görmədi. Və bir də tərbiyəsizlik edib və qələm sahibinə yaraşan şeylərdən deyildir. Halbuki "Zənbur" jurnalında bir dənə də olsun məqalə çıxmayıbdır ki, ondan insan bir ləzzət anlasın, zövqü artsın. Məqalələrin hamısı dadsız, şit, insan oxuduqca əti tökülür, utanır (tüpürcək əhvalatı).

"Zənbur" jurnalı guya "Molla Nəsrəddin"ə təqlid ilə mollalara sataşmağı özünə qalxan edib, qərəzi-şəxsisi olanlara pis-pis, ədəbsiz sözlər yazır.

Bütün Quba camaatının cəhalət və zillətinə səbəb olan hacı Babaları kənarda qoyub, Bakının tərəqqipərvər mollalarına nalayiq bir surətdə sataşıb, onları itə, donuza təşbih etmək, heyvan demək kimi tərbiyəsiz və ədəbsizliyi rəva görür. Bütün qələm sahiblərinin borcu millətin tərəqqisinə mane olan mollaları - zəmm və qədh etməklə, ədalət və mənafeyi-millət naminə olmaq üzrə, tərəqqiyə çalışan mollaları dəxi müraat və müdafiə etməkdir, onların arzusunu gözləməkdir.

Söyüş söymək ilə nə xalqı güldürmək olar, nə də mənfəət vermək, bəlkə nifrət qazanmaq olar.

Hacıbəyli, Üzeyir. Azərbaycan mətbuat tarixi antologiyası.- Bakı, 2010.- I cild.- S. 340-341.