Ordan-burdan
Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, "millət irəli gedibdir", ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, - yenə axırda baxıb görürsən ki:
Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd - əbcəd!
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 43.
