Üzeyir Hacıbəyli

İanə təqsimi

Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.
İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz erməni- müsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Statistikasız da cümləyə məlumdur ki, Qafqazda müsəlman zərərdidələrinin ədədi erməni zərərdidələrinkindən artıq olduğu kimi, müsəlmanlara dəyən zərərin miqdarı da erməni zərər və xəsarətindən də çoxdur.
Buna binaən, xəzinədən buraxılmış olan haman bir milyon 200 min manatı Qafqaz müsəlman və erməni zərərdidələri arasında yarı bölmək insaf və ədalətdən kənar olan kimi, (yurudika) hüquq cəhətincə də düz ola bilməz. Söz yoxdur ki, bu pulu zərərdidələr arasında elə təqsim etmək lazımdır ki, hər bir zərərdidə və xəsarətzədə bir- birilərinə nisbətən kifayət qədərincə pul almış olsunlar və illa bir tərəfdən 10 nəfər zərərdidə ilə digər tərəfdən 5 nəfər zərərdidələr və yaxud min manatlıq zərərə uğramış ilə 100 manat qədərində zərər çəkənə bir gözlə baxmaq olmaz. Zərərdidələrin əvəzinə və zərərlərin miqdarına görə də pul təqsim etmək lazımdır.
Lakin iş buradadır ki, ermənilərin hər bir cürə cəmiyyət və orqanizasiyaları olduğuna görə bunlar öz erməni zərərdidələrinin qeydinə qalıb, əlbəttə, hər bir qəpiyədək zərərləri müsbət surətdə ortaya çıxardıb, əvəz pulunu da tələb edəcəklər.
Amma bədbəxt müsəlman zərərdidələri heç bir cəmiyyət və ya ittifaq filan sarıdan özlərinə bu barədə heç bir imdad gözləyə bilməzlər. Çünki bizlərdə elə orqanizasiya yoxdur və olmağına da hökumət xeyr, müsəlmanlar özləri razı olmurlar. Çünki bu cürə cəmiyyətlər, ittifaqlar mənfəəti-şəxsiyyəyə zərərdir.
Binaənəleyh zərərdidələrin ədədini və zərərlərin miqdarını təyin edib, bilmək işini vagüzar edəcəklər polis adamlarının boynuna. İş belə olan surətdə, vay əlsiz-ayaqsız, kimsəsiz müsəlman zərərdidələrinin halına.
Hamıya məlumdur ki, biz müsəlmanların məişət və diriliyi - məhz bir cəmiyyət və orqanizasiyamız olmadığına görə - qayda və nizam üzrə getmir.
Xaricilərə və özgələrə nisbətən biz öz-özlüyümüzdə yazıq, biçarə, pərişan bir tayfayıq. Amma öz aramızda biz, biz müsəlmanlar, iki tərəf adamlardan ibarətik ki, bunun bir tərəfi güclü və digər tərəfi isə gücsüz və zəifdir. Bizim ömür və məişətimiz dəxi bundan ibarətdir ki, güclü gücsüzə zor edib, onun hər bir hüquq və mənafeyinə əl uzadıb və zorlu olduğuna görə də zəifin hüquq və mənafeyinə malik olub, kefi kök dolandığı halda, hüquq və mənafeyi əlindən getmiş zəif də sudan məhrum olub, quruya atılmış balıq kimi, can verib tələf olur.
Sair tayfaların həyat və məişəti bu ümdə şərt ilə mürur edir ki, hər bir şəxsin hüquq və mənafeyi müqəddəsdir və bu şərti pozanları lazımlı bir cəzaya çatdırmaq üçün müntəzəm cəmiyyətlər və orqanizasiyalar mövcuddur. Amma bizdə o müqəddəs şərt olmayan kimi, o şərti yerinə yetirməyə bizi məcbur edən bir qüvvətimiz də yoxdur.
İştə, bu nöqteyi-nəzərdən bizim hər bir işlərimizə baxılsa məlum olar ki, bizim zərərdidə və xəsarətzədələrimiz arasında da güclü və gücsüzlər olduğuna görə pul təqsimi polisiyaya vagizar olunduğu halda, min cürə sui-istemala vaqe olub, kimsəsiz və dilsiz, ağızsız zərərdidələrimizin ümidi puça çıxacaqdır. Onlar öz zərərlərinin yüzdən bir əvəzini də ala bilməyəcəklər - desəm heç kəs məni məzəmmət eləməsin, sonra peşman olar.
İndi mən dediyim, iştə budur: Qafqaz zərərdidələrinin xəsarət və zərərlərini ödəyəcək qədər pul buraxılıbdır. Burası çox gözəl, çox yaxşı. Lakin bu pulu zərərdidələr arasında paylamaq işi bizi bir qədər əndişələrə salır.
Əlbəttə, əgər müsəlmanların öz zərərdidələrinin ədədini və zərərlərinin miqdarını müsbət surətdə meydana qoya biləcəklərinə və kifayət qədərincə də pul alıb, onu öz zərərdidələri arasında insaf və ədalətlə təqsim edəcəklərinə bir ümid işığı olsaydı, bizim də heç bir əndişəmiz olmazdı. Amma...
Lakin nə "amma" - bunların hamısı bizim öz şüurumuzdan, öz hərəkətimizdən asılı deyilmi?

                                                                                                                                             Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 343-344.